Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05/10/2020

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən,

təhsil səviyyəmizdən asılı olmayaraq, bütün

nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Müəllimlik sənəti şərəfli bir sənətdir.

Ulu Öndər Heydər Əliyev

 

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyanın bir çox ölkələrində qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, müəllimlərin əməyinə diqqət çəkməkdir.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanda elm və təhsil yüksək irəliləyiş və uğur əldə etmişdir. Müəllim peşəsinə hörmət hər zaman diqqətdə saxlayan Ümummilli Lider “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” kəlamını da çıxışlarında səsləndirmiş, müəllim peşəsinin müqəddəsliyini vurğulamışdır.

Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, artıq bir neçə ildir ki, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən tədbirlər çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü proqramı həyata keçirilir. Hər il yüzlərlə müəllim peşəsinə yiyələnmək üçün yüksək balla bu ixtisası seçən tələbələrə əlavə “Gələcəyin müəllimi” təqaüdü təqdim edilir.

COVID-19 pandemiyasının təhsil sisteminə də təsirsiz ötüşməməsi müəlllimlərin üzərinə yeni vəzifə və öhdəliklər qoydu. Çətin pandemiya günlərində müəllimlərimiz əzmlə pandemiyanın gətirdiyi çətinliyin aradan qaldırılması və təhsilin davamlılığını təmin etmək, eyni zamanda şagirdlərin və tələbələrin onlayn tədris prosesinə cəlb edilməsində bütün imkanlarını səfərbər etdilər. Bu gün istər təhsilimizin inkişafında, istərsə də digər sahələrdə əldə edilən uğurların əldə edilməsində müəllimlərin rolu və əməyi danılmazdır. Çünki valideynlərin böyük inamla əmanət etdiyi övladların bir şəxsiyyət kimi yetişməsində, vətənə millətə xeyirli vətəndaş kimi formalaşmasında müəllimlər illərlə əmək sərf etmiş, vətən qarşısında məsuliyyətlərini dərk etməyə yardımçı olmuşlar.

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu danılmazdır. Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəmanlar yetişdirən müəllimlərin əməyi və rolu inkaredilməz bir faktdır. Yorulmaz və cəsur əsgərlərimizin yetişdirilməsində aparılan təlim-tərbiyə prosesi bu gün öz nəticəsini verir. Yetişdirdiyiniz vətənpərvər gənclik Qarabağ uğrunda gedən əks-hücum döyüşlərində, düşmən tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsində şücaətlə mübarizə aparır, müstəqil Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazırlar.

Əziz müəllimlər, müqəddəs peşənizi şərəflə və bütün məsuliyyətinizlə yerinə yetirməkdə sizə uğur, yetişdirdirdiyiniz şagird və tələbələrlə bugünkü qədər fəxr və qürur hissi keçirməyinizi arzu edirik!

 

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024