Bu gün Yel çərşənbəsidir

09/03/2021

Xalqımızın mədəniyyətini, mənəvi əxlaqını, dünyagörüşünü, adət-ənənələrini özündə əks etdirən bayramlarımızdan biri də Novruzdur. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür - Su, Od, Yel və Torpaq dayanır. Buna görə də Novruz bayramına hazırlığa təzə ilin gəlməsinə dörd həftə qalmış başlanılır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri dirilmişdir. Ona görə də Novruz çərşənbələrinin xalqımızın bayram təqvimlərində mühüm yeri vardır.

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel Çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel”,  kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:

A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, yel baba,
Qurban sənə gəl baba.

Təsəvvüf ədəbiyyatında külək Səba kimi ifadə olunur. Səba ruhani aləmdən əsən külək, Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.

Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Quranda küləklər müjdəçi adlandırılır. “Nəml” surəsinin 63-cü ayəsində oxuyuruq: “Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allah’la yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!”

Əski inamlarda Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün  dünyanı idarə edən qüvvə tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O köməkedici, cəzalandırıcı funkisayaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda  “qara nəhr”də yatmış dörd cür külək - Ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır.  Ağ yel - ağ libasda, qara yel - qara libasda,  xəzri - göy libasda, gilavar qırmızı libasda təsvir edilir.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir, bu səbəbdən də Yel Babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilər.  Yel Baba köməyə çağırılar.

Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan  biri isə qızların küləyə “ərə getmə” mərasimidir. Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar deyir: “Boğanaq gəlmə, sənə gedəcəyəm”-deyirlər.

  1. Yel Çərşənbəsində xüsusi ayinlər də icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı son beşik uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri yat, gilavar yat...

Külək, sürmə at,

Gəl, ələkdə, yat!

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur. Yel Çərşənbəsində isə yel əsmədikdə “Külək çağırdı” mərasimini icra edirlər.

Ulularımızın inancına görə, Yel Çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilərək ürəkdən-ürəyə əsərək sevgini aləmə yayır. Məhz bu səbəbədən də, oğlanlar bu Çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə bu gecə Xızır Nəbi sevgililərə “Abi-kövsər” suyu içirib buta verir. “Ağ yelə tuş olasan səni”, “Üstündən ağyellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel Çərşənbədə ata-ananın xeyir-duası olmadan qaçırılan  qıza  xeyir-duanı  əli butalı Xızır Nəbi verir. Bu Çərşənbədə qəfəsdəki quşların satın alınıb “Azat-bezat, məni cənnətdə gözət” deyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur.  Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu Çərşənbənin  ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan “Yelləncəkdə yellənmə” mərasimi də bu Çərşənbənin rituallarındandır.

Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir:  Yelə verdiyin düşmənə qismət olar. Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır.

Bu Çərşənbədə keçirilən ayinlər, inanclar nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Bundan sonrakı nəsillərə həmin adət-ənənələrin ötürülməsi isə bizim öhdəmizə düşür. Təkcə folklorşünaslar deyil, hər kəs bu Çərşənbələrin önəmini bilməli və yaşatmalıdır.

Yel çərşənbəmiz mübarək!

Səhər Orucova,

BDU-nun  Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri

Filologiya elmləri doktoru, professor

 

 

 

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024