Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2000-ci ildən etibarən dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabrında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. Məqsəd dünya xalqlarının dil və mədəniyyət rəngarəngliyinin, məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasıdır. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyub inkişaf etdirən ən mühüm, ən güclü vasitələrdən biridir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də millətin simasını səciyyələndirən amillərdəndir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Tarixini, mədəniyyətini, zəngin söz xəzinəsini əsrlərdən-əsrlərə çatdıran milli sərvətidir.
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında müstəsna əhəmiyyət kəsb edir. Hər bir insan öz ana dilini yaxşı bilməli, onun saflığını qorumalıdır.
Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik dildir. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı öz ana dilində danışır. Ana dilimiz xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulmuşdur: Heydər Əliyev həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olmuşdur.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin apardığı dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı rol oynamışdır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.