"Biz birlikdə güclüyük" adlı dəyirmi masa keçirilib

30/12/2020

Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Biz birlikdə güclüyük" adlı onlayn dəyirmi masa keçirilib.

Moderator, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq 29 ildir ki, respublikamızda təntənə qeyd edilir. Bu gün yalnız müstəqil Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyada yaşayan həmvətənlərimizin ən əziz bayramlarından biridir.

Virtual tədbir iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev milli birlik, azərbaycançılıq ideyasını özündə əks etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs edərək, bu əlamətdar günün tarixə düşməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə qeyd edildiyini vurğulayıb. Rektor müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ölkəmizin xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söz açıb.

Dövlət başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın daha da inkişaf etdiyini, beynəlxalq aləmdə söz sahibi olan bir ölkəyə çevrildiyini qeyd edən E.Babayev bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığına diqqət çəkib.

Rektor onu da qeyd edib ki, vidalaşacağımız 2020-ci ilin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə yaddaşlara həkk olunub. Respublikamız həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atıb, elm və təhsilin inkişafı istiqamətində önəmli nailiyyətlər əldə edilib.

Daha sonra AMEA-nın müxbir üzvü, Türkiyənin Ağdəniz Universitetinin professoru Tərlan Məmmədov, Azərbaycanlı alim, Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov, Koreya Respublikasının Pusan Universitetinin professoru İsmayıl Zülfüqarov, BDU-nun Diplomatiya və müasir inteqrasiya kafedrasının dosenti Kərəm Məmmədov, Tarix fakültəsinin magistrantı Ülkər Quliyevanın Həmrəylik Günü ilə bağlı çıxışları dinlənilib.

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsindən, Ulu Öndərimiz qurultaydakı nitqindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, uğurlu dövlət siyasətindən, azərbaycanlıların dünyaya yayılması və diasporlaşması tarixindən, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərdən, karonavirus pandemiyası ilə mübarizədən, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbədən, 2020-ci ildə ölkəmizin elm-təhsil sahəsindəki uğurlardan danışılıb. 31 dekabr tarixinin Azərbaycan xalqının ümumdünya birlik günü kimi qiymətləndirildiyi çıxışlarda bu günün əsas məzmununun xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil etdiyi qeyd olunub, təbrik nitqləri səsləndirilib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024