Bu gün İlaxır Çərşənbədir

16/03/2021

Novruz bayramının ən gözəl mərasimlərini özündə cəmləşdirən, təntənəli  bayram və bayram axşamı səviyyəsində dayanan axırıncı Çərşənbədir. Bu çərşənbə xalq arasında“Torpaq çərşənbəsi”, "Yer çərşənbəsi", "İlaxır Çərşənbə", “Çərşənbə-suri” adları ilə də tanınır.

Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı olaraq “Torpaq haqqı”, “Yer haqqı” deyilmiş, “Torpağa sanı yaşayasan” alqışı ilə dualar edilmiş, “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz”, “Sular hərəkətlidir, torpaq bərəkətlidir”, “Torpaqda itki olmaz, kötüksüz bitki olmaz” və bu kimi el məsəlləri yaranmışdır.

Türk mifologiyasına görə, yatmış Torpaq oyanaraq insanları aclıqdan qurtarır.  Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbə bayramı tədbirilə torpağı oyatmağa çalışırlar.

Səsləndi xoruz banı,

Açıldı sübhün danı,

İlin yaz fəsli gəldi,

Qızdı torpağın canı.

Torpaq çərşənbəsində əkinçilər əkin-biçinə başlamalı olur. Necə deyərlər, “Yaz əkinçi, qış dilənçi”. Həmin gün yerlər şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, torpağı 4 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qoyunun, qoçun, malın buynuzlarına qırmızı parça bağlanması da adətlərdəndir.

Qədimdən gələn digər bir adətə görə,  Axır çərşənbə günü qadınlar, qızlar çillələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.

Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə  “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.

Bu Çərşənbədə evdən od, neft, kibrit, ağartı qidaları verilməsi düzgün hesab olunmur.  Axır çərşənbə öz falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır Çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmiş. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları ərik ağacının altında basdırmaq lazımdır.

Sürü deyil, naxırdı,

Qazan dibi paxırdı.

Sonuncu çərşənbənin,

Öz adı İlaxırdır.

İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri, sevən oğlanların  sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış. Hazırda bu ənənə unudulsa da, papaqatdı ilə qismən də olsa əvəzlənmişdir. Sadəcə indi azyaşlı uşaqlar pay almaq məqsədilə bu ənənəni davam etdirirlər.

İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənirlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf  gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.

İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu Çərşənbədə niyyət tutub qulaq falına çıxarlar, eşitdikləri sözlərə görə niyyətlərini yozarlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla  bəzədilir. Həmin günü mütləq qazan asarmışlar. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa  qoyulur. Axır çərşənbədə yandırılan şamları yarımçıq söndürməzlər. Çərşənbə, bayram xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı günəşin, istiliyin, şəkərburanı Hilalın - Ayın, paxlava isə Ulduzun yerdəki rəmzi kimi götürmək olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin İslamdan öncə “ş”, İslamın qəbulundan sonra “s” hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son Çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, İslamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənmişdi.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanmışlar.

Səməni ovsununda oğul-qız sahibi olmuş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Övlad sahibi olan  başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:

Arpa, buğda dənidi,

Göyərən səmənidi,

Kəsdim, gəlin, çilləni,

Övlad vermək dəmidi.

Başqa bir variantda “A səmənini göyərdən, bu gəlini də göyərt” də söylənilir. Burada axıdılan suyu isə  kişi başlanğıcı kimi götürmək olar.

Səməni nəziri-adəti də bu günə kimi ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər.  Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlamına gəlir.

Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər. Səməni halvasına bəzən sübhan halvası və ya İsfahan halvası da deyirlər. Ekoloji cəhətdən təmiz olan bu halva çox faydalıdır.

İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçdikcə müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası olaraq, bu ənənələri yaşatmağa çalışırıq.

Səhər Orucova

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri

Filologiya elmləri doktoru, professor

 

 

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024