Bizim işimiz haqq işidir

07/10/2020

Şanlı ordumuzun uğurları bizi hər gün, hər saat qürurlandırır. Gecə, gündüz, yağış, soyuq demədən irəliləyən igidlərimiz ürəylərimizi fəth etməkdə davam edir. Düşmənə “hərbi dərs” verən müzəffər ordumuz işğal altında olan torpaqlarımızı geri qaytarır. BMT-nin 4 qətnaməsindən  irəli gələn fəaliyyəti öz üzərinə götürərək hərbi meydanda tətbiq edən Azərbaycan ordusu qısa müddət ərzində torpaq bütövlüyümüzü bərpa edəcək. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bu yolda da yeni uğurlar gəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 oktyabr 2020-ci il tarixində rəsmi “Twitter” səhifəsində xalqımızı yenidən müjdələdi:

Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.

Ölkəmizin uğuru təkcə cəbhədə deyil, diplomatiya sahəsində də açıq-aşkar görünməkdədir. Cənab Prezidentimizin xarici ölkələrin müxtəlif telekanallarına verdiyi müsahibələr bizim haqq işimizin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Əfsuslar olsun ki, bəzi böyük dövlətlər, xüsusilə də Fransa Respublikasının mövqeyi, heç bir hüquqa əsaslanmadan Ermənistana birtərəfli dəstəyi dostu düşməndən ayırmaq üçün əlverişli fürsətdir. Adı qeyd olunan ölkənin rəhbəri Emanuel Makronun beynəlxalq hüquq normalarına zidd çıxışları da xüsusi narahatçılıq doğurur. Makrona ən gözəl cavabı isə Cənab Prezident Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində səsləndirib. Aparıcının “Fransa prezidenti Makronu üzr istəməyə dəvət etdiniz” şərhinə cavab olaraq dövlətimizin başçısı deyib: “Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir. Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu?” Cənab Prezident nitqinə əlavə olaraq qeyd etdi ki, Fransa özü-özünü artıq bu bərabər üçlüyün (ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tutur) xaricinə qoyur və biz buna səssiz qala bilmərik. Hər bir ifadəsi hesablanmış siyasi fikirlərlə zəngin olan Cənab Prezident sanki Emanuel Makrona diplomatiya dərsi verdi. Qətiyyətli və dönməz fikirləri dövlət başçımızın nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha sübut etdi. Fransanın ağlasığmaz bəyənatları və ölkəmizi Qarabağ məsələsində tənhalaşdırmaq siyasəti isə artıq iflasa uğramışdır. Bunun əyani sübutu kimi qardaş ölkə Türkiyənin istənilən siyasi  platformalarda Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlara çatdırmasından da müşaiyyət etmək olar.

5 oktyabr 2020-ci il tarixində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun Baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər. Müzakirə başa çatdıqdan sonra isə tərəflər mətbuata brifinq verdilər. Stoltenberqin hər iki dövləti müharibəni dayandırmaq çağırışından sonra Mövlud Çavuşoğlu Türkiyənin Azərbaycanın yanında olduğunu və NATO, BMT, ATƏT kimi təşkilatların da bu siyasi xətti izləməli olduğunu bəyan etməsi ölkəmizin regionda tənha olmadığını bir daha sübut etdi.

Ertəsi gün isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələrək öz dəstəyini yenidən nümayiş etdirmiş oldu. Cənab Prezident İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edərkən aşağıdakı ifadələri səsləndirdi:

“Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq həm Yaxın Şərq bölgəsində, həm də Qafqaz bölgəsində öz nəticələrini verməkdədir”. Cənab Ali Baş Komandanın Türkiyənin qlobal bir güc olduğunu qeyd etməsi eyni zamanda bu inkişafdan Azərbaycan xalqının məmnunluğunun təcəssümü kimi də başa düşmək olar. Daha sonra nitqinə davam edən ölkə başçısı:

“Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır”.

Mövlud Çavuşoğlunun: “Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm” – cümləsi də sarsılmaz dostluğun, qardaşlığın izahıdır.

Bütün bu xoş hadisələr cərəyan etsə də, düşmən susmur, dayanmır. Ermənilərin Azərbaycanın heç bir hərbi əməliyyatı olmayan yaşayış məntəqələrinə müxtəlif ağır artilleriyadan atəş açması nəticəsində indiyədək 27 mülki şəxs həyatını itirib,143 nəfər isə ağır yaralanıb. Öz acizliyini cəbhədə göstərə bilməyən quldur rejimin rəhbərliyinə isə şanlı ordumuz döyüş meydanında cavab verir və verəcəkdir.

Yaşasın Azərbaycan Əsgəri, var olsun Ordumuz!

Hüseyn Hüseynli

Tarix üzrə fəlsəfə doktoru,

Tarix fakültəsinin müəllimi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024