BDU-nun professoru Abuzər Xələfov - BAKI DÖVLƏT UNİVERSİTETİ 100 (2-ci hissə)

21/10/2019

1970-ci ildə universitetin ikinci tədris binasının istifadəyə verilməsi, yeni tədris avadanlığı ilə təmin edilməsi tədris prosesinin yeni elmi əsaslar üzərində təşkilinə, texniki vasitələrlə təmin edilməsinə səbəb oldu. 1978-ci ildə universitetdə texniki təlim vasitələri üzrə şura yaradıldı. Tədris kinosu, televiziya laboratoriyası, 15 ixtisaslaşdırlmış laboratoriyalar fəaliyyətə başladı. Universitetin hesablama mərkəzi digər ali məktəblər üçün də əsas bazaya çevrildi və müasir hesablayıcı maşınlarla təmin olundu.

Universitetin maddi-texniki bazasının möhkəmlənməsi, tədris vasitələri ilə davamlı olaraq təmin edilməsi, tələbə qəbulunu artırmağa şərait yaratmışdı.

Universitetə qəbul planının ilbəil artırılması, tələbələrin sayının çoxalmasına ciddi təsir göstərərdi. Əgər 1970-1971-ci dərs ilində universitetin gündüz, axşam, qiyabi şöbələrində 11466 tələbə təhsil alırdısa onların sayı 1975-1976 tədris ilində 12965 nəfərə çatmışdı. Universitetdə tələbələrin sayının artması  professor-müəllim heyətinin miqdarca çoxalmasını, kadr korpusunun mühkəmlənməsini, stabilləşməsini, kefiyyətcə yüksəlməsini tələb edirdi.

Universitetin tarixində mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev mərhələsinin ən mühüm, böyük əhəmiyyət kəsb edən problemlərdən biri də milli kadrların yetişdirilməsi, bütün təhsil və elmi müəssilərin yüksək elmi səviyyəli milli kadrlarla təmin edilməsi, ittifaq və beynəlxalq areniya çıxa biləcək, yeni elmi fikirlər, ideya və nəzəriyyələr irəli sürə biləcək, ölkə elminə, təhsilinə, mədəniyyətinə, iqtisadiyatına kömək edə biləcək, yeni elmi təkliflər verə biləcək milli kadrların yetişdirilməsi olmuşdur. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən Azərbaycanda qəbul edilən dövlət və partiya qərarlarında milli kadrların hazırlanması əsas vəzifə kimi özünə geniş yer almış, bütün partiya və dövlət işçilərinin qarşısında duran əsas vəzifə hesab edilmişdir. Ulu Öndərin o dövrdəki çıxışlarında, məruzələrində milli kadrların hazırlanması və milli şüurun formalaşması haqqında fikirlər qırmızı xətlə keçir.

Məhz Ulu Öndərin irəli sürdüyü bu nəzəri fikirləri və ideyaları dönüş dövrün əsas əlaməti kimi milli dirçəlişin tədricən formalaşmasının əsas bünövrəsini təşkil etmişdir.

Bu ideyalar və nəzəri müddəalar Bakı Dövlət Universitetinin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə həyata keçrilməsi olduqca möhkəm elmi bazaya malik kadr korpusu, görkəmli alimlər dəstəsi yetirmiş, universitetin professor-müəllim kollektivinin tərkibi kefiyyətcə dərinləşmiş, ideyaca sağlamlaşmışdı.

universitetin tarixinə Heydər Əliyev mərhələsi kimi daxil olan son on ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sayəsində universitetin kadr korpusunun yaradılması, daha da möhkəmləndirilib təkminləşməsi sahəsində bir neçə onilliklərə bərabər olan nailiyyətlər əldə edilmişdir.

Kadr potensialının möhkəmlənməsi keyfiyyət baxımından daha da təkmilləşməsi, tədris prosesinin keyfiyyətcə yüksəlməsinə olduqca müsbət təsir göstərmiş, universitet elminin inkişafına, elmi-tədqiqat bölmələrinin möhkəmlənməsinə zəmin yaratmışdı.

1970-1980-ci illərdə universitetdə ilk dəfə olaraq, 1973-cü ildə tədrisin keyfiyyətini yüksəltmək üçün dünyanın qabaqcıl ölkələrində tətbiq edilən tədrisin texniki vəsaitlərindən istifadəni tətbiq etmək üçün şura yaradıldı.

Bu şuraya 11 nəfər görkəmli professor və müəllim daxil edilmişdi.

Bu şura az bir müddət içərisində ixtisaslaşmış auditoriyaların təşkili, onların texniki vasitələrlə təmini, filmotekaların ayrı-ayrı fakültələrdə linqafon kabinetlərinin və tədris-televiziya laboratoriyalarının təşkil edilməsində, tədris filmlərinin fondunun yaradılmasında, tədris prosesinin texniki vasitələrlə təmin edilməsində xeyli iş görməyə müvəffəq olmuşdu. 1970-ci ildə artıq 15 ixtisaslaşdırlmış auditoriyalar fəaliyyət göstərirdi. Universitetdə yaradılmış hesablama mərkəzinin tədrisin təşkli prosesinə cəlb edilməsi yeni iş metodlarının tətbiqini kömək etməsi prosesi xeyli canlanmışdı.

Universitetdə tədris prosesinin dünya standartları səviyyəsinə yüksəlməsi sayəsində  görülməsi təxirə salınmaz işin bilavasitə universitetin maddi-texniki bazasının yüksəlməsindən çox asılı idi.

Məhz buna görədir ki, universiteti daimi olaraq öz diqqətində saxlayan Heydər Əliyev 1970-ci illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun maliyyələşdirilməsinə, yeni binalarla, tədris avadanlığı ilə təmin edilməsinə, yeni ixtisaslar, fakültələr, elmi laborotoriyalar açılamasına zəmin yaradırdı.

1970-1980-ci illərdə təxmini statistik rəqəmlərə görə universitetin maliyyələşdirilməsi 1960-cı illərə nisbətən 2-3 dəfə artmışdır. Maliyyələşmənin davamlı olaraq artması Universitetin inkişaf istiqamətlərinə müvafiq yeni tədris korpuslarının, auditoriyaların, tədris avadanlıqlarının artmasına, kefiyyətcə daha da təkmilləşməsinə şərait yaratmış, universitetin dünya standartlarına yüksəlməsi üçün zəmin yaratmışdı.

1970-1980-ci illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi onun inkişafı üçün böyük prepektivlər açmış, yeni fakültələrin açılmasını, yeni ixtisaslar yaradılmasını ön plana çəkmişdi.

Son on ildə Universitetdə baş vermiş inkişaf prosesini izləmək üçün 1979-cu ildə Universitetin fakültələri haqqında cədvəli nəzərdən keçirək.

1970-ci illərdə Universitetdə 1960-cı illərə nisbətən fakültələrinin sayı 10-dan 12-yə, kafedraların sayı təxminən 1,5, müəllimlərin sayı 2 dəfəyə qədər, elmlər doktorluğunun və elmlər namizədlərinin sayı 2 dəfədən çox artmışdır. Məhz Universitetin inkişafında 1970-ci illər Heydər Əliyev mərhələsinin ilk addımları kimi olduqca böyük əhəmiyyət kəsb etməklə Universitetin inkişafının təməl daşı olmuşdur.

1970-ci illər Universitet elminin inkişafında yeni elmi laborotoriyaların, elmi-tədqiqat mərkəzlərinin yaranmasında yeni elmi istiqamətlərin inkişafında xüsusi mərhələdə təşkil edir. Məhz bu mərhələdə elmi kadrların yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, elmi kadrların tərkibi kefiyyətcə zənginləşmişdir. On il müddətində 24 yeni kafedra açılmış, professor müəllim heyətinin miqdarı 953 nəfərə çatmışdı.

Ulu Öndər Heydər Əliyevin respublikada rəhbərliyinin birinci onilliyində  respublikamızın həyatında böyük tərəqqi və inkişaf baş verdi, Azərbaycan iqtisadiyyatı böyük yüksəliş dövrünə qədəm qoydu, respublikada 60-cı illərdə baş vermiş iqtisadi, siyasi böhran, dövlət quruculuğunda baş verən hərc-mərclik sürətlə aradan qaldırıldı, Azərbaycan öz inkişafına görə SSRİ respublikaları içərisində öncül mövqe qazanmağa müvəffəq oldu.

Məhz bu illərdə Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər əldə edildi. Əldə edilmiş bu nəaliyyətlər içərisində Bakı Dövlət Universitetinin uğurları xüsusi qeyd edilməlidr.

Bakı Dövlət Universitetinin 1970-1980-ci illərdə əldə etmiş olduğu bütün nəaliyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə, mədəniyyət və incəsənətinə böyük qayğısı bu uğurların rəhnidir.

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, maarifinin inkişafına böyük töhfələr verən, Azərbaycanın ilk elm və təhsil məbədgahı olan Bakı Dövlət Universiteti öz 60 illiyinə böyük töhfələrlə gəlmişdi. 1980-ci ildə 12 fakültə 88 kafedra, aspirantura 4 problem laboratoriyası, 2 muzey, elmi-tədqiqat hesablama mərkəzi, ixtisas artırma fakültəsi, hazırlıq şöbəsi, tələbə şəhərciyi, elmi-tədqiqat bölməsi, nəşriyyat, mətbəə, qəbul olmaq istəyənlər üçün hazırlıq kursu, 2 milyona yaxın kitab fondu olan, respublikamızın elmi ictimaiyyətinə xidmət edən zəngin elmi kitabxanası fəaliyyət göstərirdi. 1970-1980-ci illərdə universitetdə əldə edilən ən böyük uğur kimi onun maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni tədris və elmi laboratoriyalarla, tədris avadanlığı, tədrisin texniki vasitələri ilə təchiz edilməsini qeyd etmək yerinə düşərdi.

1977-1978-ci tədris ilində yeni binada Universitetinin ikinci tədris korpusu istifadəyə verildi. Artıq Universitet 3 tədris korpusuna malik olduğu binalardan ikisi Patris Lumumba küçəsində, üçüncüsü isə Kommunist küçəsində indiki istiqlaliyyət küçəsində yerləşirdi. Universitetin bina imkanlarının genişlənməsi onun tədris və elmi fəaliyyətinə olduqca müsbət təsir göstərməklə onun perspektiv imkanlarının daha da genişlənməsinə şərait yaradırdı.

1979-cu ildən BDU-da tədris kinosu və televiziyası fəaliyyətə başladı, 15 ixtisaslaşdırılmış audtoriya yaradıldı. 1970-ci illərdə Universitetin formalaşmaqda olan hesablama mərkəzi digər ali məktəblər üçün proqramlar hazırlamaq üçün əsas bazaya çevrildi. Təhsil Nazirliyi 1977-ci ildə universitetin Hesablama Mərkəzini respublika ali məktəblərinin “Elmi-Tədqiqat Hesablama Mərkəzi”nə çevirdi. Mərkəzin işini daha da təkmilləşdirmək məqsədi ilə 1980-cı ildə mərkəz müasir hesablayıcı maşınlarla təmin edildi.

Universitetdə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini vermişdi. Son on ildə Universitetdə 16 min yüksək ixtisaslı mütəxəssis hazırlanıb istehsalata göndərilmişdi.

Tələbə qəbulu davamlı olaraq artırdı. 1978-1979-cu tədris ilində universitetdə 13425 tələbə təhsil alırdı. Artıq universitetdə xarici tələbələr də təhsil almağa başlamışdılar. 1979-cu ildə Universitetin 273 xarici tələbəsi var idi. Son on ildə Universitet professor-müəllim kollektivinin sayı təxminən 2 dəfəyə qədər artmışdı. 1979-cu ildə universitet kollektivinin 2384 üzvü var idi ki,  bunların 953 nəfərini professor müəllimlər təşkil edirdi, elmlər doktorlarının və elmlər namizədlərinin sayı müəllimlərin böyük əksəriyyətini təşkil edirdi.

Universitetin aspirantura şöbəsinin işində böyük canlanma baş vermişdi. Universitet respublikanın digər ali məktəbləri və elmi müəssisələri üçün də aspirantlar hazırlayırdı.

1979-1980-ci dərs ilində Universitetdə 177 nəfər aspirant təhsil alırdı ki, bunlardan da 48 nəfəri əyani, 98 nəfəri qiyabiçilər idi. 31 nəfəri isə xarici ölkələrdən gələn aspirantlar idi.

1970-1979-cu illərdə Universitetin aspirantura şöbəsinin fəaliyyətinin daha dərindən təhlil etmək üçün aşağıdakı cədvələ diqqət yetirək.

1979-1980-cı illərdə Bakı Dövlət Universitetinin yüksək ixtisaslı alim kadrların hazırlanması sahəsində ki fəaliyyət universitetlə yanaşı olaraq bütövlükdə Azərbayccan elminə böyük töhfə vermiş gənc kadrların yetişdirlməsinin əsas mərkəzinə çevrilmişdir. Əgər 1970-ci ildə kitabxananın fondunda 1.264.633 nüsxə kitab var idisə 1978-ci ildə onların miqdarı 1.679.970 nüsxəyə, oxucularının sayı isə 15.730 nəfərdən 16.971 nəfərə çatmışdı. Kitab verlişi isə müvafiq olaraq 1.247.529 nəfərdən 1.327.796 nəfərə çatmışdı.

Kitabxana fondunun zənginliyi, nadirliyi oxuculara xidmətin təşkili oxucuların sorğularını ödənilməsi ali məktəb elminin inkişafına xidmətin kefiyyəti baxımından respublika elmi kitabxanaları içərisində 2-ci yerdə möhkəm qərarlaşmışdı.

Məhz buna görədir ki, 1971-ci ildə kitabxanaya Azərbaycan ali məktəb kitabxanalarının metodik mərkəzi, 1974-cü ildə isə elmi kitabxana statusu verilmişdi.

1979-cu ildə Bakı Dövlət Universitetinin 60 illik yubileyi tamam oldu. Ulu Öndərin bilavasitə rəhbərliyi, böyük işgüzarlığı, iradəsi və müdrik rəhbərliyi sayəsində başa çatdırılan bu on il öz məzmunu ilə zəngin olmuşdur. Bu onillik respublikamızda iqtisadiyat, siyasət, dövlət quruculuğu, idarəçiliklə yanaşı olaraq elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük və yadda qalan, tarixin yaddaşına qızıl sətirlərlə həkk edilən dərin islahatlar illəri oldu.

Məhz bu illərdə Azərbaycan Respublikası özünün bütün göstəricilərinə görə SSRİ respublikaları içərisində öncül, çiçəklənən respublika kimi məhşurlaşdı. 60-cı illərdə respublikada baş verən iqtisadi, siyasi və ideoloji sahədə baş verən böhran sürətlə aradan qaldırıldı.

Ölkədə durğunluq əvəzinə dönüş və dirçəliş baş verdi. Respublika dövlət planlarının yerinə yetirilməsi ölkənin iqtisadi inkişafını təmin etdi. İqtisadi inkişafla yanaşı ölkədə elm, təhsil, mədəniyyət, incəsənət və digər ideoloji və humanitar sahədə də böyük dönüş və dirçəliş baş verdi, milli ideologiyanın yaranması, formalaşması milli özünü dərgin, milli mənliyin dərc edilməsi prosesinin tədrici inkişafı üçün zəmin yarandı.

Ölkədə baş verən bu prosesin gedişində Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi, qayğısı sayəsində Bakı Dövlət Universitetinin çoxminli kollektivi də ali məktəb təhsilinin, elminin inkişafına böyük töhfələr vermiş, özünün 60 illik yubileyinə böyük müvəffəqiyyətlə gəlmişdi. Universitetin 70-80-ci illərdə əldə etdiyi böyük nailiyyətlər ali təhsilin, ali məktəb elminin fundamentinə qoyulan elə müvəffəqiyyətlər idi ki, bu nailliyyətlər bir neçə on illik ali təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirən yeni islahatların aparılamamasına daha da dərinləşməsinə zəmin yarada bilərdi.

1970-1980-ci illərdə universitetin inkişafına böyük qayğı ilə yanaşan Azərbaycan dövləti ilk növbədə Universitetin hərtərəfli inkişafının amili, fundamental əsası olan maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun yüksək kateqoriya ilə maliyyələşdirilməsinə, yeni tədris avadanlığı ilə tədrisin texniki vasitələri ilə təmin edilməsinə Universitet kollektivinin: professor-müəllim heyətinin və tələbə kollektivinin maddi vəziyyəti üçün böyük tədbirlər həyata keçirildi.

60-cı illərlə müqayisədə təxmini hesablamalara görə universitetin maliyyələşdirilməsi 3-4 dəfədən çox artırılmışdı. Universitetin ikinci tədris binası  istifadəyə verilmiş, universiteti fizika-riyaziyyat, tətbiqi-riyaziyyat, fizika, kimya, biologiya, gioloji-coğrafiya, tarix, filologiya, hüquq və kitabxanaçılıq fakültələri yeni tədris binasına köçürüldü.

Beləliklə, universitet 1970-ci illərin axırında geniş və zəngin auditoriya fondu olan üç tədris binasında yerləşmişdi.

Bu binalardan ikisi Patris Lumumba küçəsində, biri isə İstiqlal (o dövrkü Kommunist) küçəsində fəaliyyət göstərirdi. Şərqşünaslıq və Jurnalistika fakültəsi öz işini İstiqlal (Kommunist) küçəsində davam etdirirdi.

Həmçinin universitet tələbələri üçün tələbə şəhərciyinin tikintisinə başlanmış 1970-ci illərin axırında üç yataxana binası tikilib tələbələrin istifadəsinə verilmişdi.

Universitetin maddi-texniki bazasının möhkəmlənməsi, yeni, müasir kefiyyətli tədris avadanlığı, tədrisin texniki vasitələri ilə təmin edilməsi, onun keçmiş Sovetlər Birliyi Universitetləri içərisində öncül mövqeyə çıxarmış, yüksək təhsil və elmi göstəriciləri olan, böyük elmi potensial və çoxminli tələbə kontingenti olan bir universitetə çevirmişdi.

1979-cu ildə universitetin tərkibində 12 fakültə (Mexanika-riyaziyyat, Tətbiqi-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geoloji-coğrafiya, Filologiya, Tarix, Hüquq, Şərqşünaslıq, Kitabxanaçılıq, Jurnalistika)  88 kafedra, 4 problem labarotoriyası, aspirantura, iki muzey, zəngin və nadir kitab fondu olan elmi kitabxana, elmi-tədqiqat hesablama mərkəzi, ixtisas artırma fakültəsi, elmi-tədqiqat bölməsi, nəşriyyat, tipoqrafiya, hazırlıq kursları və tələbə şəhərciyi daxil idi.

1970-ci illərdə universitetə tələbə qəbulu ilbəil artırdı. 1979-cu ildə universitet tələbələrinin sayı 13425 nəfər tələbə təhsil alırdı. Bunlardan 6325 nəfəri əyani şöbədə 3092 nəfəri axşam şöbəsində, 4008 nəfəri qiyabi şöbədə təhsil alırdı. Əyani şöbəsinin tələbələrinin 273 nəfəri xarici tələbələr idi. Bu da 60-cı illərdəki tələbələrin sayından 3 minə qədər çox idi.

1970-ci illərdə universiteti 16 mindən artıq yüksək ixtisaslı  mütəxəssis bitirib  istehsalata işə göndərilmişdi.

1970-ci illərdə tələbə kontingentinin artması, müəllim kadrlara tələbatın çoxalması, elmi-tədqiqat bölməsinin daha da genişlənməsi ilə əlaqədar olaraq Universitetin professor-müəlllimlərinin miqdarı əhəmiyyətli dərəcədə artmış, keyfiyyət tərkibi yüksəlmişdi. Universitetdə 2384 nəfər işçi çalışırdı ki, bunların da 953 nəfəri professor müəllimlər idi.

Professor – müəllim kollektivinin tərkibində böyük kefiyyət dəyişikliyi baş vermişdir.

Əgər 1969-cu ildə Universitetdə 64 kafedra var idisə onların sayı 1979-cu ildə 88-ə yüksəlmişdi. Universitet 18 ixtisas, 64 ixtisaslaşma üzrə kadr hazırlayırdı. Olduqca yeni ixtisaslar: Elektron fizikası, astranomiya, geodeziya, Sovet quruculuğu, beynəlxalq hüquq, neft kimyası, biofizika, türkşünaslıq və sairə ixtisaslar üzrə kadr hazırlayırdı.

Universitetin aspiranturasında 177 nəfər təhsil alırdı. Bunlardan 31 nəfər xarici aspirantlar idi. On il müddətində 70 nəfər doktorluq, 175 nəfər namizədlik disertasiyaları müdafiə etmişlər. Bakı Dövlət Universitetində çox güclü alimlər nəsli yetişmişdi. Bunlar respublikanın elmi həyatında yaxından iştirak edir öz elmi nailiyyətləri ilə ittifaq miqyasında tanınmış Azərbaycan elminin korifeyləri akademiklər: M.Rəsulov, Ə.Hüseynov, M.Ç.Qasımov, B.M.Əsgərov, M.Dadaşzadə, H.Araslı, B.Vəhabzadə, A.Axundov, V.Məmmədəliyev, A.Aslanov, V.M.Babazadə, F.Qasımzadə, F.Bağırzadə, R.Əliyeva, N.Səfərov, AMEA-nın müxbir üzvləri: M.Ə.Cavadov, V.Ə.Əmənzurov, Q.T.Əhmədov, U.C.Məmmədov, A. Ə. Babayev, A.İ.Muxtarov, S. A. Hacıyev, F. M. Həşimzadə, Q.M.Sultanov, Z. İ.İbrahimov, A. Zamanov, V.P.Qəhrəmanov, M.P.Məlikova, M. Tağıyev görkəmli professorlardan: C.Z.Xəndan, M.C.Paşayev, Ə.Soltanlı, M.Hüseynzadə, F.Zeynalov, Ə.Abdullayev, H.Bədəlov, M.Axundov, M.Xələfov, A.Xələfov və b. kimi onlarla görkəmli şəxsiyyətlər fəaliyyət göstərirdilər.

70-ci illərdə universitetin professor-müəllim kollektivinin elmi potensialının daha da yüksəlməsi, kefiyyətcə təkmilləşməsi və dərinləşməsi universitetdə xalq təsərüffatının müxtəlif sahələri üçün yüksək ixtisaslı peşəkar kadrlar hazırlamaqla bərabər ali məktəb elminin daha da inkişafı, böyük elmi, nəzəri və praktiki elmi tədqiqat işlərinin aparılması üçün olduqca əlverişli şərait yaratmışdı. Məhz 70-ci illərdə Bakı Dövlət Universitetində elmi-tədqiqat işi şaxələnmiş, yeni elmi istiqamətlər üzrə ciddi tədqiqatlara başlanmışdı.

Abuzər Xələfov

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BDU-nun fəxri professoru, BMT yanında İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor

Azad Azərbaycan qəzeti

 

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024