Bir daha Türk Şurası Media Forumunun əhəmiyyəti barədə

27/10/2021

XXI əsr informasiya və texnologiya əsridir. Və XXI əsrdə müharibələr informasiya və texnologiyalarla aparılır. Məhz bu səbəbdəndir ki, “informasiya müharibəsi”, “informasiya ilə manipulyasiya”, “informasiya ekologiyası” anlayışları günümüzün reallıqlarıdır və ya Türkiyə Cümhuriyyətinin İletişim Başqanı hörmətli Fəxrəddin Altunun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin 22-24 oktyabr tarixlərində İstanbulda keçirilən Türk Şurasının Media Forumunun açılış mərasimində etdikləri çıxışlarında vurğuladıqları “dijital faşizm” kimi yeni qavramlarla da üz-üzə qalmaqdayıq. Bu kimi problemlər media və kommunikasiya sahəsində bizi daha çevik olmağa, bu sahədə bizə qarşı edilən həmlələrə adekvat reaksiya verməyə məcbur edir, eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi...

Bu gün Azərbaycan və Türkiyə arasında artıq sınaqdan çıxmış və hətta praktik işlək mexanizmə çevrilməkdə olan media əməkdaşlığı - “Türkiyə-Azərbaycan media platforması” mövcuddur. Lakin məsələyə, getdikcə ciddi siyasi birliyə çevrilən Türk Şurası çərçivəsində baxdığımızda görüləcək işlərin hələ çox olduğu da aydın görünür. Çünki informasiya əsrində, savaşların informasiya ilə aparıldığı zamanda informasiya məkanımızın təhlükəsizliyi və toxunulmazlığı ən vacib prioritetlərdəndir.

Məhz bu mənada 22-24 oktyabr tarixlərində İstanbulda keçirilən Türk Şurasının Media Forumunu birmənalı şəkildə son dərəcə ciddi strateji əhəmiyyətə malik tədbir kimi qiymətləndirmək lazımdır. Bu forumun əsas xüsusiyyətini ciddi praktik əhəmiyyətə malik olması kimi xarakterizə etmək olar.

İlk növbədə onu vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyəti kifayət qədər peşəkar və işgüzar insanlardan təşkil edilmişdi. Bəlkə də o səbəbdəndir ki, forumun istər sessiyalarında, istərsə də praktik panellərində ən aktiv və məhsuldar iştirakı ilə seçilən heyət ölkəmizin nümayəndələri oldu. Rəsmi sessiyalarda spiker olan nümayəndələrimizin hər biri, medianın müxtəlif problemləri ilə bağlı fikirlərini bölüşməklə yanaşı, maraqlı və praktiki təkliflər də irəli sürdülər.

Forum media sahəsində mövcud olan problemlərlə bağlı kifayət qədər ciddi və səmərəli müzakirələrin aparılması, eyni zamanda maraqlı təkliflərin səsləndirilməsi ilə yadda qaldı.  İstər rəsmi sessiyalarda, istərsə də panel iclaslarında media sahəsində mövcud problemlərlə bağlı səsləndirilən təkliflər qeydə alınırdı və  qarşıdakı dövrdə bunlarla bağlı addımların atılacağına əminliyimizi ifadə edə bilərik.

Forumun həm də daha bir əhəmiyyəti media sahəsində mövcud əlaqələri daha da inkişaf etdirmək, genişləndirməyin yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət idi. Qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə media quruluşları arasındakı əlaqələr bu gün ən yüksək səviyyədədir, lakin Orta Asiya respublikaları ilə bağlı bunu deyə bilmərik. Bu mənada Türkiyə ilə Azərbaycan arasında yaradılmış "Ortaq Media Platforması" olduqca böyük əhəmiyyətə malikdir. Platforma iki qardaş ölkənin kommunikasiya və medya sahəsində strateji işbirliyinin qurulmasını hədəfləyir və bu istiqamətdə artıq ciddi addımlar atılır. Gələcəkdə Türk Şurasında təmsil olunan Orta Asiya respublikalarının da bu platformaya qoşulması olduqca böyük imkanlar yarada bilər. Forumda məhz bu əməkdaşlığın mümkün formaları ilə bağlı da ciddi müzakirələr getdi.

Vahid informasiya məkanın formalaşdırılması, vahid infiormasiya hövzəsinin yaradılması, Türkdilli ölkələrin beynəlxalq informasiya təşkilatının qurulması (ASEAN, FANA, PANA və s. moddellərində), Türk Şurasına üzv ölkələrin media təhsili verən ali məktəb strukturları ilə əməkdaşlığın genişləndirilməsi, “beynəlxalq jurnalistika” ixtisası üzrə vahid tədris proqramının hazırlanması və sair kimi önəmli təkliflər rəsmi çıxışlarda irəli sürüldü, müzakirələr aparıldı. Ümumiyyətlə media sahəsində çoxşaxəli əməkdaşlıqla bağlı sağlam təməllər atıldı. Forum bu mənada  media ilə bağlı təhsil sahəsindən tutmuş praktik fəaliyyətə qədər bir çox istiqamətlərdə imkanların genişlənməsində əsaslı rol oynayacaq.

Qloballaşma, dünya birliyinə inteqrasiya yalnız mənəvi-əxlaqi dəyərlərimizi qorumaqla müsbət nəticələr verə bilər. Bu xüsusda isə medianın rolu olduqca önəmlidir. Unutmamalıyıq ki, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin, dinimizin və s. yanlış anlaşılmasının qarşısını almağın yolu medianın, kütləvi kommunikasiya alətlərininin təsirli istifadəsi və bu dəyərlərimizin gerçək mahiyyətinin izah edilməsi ilə mümkündür.

 

Vüqar Əliyev,

BDU-nun Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024