BDU-nun Rus Mərkəzi və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin birgə tədbiri

18/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzinin və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu il Azərbaycan xalqı müstəqil dövlətimizin memarı, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Əliyevin anadan olmasının 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında elm və təhsil, mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq münasibətləri var. Bu münasibətlərin inkişafında ali təhsil müəssisələri xüsusi rola malikdir. BDU-nun elm, təhsil sahəsində böyük potensialı olduğunu vurğulayan rektor qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəfə fayda verəcəyinə inamını ifadə edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycanın ən böyük və qədim universiteti olan BDU-da olmaqdan məmnunluğunu bildirib. Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş böyük şəxsiyyətdir. O, Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin böyük rola malik olduğunu bildirib.

Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin isə çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çoxsaylı bəlalardan xilas edən, ölkənin müstəqilliyini qoruyan və möhkəmləndirən böyük siyasətçi və vətəndaşdır: “Əgər Ümummilli Lider Heydər Əliyev olmasaydı, Azərbaycanın vəziyyəti necə olardı? Ölkə böyük təhlükə qarşısında idi, onu bu xaosdan Ulu Öndər çıxardı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu siyasətin uğurunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Ölkədə yaşayan bütün xalqlar həmişə Azərbaycanı öz vətənləri hesab ediblər. Multikulturalizm Azərbaycan xalqının ən böyük keyfiyyətidir”.

Elm və Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi və təbliğinə həmişə böyük ehtiyac var. Samir Həmidov Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində sülh, sabitlik siyasəti yürütdüyünü, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışdığını qeyd edib. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti artıq sülhü əldə edib: “MDB ölkələrinin çoxunda münaqişə ocaqları var, onlardan bəziləri aktiv, bəziləri passiv fazadadır. Azərbaycan yeganə dövlətdir ki, münaqişəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edib”.

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov, "Rusiya (Sovet) Ali Məktəb Məzunlarının Azərbaycan Assosiasiyası” İctimai Birliyinin sədri Üzeyir Əliyev, BDU-nun professoru, tarix elmləri doktoru Azad Rzayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyəti, həyata keçirdiyi layihələr, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024