BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”

08/10/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024/2025-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024/2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlardan 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

Yüksək etimada layiq görülən tələbələrimiz öz təəssüratlarını bölüşüblər:

Hüquq fakültəsinin I kurs tələbəsi Sevil Gülməliyeva:

BDU-nun Hüquq fakültəsinin ingilis bölməsinə 684,1 balla qəbul olmuşam. Məhz bu yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən biriyəm. Prezident təqaüdü tələbələrə daha çox oxumaq və peşəkar kadr olmaq üçün stimul verir. Hər ixtisas qrupu üzrə seçilmiş 25 nəfərin arasında olmaq isə qürurvericidir. Zəhmətimin qarşılığını ala bildiyim üçün çox sevindim. Prezident təqaüdü mənim üçün daha böyük məsuliyyət yaradır və təhsil yolumda yeni zirvələrə çatmaq üçün ilham verir. Hədəflərim arasında yalnız şəxsi karyera qurmaq deyil, eyni zamanda ölkəmizə əhəmiyyətli töhfələr vermək dayanır. Bu, mənimlə yanaşı, valideynlərim və müəllimlərimin də uğurudur. Çalışacağam ki, ali təhsil müddəti boyunca Prezident təqaüdünü qoruyub saxlayım. Qəbul imtahanına hazırlaşan abituriyentlərə demək istərdim ki, nə olursa olsun, heç vaxt xəyal və arzularından əl çəkməsinlər. Uğurun formulu çox sadədir: zəhmət, inam və səbr.

Hüquq fakültəsinin I kurs tələbəsi Semral Bababəyli:

Mənim devizim hər zaman "məqsədin uğrunda mübarizə aparmalısan" olub. Bu amal uğrunda DİM-in keçirdiyi buraxılış və blok imtahanlarında 683,2 bal toplayaraq, BDU-nun Hüquq fakültəsinə daxil olmuşam. Prezident təqaüdünə layiq görülmək tələbələrin öz zəhmətlərinin qarşılığını ala bilmələri baxımından çox önəmlidir. Bu, tələbələrə maddi cəhətdən də böyük dəstəkdir. Lakin Prezident təqaüdünün mənəvi anlamı daha çoxdur. Dövlət başçımızın, ailəmin və müəllimlərimin göstərdiyi dəstəyi unutmaram. Ölkəmizin ən nüfuzlu universitetinin ən nüfuzlu fakültəsində təhsil alan Prezident təqaüdçüsü olduğum üçün çox xoşbəxtəm. Məqsədim Vətənimizə layiqli hüquqşünas olmaqdır.

Hüquq fakültəsinin I kurs tələbəsi Nurlan Hüseynov:

Prezident təqaüdünə layiq görülmək mənim üçün çox qürurvericidir. Bu, həyatımda dərin iz buraxan bir dönüş nöqtəsidir.Çəkdiyim əziyyətlərin qiymətləndirilməsi gələcək hədəfləriməçatmaq üçün əzmkarlığımı artırır. Bu təqaüd akademik fəaliyyətimlə yanaşı, şəxsi inkişafıma da kömək edəcək. Valideynlərim və müəllimlərimin göstərdiyi dəstək, inam olmasaydı, bu uğuru qazanmaq mümkün olmazdı. Gələcəkdə daha böyük layihələrə qatılmaq, yeni tədqiqatlar aparmaq və öz sahəmdə mütəxəssis kimi tanınmaq ən böyük arzularımdan biridir.

Hüquq fakültəsinin I kurs tələbəsi Aysel Səlimova:

Prezident təqaüdünə layiq görüldüyüm üçün böyük sevinc hissi keçirirəm. Bu uğur yalnız mənim üçün deyil, hər zaman dəstək olan valideynlərimvə müəllimlərim üçün  qürur mənbəyidir. Onlara dərin təşəkkürümü bildirirəm. Onların inamı və dəstəyi olmasaydı, bu nailiyyətə çatmaq mümkün olmazdı. Bu mükafat mənə dərslərimə daha diqqətlə və həvəslə yanaşmağıma ilham verəcək. Hər gün daha çox çalışaraq, bu təqaüdün dəyərini sübut etməyə çalışacağam. Prezident təqaüdü gələcək uğurlarım üçün böyük motivasiya olacaq. Mükəmməl hüquqşünas olmaq və ölkəmə xidmət etmək arzusundayam. BDU-nun Prezident təqaüdünə layiq görülmüş digər tələbələrini də təbrik edir, uğurlarımızın davamlı olmasını arzulayıram.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024