BDU-nun rektoru Daşkənddə keçirilən Beynəlxalq Akademik Forumda iştirak edir
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 1-ci Beynəlxalq İsrail-Özbəkistan Akademik Forumu çərçivəsində 3-cü STEM^2 (Science, Societi, Technology, Tourism, Engineering, Education, Mathematics and Medicine) və "21-ci əsrdə ali təhsilin rolu və yeri" adlı elmi konfranslarda iştirak edir.
Konfransda İsrail və Özbəkistanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Finlandiyadan nüfuzlu alim və mütəxəssislər təmsil olunur. Forumun keçirilməsində məqsəd beynəlxalq akademik əməkdaşlığın müxtəlif aspektlərini, akademik qurumların 5 illik hədəflərini və son elmi nailiyyətləri müzakirə etməkdir.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və Universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında konfrans iştirakçılarına məlumat verib. Rektor BDU-nun strateji tərəfdaşları olan İsrail və Özbəkistan universitetləri ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. Son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığı, ikili diplom proqramına dair müqavilələr imzalayır.
Konfrans çərçivəsində BDU-nun rektoru Daşkənd Milli Universiteti və Riyaziyyat İnstitutunda olub, Daşkənd şəhərində yeni salınmış Heydər Əliyev meydanında inşa olunmuş Memorial kompleksi ziyarət edib.
Qeyd edək ki, 2022-ci il 5-11 sentyabr tarixlərində keçirilən Forum öz işinə Buxara və Səmərqənd şəhərlərində davam edəcək.