BDU-nun Qazax filialında Bilik Günü qeyd olunub

16/09/2019

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müəllim-tələbə kollektivi və valideynlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Sonra filialın binasında aparılmış yenidənqurma işləri və tələbələrə yaradılmış şəraitlə tanış olublar.

Dövlət Himni səsləndikdən sonra BDU Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Bildirib ki, yeni tədris ilində filialda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarında olacaqdır. A.Rüstəmov qeyd edib ki, 2019-2020-ci tədris ilində yeni bir ixtisas da əlavə olunmaqla filialda 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə isə qiyabi şöbəyə qəbul aparılıb. Filiala respublikamızın 58 rayonu üzrə 552 tələbə qəbul olunub. Bu tədris ilində filialda 1529 tələbə  təhsil alacaqdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, valideyn və müəllimləri təbrik edib, birinci kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” söyləyən ulu öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulayıb və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə təhsil siyasətini uğurla davam etdirərək təhsilin inkişafına böyük önəm verirlər.

İcra başçısı qeyd edib ki, filialda 1 nəfər akademik, 3 nəfər professor, 20 nəfər elmlər namizədi olmaqla 95 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Bildirib ki, peşəkar müəllim-professor heyətinin olması,  filialda yaradılan yüksək şərait onu deməyə əsas verir ki, siz tələbələr gələcəkdə tam formalaşmış bir kadr kimi cəmiyyət üçün yararlı vətəndaş olacaqsınız.

Filialın müəllimi Ülviyyə Bayramova çıxış edərək tələbələrə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb. Valideyn Elmira Bayramova təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq övladının filialı seçməsinə səbəb burada peşəkar müəllim-professor heyətinin və keyfiyyətli təhsilin olmasını bildirib.

Riyaziyyat və informatika müəllimliyi ixtisasının 558 bal toplamış I kurs tələbəsi Nailə Osmanova bu filialı seçməklə düzgün addım atdığını, burada ali təhsil almaq üçün hər cür şəraitin olduğunu bildirib.

Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri və cicək dəstələri verilib.

 

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi
04/11/2024

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”
04/11/2024

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib
04/11/2024