BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

03/07/2026

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq yeddi ixtisaslaşma - “Elm fəlsəfəsi”, “Tətbiqi psixologiya”, “Türk xalqlarının fəlsəfi fikir tarixi”, “Etikanın nəzəriyyəsi və tarixi”, “Klinik sosial iş”, “Əhalinin müxtəlif qrupları ilə sosial iş”, “Təlim və tədrisin təşkili və planlaşdırılması” üzrə qəbul həyata keçiriləcək.

“Elm fəlsəfəsi” ixtisaslaşması çərçivəsində tələbələr elmi nəzəriyyələrin quruluşu, əsaslandırılma üsulları və metodoloji prinsiplərini, elmi biliklərin tarixi inkişafını, müxtəlif fəlsəfi yanaşmaları və elmin sosial-mədəni kontekstini öyrənəcək, tənqidi və analitik düşünmə, elmi arqumentlərin qiymətləndirilməsi və konseptual təhlil üzrə kompetensiyalara yiyələnəcəklər. Məzunlar əldə etdikləri bilikləri ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında və analitik mərkəzlərdə tətbiq edə bilərlər. Bununla yanaşı, onlar elmi siyasətin formalaşdırılması, ekspertiza fəaliyyəti və müxtəlif sahələrdə konseptual təhlil işlərində iştirak edərək cəmiyyətin intellektual inkişafına töhfə verəcəklər.

“Tətbiqi psixologiya” ixtisaslaşması çərçivəsində tələbələr insan davranışının təhsil, əmək fəaliyyəti, sağlamlıq və sosial münasibətlər kontekstində öyrənilməsi üzrə nəzəri və praktik biliklər əldə edəcəklər. Onlar psixoloji diaqnostika aparmaq, davranış və emosional vəziyyətləri təhlil etmək, fərdi və qrup problemlərini müəyyənləşdirmək bacarıqlarına yiyələnəcək, bu istiqamətdə psixoloji məsləhətvermə, davranışın korreksiyası və inkişaf proqramlarının hazırlanması üzrə praktiki kompetensiyalar qazanacaq, kommunikasiya, müşahidə, analitik düşünmə və etik davranış bacarıqlarını inkişaf etdirəcəklər. Məzunlar əldə etdikləri bilikləri təhsil müəssisələri, psixoloji mərkəzlər, insan resursları sahəsi və səhiyyə sistemində tətbiq edə bilərlər. Bununla yanaşı, onlar konsaltinq xidmətləri və sosial layihələrdə fəaliyyət göstərərək fərdlərin və kollektivlərin psixoloji rifahının artırılmasına töhfə verəcəklər.

“Türk xalqlarının fəlsəfi fikir tarixi” ixtisaslaşması çərçivəsində tələbələr Türk dünyasının zəngin intellektual irsini, fəlsəfi düşüncə tarixinin inkişaf mərhələlərini və bu sahənin əsas nümayəndələrinin ideya istiqamətlərini sistemli şəkildə öyrənəcək, müqayisəli fəlsəfi təhlil və tənqidi yanaşma üzrə bacarıqlar əldə edəcəklər. İxtisaslaşma çərçivəsində mədəniyyətlərarası əlaqələrin fəlsəfi əsasları və ideyaların tarixi inkişaf dinamikası da öyrəniləcək. Məzunlar əldə etdikləri bilikləri ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzlərində tətbiq edə bilərlər. Bununla yanaşı, onlar analitik, ekspert və maarifləndirici fəaliyyət sahələrində çalışaraq Türk dünyasının fəlsəfi irsinin qorunmasına və inkişafına töhfə verə bilərlər.

“Etikanın nəzəriyyəsi və tarixi” ixtisaslaşmasında tələbələr insan davranışının mənəvi əsaslarını, etik nəzəriyyələrin formalaşma prinsiplərini və tarixi inkişaf mərhələlərini dərindən öyrənəcək, mənəvi dilemmlərin təhlili, etik qərarvermə mexanizmlərinin qiymətləndirilməsi və normativ yanaşmaların tətbiqi üzrə bacarıqlar əldə edəcək, klassik və müasir etik konsepsiyaların müqayisəli şəkildə analizi, etik prinsiplərin praktik situasiyalarda tətbiqi və sosial məsuliyyət çərçivəsində qərarvermə kompetensiyalarına yiyələnəcəklər. Bu ixtisaslaşmanı bitirən şəxslər əldə etdikləri bilikləri təhsil müəssisələrində, elmi-tədqiqat sahəsində və müxtəlif təşkilatlarda tətbiq edə bilərlər. Bununla yanaşı, onlar ekspert, məsləhətçi və analitik kimi fəaliyyət göstərərək cəmiyyətdə etik dəyərlərin formalaşmasına və inkişafına töhfə verə bilərlər.

“Təlim və tədrisin təşkili və planlaşdırılması” ixtisaslaşması müasir təhsil sistemində effektiv və nəticəyönümlü tədris prosesinin qurulması, planlaşdırılması və idarə olunması üzrə nəzəri-praktik biliklərin öyrədilməsini hədəfləyir. İxtisaslaşma çərçivəsində tələbələr kurikulumların hazırlanması, təlim strategiyalarının seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi və tədris fəaliyyətinin monitorinqi üzrə bacarıqlar qazanacaqlar. Məzunlar əldə etdikləri bilikləri ümumtəhsil və ali təhsil müəssisələrində, təlim mərkəzlərində və təhsil layihələrində tətbiq edə bilərlər. Həmçinin onlar kurikulum dizaynı, pedaqoji innovasiyaların tətbiqi və təhsil siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərərək təhsil sisteminin inkişafına töhfə verə bilərlər.

“Klinik sosial iş” ixtisaslaşması sosial və psixoloji çətinliklərlə qarşılaşan fərdlərə, ailələrə və müxtəlif sosial qruplara peşəkar dəstəyin göstərilməsi istiqamətində mütəxəssis hazırlığını nəzərdə tutur. Bu istiqamətdə tələbələr insanın sosial funksionallığına təsir edən psixoloji, emosional və davranış problemlərinin müəyyənləşdirilməsi, onların diaqnostik qiymətləndirilməsi və uyğun müdaxilə strategiyalarının hazırlanması üzrə biliklər qazanacaqlar. Təhsil prosesi çərçivəsində travma, stres, ailədaxili konfliktlər, sosial adaptasiya çətinlikləri və böhran vəziyyətlərinin idarə olunması ilə bağlı elmi yanaşmalar və praktik metodlar mənimsəniləcək. Tələbələr sosial dəstək proqramlarının hazırlanması, preventiv tədbirlərin planlaşdırılması və mürəkkəb sosial halların idarə olunması üzrə peşəkar kompetensiyalar formalaşdıracaqlar. Müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsal texnologiyaların və süni intellekt əsaslı həllərin sosial xidmət sistemində tətbiqi imkanları da bu ixtisaslaşmanın tərkib hissəsini təşkil edir. Məzunlar gələcək fəaliyyətlərini sosial xidmət müəssisələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlarda, DOST Agentliyi, Ədliyyə Nazirliyinin Probasiya Xidməti və digər aidiyyəti sosial institutlarda davam etdirə bilərlər.

“Əhalinin müxtəlif qrupları ilə sosial iş” ixtisaslaşması sosial müdafiəyə ehtiyacı olan müxtəlif əhali kateqoriyaları ilə işləyən, onların sosial problemlərinin həllinə yardım edən peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edir. Bu ixtisaslaşma çərçivəsində tələbələr sosial həssas qrupların mövcud vəziyyətinin təhlili, ehtiyaclarının müəyyənləşdirilməsi və fərqli sosial risk faktorlarının qiymətləndirilməsi üzrə nəzəri biliklərə yiyələnəcəklər. Tədris prosesində müxtəlif sosial təbəqələrə uyğun müdaxilə proqramlarının hazırlanması, sosial iş texnologiyalarının tətbiqi və fərdlərin cəmiyyətə inteqrasiya prosesinin idarə olunması ilə bağlı praktik bacarıqlar formalaşdırılacaq. Tələbələr sosial siyasətin həyata keçirilməsi, sosial dəstək mexanizmlərinin qurulması və spesifik hədəf qrupları ilə effektiv peşəkar kommunikasiya üzrə kompetensiyalar əldə edəcəklər. İxtisaslaşma sosial iş sahəsində universal yanaşmalarla yanaşı, müxtəlif əhali qruplarının xüsusiyyətlərinə uyğun fərqləndirilmiş müdaxilə modellərinin tətbiqini də əhatə edir. Məzunlar qazandıqları bilik və bacarıqları sosial xidmət təşkilatlarında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumlarında, DOST Agentliyi və sosial müdafiə sektorunun digər istiqamətlərində tətbiq edə bilərlər.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026