Bu gün Ağdamın işğal günüdür

23/07/2020

Bu gün Azərbaycanın Ağdam rayonunun  işğalından 27 il ötür.

Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən 43 gün düşmənə sinə gərmiş Ağdamın böyük hissəsini işğal etmişdir. Yağı düşmən еvlərə od vurmuş, mədəniyyət abidələrini dağıtmış, insanların əmlaklarını qarət еtmiş, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutmuşdur.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalıb.

Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırım siyasəti hələ də davam edir. Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə istəyi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir.

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024