BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun bakalavr və magistratura səviyyələri üzrə müəllimlik ixtisaslarının son kurs tələbələri, eləcə də son üç ilin məzunları üçün nəzərdə tutulmuş “Gələcəyin müəllimləri” təqaüd proqramına həsr olunmuş infosessiya keçirilib. İnfosessiyanın keçirilməsində məqsəd tələbələri XXI əsrdə müəllimlik peşəsinin rolu, qlobal əmək bazarında bu peşəyə artan tələbat, beynəlxalq məktəblərin fəaliyyət prinsipləri, eləcə də “LANDAU Academy” vasitəsilə beynəlxalq kurikulumlar üzrə peşəkar müəllim hazırlığı imkanları barədə məlumatlandırmaq olub.
“LANDAU Academy”nin rəhbəri Ləman Bayramlı, qrup rəhbəri Aynur Allahverdiyeva tərəfindən keçirilən infosessiya zamanı “Gələcəyin müəllimləri” təqaüd proqramının məzmunu, strukturu və üstünlükləri barədə təqdimat edilib. Qeyd olunub ki, “LANDAU Academy” beynəlxalq standartlara uyğun müəllim hazırlığını təmin edən, praktiki məşğələləri, demo dərsləri və portfolio əsaslı qiymətləndirmə mexanizmlərini özündə birləşdirən kompleks ixtisaslaşma proqramı həyata keçirir. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq məktəblərdə mövcud vakansiyalara müraciət zamanı rəqabət üstünlüyü əldə edirlər. Bu təşəbbüs gələcək müəllimlərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, onların real məktəb mühiti ilə tanış olmasına və əmək bazarında hazır kadr kimi formalaşmasına xidmət edir. Proqram çərçivəsində iştirakçılar üçün təqaüd imkanları yaradılır və mərhələli seçim prosesi tətbiq olunur.
Təqdimat zamanı müasir müəllimin yalnız bilik ötürən deyil, eyni zamanda öyrənmə prosesini planlaşdıran, rəqəmsal texnologiyalardan səmərəli istifadə edən, tədqiqat yönümlü fəaliyyət göstərən, psixoloji dəstək və motivasiya təmin edən peşəkar mütəxəssis olduğu vurğulanıb. Beynəlxalq məktəblərdə tətbiq olunan kurikulumlar, qiymətləndirmə mexanizmləri, müəllimlər üçün nəzərdə tutulmuş peşəkar inkişaf imkanları və iş şəraiti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələr beynəlxalq müəllimlik karyerası istiqamətində mövcud imkanlardan yararlanmağa dəvət olunublar.




