BDU-nun professoru Akif Rüstəmov: "Nəsir İmanquliyev əsl tələbə adamı idi"- Müsahibə

22/12/2020

 

"O həmişə tələbələrinə övladi kimi münasibət göstərirdi"

Dekabrın 22-də görkəmli pedaqoq,  uzun illər Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru olmuş mərhum jurnalist Nəsir İmanquliyevin doğum günüdür. "Bakı"-"Baku" qəzetlərinin yaradıcısı olmuş, uzun illər bu qəzetlərə rəhbərlik etmiş Nəsir İmanquliyev onu tanıyanların xatirində qayğıkeş, uzaqgörən insan, müdrik alim və bacarıqlı müəllim kimi qalıb.  Həmsöhbətimiz, Nəsir müəllimlə Bakı Dövlət Universitetində uzun illər bir kafedrada çalışmış, vaxtilə Jurnalistika fakültəsinin dekanı olmuş Akif Rüstəmovla söhbətimizdə mərhum pedaqoqu xatırladıq.
- Akif müəllim, bildiyimiz kimi, Nəsir İmanquliyev bu gün respublikanın ayrı-ayrı kütləvi informasiya vasitələrində çalışanların əksəriyyətinə, o cümlədən, sizə dərs deyib. Onu necə xatırlayırsız?

- İnsanlar dünyasını dəyişəndən sonra, tədricən unudulur. İnsan da var ki, həmişə hamının qəlbində yaşayır. Belələri xeyirxah əməllərinə, qayğıkeşliyinə, həssaslığına görə başqalarından seçilir. Nəsir müəllim ucaboy, həmişə səliqəli geyimi ilə seçilən, üzündən nur yağan müəllim idi. Birinci kursda tələbələrinə "Jurnalistikaya giriş" fənnindən mühazirə oxuyar, jurnalistikanın sirlərini öyrədərdi. Böyük həyat yolu keçmiş, mətbuatımızın siması olan Nəsir müəllim öz təcrübəsindən danışar, jurnalistikanın cəmiyyətdəki rolunu tələbələrə aşılayırdı. İstərdim Azərbaycan mətbuatının digər cəfakeşi, mətbuat tarixinin yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun Nəsir müəllim haqqında dediyi bir fikri yada salam. O deyir ki, əgər bu gün universitetin Jurnalistika fakültəsində işgüzar armosfer, tələbkarlıq və düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz Nəsir İmanquliyev olub. Bəli, yaradıcı ömür yolu keçmiş Nəsir müəllim yaddaşımda belə qalıb.
Auditoriyanı ələ almaq hər adama nəsib olmur. Nəsir müəllim oxuduğu mühazirələrlə tələbələri özünə cəlb edə bilirdi. Çünki mühazirələri elmi-nəzəri cəhətdən zəngin idi, həm də onun "Bakı" - "Baku" qəzetlərindəki təcrübəsi mühazirələrin  maraqlı olmasına zəmin yaradırdı. Nəsir İmanquliyev əsl tələbə adamı idi. O, tələbələrin yazılarını redaktoru olduğu qəzetdə  dərc edər, onlara yüksək qonorar yazardı. Beləliklə də onları mətbuata bağlayardı. Tələbələrlə fərdi məşğul olmağı xoşlayardı. Onları redaksiyaya  dəvət edər, tapşırıqlar verər, bir sözlə, tələbələri redaksiyanın "mətbəxi" ilə tanış edərdi.

Bir dəfə məni redaksiyaya dəvət etmişdi. Onda mən fakültəni yenicə bitirib, mərhum Nurəddin Babayevin köməyi ilə kafedrada laborant işləməyə qalmışdım. Qısa söhbətdən sonra dedi ki, səni işə götürmək istəyirəm, necə baxırsan? Düzü, bu xeyirxah təklif məni çaşdırdı, bilmədim nə deyəm. Bir anlıq tərəddüddən sonra eyni kafedrada işləyəcəyimizi dedim. Elə o vaxtdan - 1969-cu ildən taleyimi Jurnalistikanın nəzəriyyəsi  və təcrübəsi kafedrasına bağladım. Hazırda Cahangir Məmmədlinin rəhbərlik etdiyi həmin kafedranın girişində Nəsir müəllimin barelyefi, otaqda isə portreti asılıb.
Kafedrada işə başlayandan sonra Nəsir müəllimlə əlaqəm daha ardıcıl oldu. İş elə gətirdi ki, onun tədris etdiyi "Jurnalistikaya giriş" fənnindən məşgələləri aparmağı mənə tapşırdılar. Kömək məqsədi ilə məni Nizami küçəsindəki mənzilinə çağırar, lazımi ədəbiyyatla təmin edərdi. Nəsir müəllimgildə çox olmuşam. O mənzildə duz-çörək kəsmişəm. Bu yaxınlıq onu mənə daha yaxşı tanıtdı.
Yeri gəlmişkən, bir hadisəni yada salmaq istərdim. Nəsir müəllim jurnalistikanın funksiya və prinsiplərindən mühazirə oxuyurdu. H.Zərdabidən, C.Məmmədquluzadədən misallar gətirirdi. "Burjua mətbuatı kapitalistin pul kisəsindən asılıdır" - deyəndə, tələbələrdən biri yerdən dilləndi ki, o nə deyən şeydir?. Nəsir müəllim çox təmkinlə suala aydınlıq gətirdi və bildirdi ki, burjua cəmiyyətində mətbuat pullu insanların maliyyə dəstəyi ilə çıxır. Bir neçə ölkədən nümunələrə də müraciət etdi.
Nəsir müəllimin tələbələrə övladı kimi münasibət göstərirdi. Mən dəfələrlə onun şahidi olmuşam. Birinci kursda "Jurnalistikaya giriş" fənnindən imtahan idi. Mən də assent idim. Bir anlığa bayıra çıxmışdım. Xəbər gəldi ki, Nəsir müəllim çağırır. Getdim. Qarşısında arıq bir tələbə oturmuşdu. Dedi ki, bu tələbəyə "əla" qiymət yazmaq istəyirəm, imkan vermir, deyir "yaxşı" yaz. Mən tələbənin qiymət kitabçasına baxdım, əvvəlki qiymətləri də "əla" idi. Soruşdum niyə razı deyilsən, Tələbə "mən "əla"ya danışmadım, "yaxşı"mı yazın gedim" dedi. Onu bayıra çıxardım. Nəsir müəllim sözünün üstündə durdu, qiymət kitabçasına "əla" yazdı. Və dedi ki, bu tələbənin analitik təfəkkürü var, cavabları məntiqlidir, hadisələrə qiymət verməyi bacarır. Yadda saxla, gələcəkdə pozulmasa yaxşı jurnalist ola bilər. Nəsir müəllim yanılmamışdı, indi həmin o cılız, arıq tələbə jurnalistika sahəsində tanınan peşə sahibidir.

- Kim idi o tələbə, adını bilmək olarmı?
- Adını çəksəm, reklam olar. İstedadlar onun gözündən yayınmazdı. Dərs dediyi, ümid verdiyi tələbələri "Bakı" qəzetinə işə cəlb edər, onların uğurlarına sevinərdi. Vaxtilə "Bakı" qəzetinə işə götürdüyü Famil Mehdi sonralar Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri olur. Yaxşı yadımdadır, kafedranın iş planına əsasən Nəsir müəllimin açıq dərsi olmalıydı. Onda Famil müəllim onun dərsində oturmağı özünə rəva bilmədi. Dedi ki, hamıya dərs deyən, qəzetin nəzəri və praktik məsələlərini bizə öyrədən müəllimin açıq dərsində oturmuq ayıbdır.
Bu gün Nəsir müəllimin dərs dediyi tələbələr kütləvi informasiya vasitələrində uğurla çalışırlar. Hamı onu həlim bir insan kimi tanıyır. Yeri gələndə tərs üzü də vardı. Heç yadımdan çıxmaz. Ona imtahanda tələbə tapşıranda əsəbləşər "nəyə cavab versə, o qiyməti də alacaq" - deyərdi. Xoş niyyətli bu insan tələbəni incitməzdi.
- Akif müəllim, Nəsir müəllimin yüz illiyi ilə bağlı  "Kaspi" qəzetində dərc olunmuş yazıda Sizin haqqınızda da fikirlər yer alıb. Görünür Nəsir müəllimlə yaxın olmusuz.
- Aramızdakı yaş fərqinə baxmayaraq çox yaxın olmuşuq. Dekan olduğumdan həmişə səhər tezdən dərslərin başlanmasına 10-15 dəqiqə qalmış fakültəyə gəlirdim. Nəsir müəllim də birinici saata gələrdi, heç vaxt gecikməzdi. Oturub söhbətləşərdik. Mövzular müxtəlif idi. Ölkədəki ictimai-siyasi vəziyyət, mətbuatın durumu, qəzetlərdə etik normaların gözlənməməsi və s. Görünür bu söhbətlər bizi daha da yaxınlaşdırmışdı. Bir gün gördüm fakültəyə məndən də tez gəlib. Özü də çox kefsiz idi. Onu heç vaxt belə görməmişdim. Qızı Aida xanımın xəstəliyi onu sarsıtmışdı. Kövrəldi, gözləri doldu. Ürək-dirək verdim. İlk dəfə idi ki, dərsi mənə tapşırıb getdi. Axşam zəng vurub qızının vəziyyəti ilə maraqlandım. Aida xanımın itkisi ilə heç cür barışa bilmirdi, elə bu da ola bilsin ustad müəllimin dünyasını dəyişməsinə səbəb oldu.
Nəsir müəllim bir arada xəstələnmişdi, xeyli müddət dərsə gələsi olmadı. Razı olmadım xəstəlik kağızı gətirsin, dərsləri özüm deyəsi oldum, maaşını da vaxtlı-vaxtında alıb bir tələbədən göndərirdim. Vaxt tapıb ara-bir özüm də gedib baş çəkirdim. Sağalıb ayağı qalxandan sonra mənə dedi ki, sən məni lap xəcalətli elədin.
Bu mənim ustad müəllimə böyük hörmətim, sayğım idi. Ayrı cür də ola bilməzdi. İtalyan filosofu Paulo Ruffini əsl müəllim haqqında deyir ki, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. Nəsir müəllim də ömrünün sonunadək öz yetirmələrinə işıq bəxş elədi.
- Bir daha "Kaspi" qəzetindəki yazıya qayıtmaq istəyirəm. Universitetin o vaxtkı rəhbərliyi iki nəfərin - Nəsir müəllimin və Seyfulla müəllimin işdən azad olması barədə təqdimat yazmağı sizdən tələb edib. Bu məsələyə bir qədər aydınlıq gətirin...
- Mən indiyədək bu barədə mətbuatda çıxış etməmişəm. 2009-cu ilin dekabrında mənim 70 yaşım olanda "Azərbaycan" qəzetində Mahmud müəllimin yazısı gedib. Həmin yazıda bu hadisəyə ətraflı yer verilib. Yenidən o günləri xatırlamağa ehtiyac görmürəm.

- Amma hər halda özünüzdən eşitmək yaxşı olardı...
- Danış deyirsən danışım. Keçən əsrin 90-cı ilin əvvəlləri idi. Fakültəyə yeni dekan seçilmişdim. Ölkədə vəziyyət çox gərgin idi. Demək olar ki, hər gün olmasa da, həftədə 3-4 dəfə rektorluğun iclası keçirilirdi. İclasın birində o vaxtkı rektor məni ayağa qaldırıb ağsaqqal müəllimlərimiz - Nəsir İmanquliyevlə, Seyfulla Əliyevin işdən azad olunması barədə təqdimat yazmağı tapşırdı. Və dedi növbəti iclasa təqdimatla gəlim. Rektor onların hər ikisinin yaşlı olmasını əsas gətirirdi. Düzü, onun gözlənilməz təklifi məni çıxılmaz vəziyyətdə qoydu. Bircə, çəkinə-çəkinə onu dedim ki, universitetdə onlardan da yaşlıları var. İclas qurtardı, kor-peşiman fakültəyə deyil, evə getdim. Səhərə kimi yata bilmədim. Növbəti iclas başlayan kimi rektorun işarəsi ilə ayağa qalxdım. Təqdimatı soruşdu. Dedim Nəsir müəllim də, Seyfulla müəllim də mənim müəllimlərimdir. Belə bir təqdimat yazmaq mənimcün ağırdır. Əsəbi halda "Get yaz, gətir" deyib əli ilə qapını göstərdi. Öz otağıma gəldim. Bir Allah bilir nələr çəkirdim. Rektorun adına ərizə yazdım, yazdım ki, xahiş edirəm məni tutduğum dekan vəzifəsindən azad edəsiz. Əlimdə ərizə yenidən geri qayıtdım. İçəri daxil olub onu rektora təqdim etdim və dedim ki, dekan vəzifəsindən getməyim barədə ərizədir. Ərizəni almadı, dedi iclasdan sonra gələrsən yanıma. Getmədim. Axşam həm Nəsir müəllim, həm də Seyfulla müəllim mənə zəng vurdu. Görünür kimlərsə onlara məlumat vermişdi. Bircə onu dedim ki, narahat olmayın.
Səhəri gün rektor məni çağırdı. Kabinetində əvvəl çox mehriban söhbətimiz oldu. Sonra mənim inadkarlığımı görüb soruşdu: "Niyə yazmırsan, nədən çəkinirsən, belə məsləhətdir". Dilim dinc durmadı, soruşdum ki, məsləhəti kim  verib. Sanki rektoru od götürdü. Elə bil əvvəlki adam deyildi: "Bircə o qalıb ki, rektor dekana hesabat versin, get, sənə bir həftə vaxt verirəm, yaxşı-yaxşı fikirləş" - deyib ayağa qalxdı, qapıya tərəf gəldi. Bu o demək idi ki, otağı tərk elə. Beləcə bir neçə dəfə məni çağırdı və istədiyi təqdimatı ala bilmədi. Aramızda sərinlik yarandı, çalışırdım gözünə az görünəm.
Hadisənin gedişindən xəbərdar olan Nəsir müəllim, indi olmasın, məni qucaqlayıb dedi ki, özün yaxşı bilirsən, bütün bunlar mənim başımdadır, çalış Seyfulla müəllim qalsın, mən getsəm də olar, onsuz da iki qəzetin redaktoruyam, sən yeni seçilmisən, qal işlə.
Təvazökarlıqdan bir qədər uzaq da olsa, deyim ki, mən sadəcə, öz vicdanlıq borcumu yerinə yetirdim. Hər ikisinin getməsinə imkan vermədim. Mənə elə gəlir ki, müəllimə hörmət qoyan hər bir kəs belə edərdi. O günləri xatırlayanda deyirəm nə yaxşı bəzi insanların sözünə qulaq asmadım. Yoxsa indi müəllim həmkarlarımın, məni tanıyanların üzünə necə baxardım?
İndi Nəsir müəllim də, Seyfulla müəllim də haqq dünyasındadır. Allah hər ikisinə rəhmət eləsin.

- Akif müəllim, jurnalist tələbələrin peşəyə olan marağını bilmək istərdik. Fakültənin müəllimi kimi qəzetlərimizin bugünü ilə bağlı nə düşünürsününz?
- İndiki tələbələrin az bir qismi peşəyə maraq göstərir. Onun kökünü qəbul imtahanlarında axtarmaq lazımdır. Çünki qəbul olunanların əksəriyyəti digər ixtisasları seçib testin sayəsində bizim fakültəyə düşüblər. Əvvəllər 1976-1991-ci illərdə fakültəyə qəbulda qabiliyyət imtahanı keçirilirdi. O da müsbət nəticəsini verirdi. Onun bərpası üçün dəfələrlə müraciət etməyimizə baxmayaraq xeyri olmayıb. Bəziləri elə bilir ki, fakültə qəbul imtahanlarına müdaxilə etmək fikrindədir. Fakültə kollektivinin iştirakı olmadan qabiliyyət imtahanlarını kim istəyir keçirsin. İstər kütləvi informasiya vasitələrinin əməkdaşları, istərsə də Mətbuat Şurasının üzvləri. Bizim üçün fərqi yoxdur, təki peşəyə marağı olanlar gəlsin.
Bu ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində çıxış edən jurnalist, millət vəkili Aqil Abbas bu məsələni qaldırdı. Ölkə başçısı onun fikrini müsbət qarşıladı və bildirdi ki, gələcək jurnalistlərin peşəkarlığı, bacarığı təkcə testlə ölçülə bilməz.
Sualın ikinci hissəsinə gəldikdə, arzu edərdim ki, qəzetlər yeni ildə maliyyə çətinliklərindən xilas olsun, reklam bazarı, satış məsələsi qaydaya düşsün. Yeri gəlmişkən, vaxtilə dediyim bir arzunu da xatırlatmaq istərdim. Yaxşı olardı ki, Jurnalistika fakültəsində Nəsir müəllimin adına təqaüd təsis edilsin, auditoriyalardan birinə onun adı verilsin.

 

https://525.az/?name=xeber&news

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024