Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05/10/2022

Dünyanın ən müqəddəs və şərəfli peşəsi – müəllimlik. Öyrətmək, yol göstərmək, qaranlıqları aydınlatmaq, nümunə olmaq, tək bilik yox, insanlıq, şəfqət, mərhəmət aşılamaq, şəxsiyyət formalaşdırmaq...Bu ilahi missiya ilə yola çıxanların günüdür bu gün.
5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyanın bir çox ölkələrində qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Bundan sonra Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı kimi qeyd olunmağa başlayıb. Bu əlamətdar günün beynəlxalq səviyyədə qeyd edilməsinin məqsədi cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, insanların təhsildən geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqəti yönəltməkdir.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ulu öndər Heydər Əliyevin, bütün sahələr kimi, təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanda elm və təhsil yüksək irəliləyiş və uğur əldə etmişdir. Müəllim peşəsinə hörmət və diqqəti hər zaman diqqətdə saxlayan Ümummilli lider “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” kəlamı ilə müəllim peşəsinin müqəddəsliyini vurğulayıb, öz çıxışlarında  dönə-dönə gənc nəslin sağlam, savadlı, vətənpərvər ruhda təlim-tərbiyəsi üçün öz ömürlərini şam kimi əridən müəllimlərə öz ehtiramını bildirib.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ölkəmizdə təhsilin inkişafına, milli kadr hazırlığının təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Təhsil işçiləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Ölkəmizdə təhsil sahəsinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə yüzlərlə yeni, müasir məktəb binaları tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir edilib. Bu gün ölkəmizin təhsil ictimaiyyəti – müəllimlər, tələbələr, şagirdlər haqlı olaraq hörmətli Mehriban xanım Əliyevanı təhsilimizin himayədarı kimi qəbul edir, ona sonsuz rəğbət bəsləyir.
Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu danılmazdır. Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəmanlar yetişdirən müəllimlərin əməyi və rolu inkaredilməz bir faktdır. Yorulmaz və cəsur əsgərlərimizin yetişdirilməsində aparılan təlim-tərbiyə prosesinin nəticəsi kimi yetişən vətənpərvər gənclik Qarabağ uğrunda gedən haqq savaşımızda, düşmən tapdağında olan ərazilərimizin azad edilməsindən şücaətlə mübarizə apardılar, müqəddəs şəhidlik zirvəsinə ucaldılar, müstəqil Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar. Bu gün əzəli torpaqlarımızın rəşadətlə keşiyini çəkirlər.
Əziz müəllimlər, müqəddəs peşənizi şərəflə və məsuliyyətlə yerinə yetirməkdə sizə uğurlar diləyir, daim inkişaf edən təhsil sistemimizə töhfələrinizin bol olmağını və yetişdirdirdiyiniz şagird və tələbələrlə hər zaman fəxr və qürur hissi keçirməyinizi arzu edirik!
Bayramınız mübarək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024