Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31/12/2020

Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Hər il qeyd etdiyimiz, bu il qalib ölkənin vətəndaşları kimi qarşıladığımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq. Hər il dekabrın 31-i - bu tarixi günü böyük həvəs və coşqu ilə qeyd edirik. Birliyimizin, həmrəyliyimizin rəmzi gününə çevrilən bu tarix dünyanın bütün yerlərində yaşayan azərbaycanlıları bir bayraq altında toplayır. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. Bu müqəddəs missiyanı həyata keçirən müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev çoxmilyonlu Azərbaycanlıları birləşdirmək istəyi, arzusu, amalı ilə bu tarixi hadisənin bünövrəsini qoymuşdur.

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə ilə qeyd olunduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının vahid ideologiya ətrafında sıx birləşməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il 9-10 noyabr tarixində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirmişdir. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ulu Öndərin ölkəmizdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar mənbəyi, mənəvi dayaq və güc mənbəyi olmuşdur. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ulu Öndər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.

Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.

Azərbaycan xalqını, BDU ailəsini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edir, vətənimizə işıqlı gələcək, sülh və əmin-amanlıq  arzulayırıq!

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024