Bu gün Milli Musiqi Günüdür
Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir. Bu il Şərqdə ilk operanın müəllifi, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi tamam olur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb.
Mədəniyyətimizin böyük hamisi, Ümummilli lider Heydər Əliyev daim Azərbaycanın milli musiqisini diqqətdə saxlamış, Ulu Öndərin müvafiq unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu almışdır. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr - "Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.
Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. O, təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Bu gün adını böyük qürurla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı böyük təntənə ilə keçirilidi.
Milli Musiqimizin görkəmli simalarının vətəni olan torpaqlarımız düşmən işğalından azad olundu, mədəniyyət beşiyi olan Şuşada artıq milli musiqimiz səslənir, Xanın səsi ucalır, bülbülün avazı eşidilir.
Milli Musiqi Gününüz mübarək!