Böyük alim, pedaqoq və elmimizin layiqli təmsilçisi - Rövşən Xəlilov

13/03/2017

Keçən əsrin 70 - ci illərində sovetlər birliyinə daxil olan respublikalarda elm və  təhsilin səviyyəsini yüksəltmək, yeni yaranan elm sahələri üzrə milli kadrların hazırlanmasını həyata keçirmək  üçün, təhsildə mühüm nailiyyətlər qazanmış II – III kurs tələbələrini SSRİ-nin yüksək səviyyəli ali məktəblərinə, o cümlədən Moskva Dövlət Universitetinə  köçürürdülər. Moskva Dövlət Universitetində oxumaq hər bir gəncin arzusu idi. Burada təhsil alan tələbələr elmin hər bir sahəsində sonralar böyük nailiyyətlər qazana bilirdilər. Belə tələbələrdən biri də bu il 65 yaşı tamam olan Bakı Dövlət Universitetinin professoru, AMEA Radiasiya Problemləri Institutunun Radioekologiya laboratoriyasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor 1952-ci ildə anadan olmuş  Rövşən İbrahimxəlil oğlu Xəlilovdur. O 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin  fizika fakültəsinə qəbul olmuş, 1972-ci ildən təhsilini Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirmiş və 1976-cı ildə bu Universiteti bitirmişdir. Təhsildə qazandığı müvəffəqiyyətləri və yeni elm sahəsi olan biofizikaya marağını  nəzərə alaraq onu elə həmin il məşhur sovet alimi L.A.Blümenfeldin rəhbərlik etdiyi kafedrada əyani aspiranturada saxlayırlar. Hələ tələbəlik illərindən elmi tədqiqatlara başlayan R.İ.Xəlilov bitkilərdə fotosintez prosesinin mexanizminin biofiziki əsaslarını öyrənərkən maraqlı elmi nəticələr almışdı. O ilk dəfə Elektron Paramaqnit Rezonans (EPR)  üsulu ilə fotosintez prosesinin əsas strukturu  II Fotosistemin reaksiya mərkəzindən (P680) EPR siqnalı almışdı. Onun bu elmi nəticələri yüksək maraq doğurduğundan Biofizika (ДАН СССР,1977, т.237, №6) və digər nüfuzlu jurnallarda nəşr olunmuşdu. Tələbəlik illərindən başladığı elmi tədqiqatlarını aspirantura dövründə müvəffəqiyyətlə davam etdirən Rövşən Xəlilov 1979-cu ildə biofizika ixtisası üzrə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək  fizika- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır və elə həmin il Bakı Dövlət Universitetində yenicə yaradılmış Biofizika və molekulyar biologiya kafedrasına təyinat almışdır. 1979-cu ildən bu kafedrada əmək fəaliyyətinə başlayan R.İ.Xəlilov assistent (1979-1984), dosent (1984-1994) və 1994-cü ildən indiyə qədər kafedranın professoru kimi fəaliyyət göstərir. BDU-nun Biofizika və molekulyar biologiya kafedrasında Prof. T.Məmmədovun rəhbərliyi ilə 80-ci illərdə geniş aspektə biofiziki tədqiqatlar aparılırdı. Bu illərdə ali bitkilərin membran sistemlərinin  (plazmatik, tilakoid və s.) quruluş və funksiyalarının tədqiqi problemləri prof. R.İ.Xəlilovu daha çox  maraqlandırmışdı. O Azərbaycanda  ilk biofizik alimlərimizdən biri olan İ.S.Əhmədovla birlikdə elektrofizioloji üsullarla bitkilərdə ultrabənövşəyi şüaların (xüsusilə onun UB-B oblastının) təsirinin membran mexanizmini aydınlaşdırmaq üçün mühüm tədqiqatlar aparmışdır. Bitki  hüceyrələrinin plazmatik membranına ultrabənövşəyi şüaların təsirinin  tədqiqi göstərdi ki, bitkilərin plazmatik membranında ekobioloji UB-B şüaların xromoforları xinon təbiətli molekullardır və onlar plazmatik membranda aktiv proton pompası  H+-ATF-aza ilə paralel fəaliyyətdə olan, həmçinin proton pompası rolunu oynayan redoks sistemlərin strukturuna daxildir. Bitkilərin UB-B şüalarına cavab reaksiyaları bu proton pompalarının generasiya etdiyi membran potensialının   “binar rəqsləri” kimi  müşahidə edilir. UB-B şüalarının təsiri zamanı bitki hüceyrələrinin plazmatik membranında qeydə alınan binar reaksiyalar dünya membranoloqlarının son dərəcə böyük marağına səbəb olmuşdu.  Beləliklə, prof. R.İ. Xəlilov fotobiologiyada yeni istiqamət kimi qiymətləndirilən, ozon təbəqəsinin azalması nəticəsində yer səthində intensivliyi çoxalan ekoloji ultrabənövşəyi şüaların bitki orqanizmlərində yaratdığı fotobioloji təsirlərin biofiziki əsaslarını işləmişdir.  R.İ. Xəlilov 1992-ci ilin martında  Moskvada  D N170.01.01 ixtisaslaşdırılmış müdafiə şurasında “Ultrabənövşəyi şüaların ali bitki hüceyrə membranlarına təsir mexanizmi” mövzusunda ekologiya və biofizika ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edərək Rusiya Ali Attestasiya Komitəsi tərəfindən 1992-ci ilin may ayında fizika-riyaziyyat elmləri  doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O 1994-cü ildə professor elmi adını almışdır.

Hal-hazırda R.İ. Xəlilov biofizika, nanobiotexnologiya və ekoloji biofizika sahəsində maraqlı elmi-tədqiqat işləri aparır. O (əməkdaşı A.N.Nəsibova ilə birlikdə), müxtəlif fiziki-kimyəvi metodların köməyi ilə bəzi amillərin (ultrabənövşəyi və qamma radiasiya) canlı sistemələrə təsirinin molekulyar mexanizmini öyrənir. Prof. R.İ.Xəlilov bitki nümunələrində biogen mənşəli kristallik nanohissəciklərin stress amillərin təsiri altında generasiya olunmasını aşkar etmiş və müəyyən etmişdir ki, müəyyən dozada (< 200 Qr) ionlaşdırıcı qamma radiasiya bitkilərdə dəmir oksidi maqnit nanohissəciklərinin yaranmasına stimullaşdırıcı təsir göstərir (J.Biophysics, vol.56, N2, 2011; International Journal of Pharmacy and  Pharmaceutical  Sciences. V.7, 2015;).
Daim elmi inkişafda olan alim Moskva Dövlət Universitetinin və Saarland Universitetinin (Almaniya) alimləri ilə birlikdə nanobiotexnologiya sahəsində müasir fiziki-kimyəvi üsullarla (EPR spektroskopiya, Elektron Keçirici Mikroskopları, Messbauer spektroskopiyası, Polimeraza Zəncir Reaksiyası, fluoressensiya və s.) canlı sistemlər üzərində elmi tədqiqatlar aparır və öz elmi fəaliyyəti və mühüm elmi nəticələri barədə bir çox beynəlxalq konfrans və simpoziumlarda çıxışlar edir. Müxtəlif  bitki növlərində yeni paramaqnit mərkəzlər aşkar etmiş və bu paramaqnit mərkəzlərin dəmir oksidi maqnit nanohissəciklərinə mənsub olduğunu müəyyən etmişdir. Göstərmişdir  ki, bioloji toxumalarda maqnetit kristalları biominerallaşma hadisəsi hesabına generasiya olunur.

Professor apardığı araşdırmalar zamanı stress amillərin təsiri ilə canlı sistemlərdə maqnit xassələrinin yaranması hadisəsini aşkar etmişdir. Bu hadisənin tibdə və biologiyada tətbiqi sahəsində  işlərini davam etdirir.  Aldığı nəticələr bir çox nüfuzlu jurnallarda  (Artificial Cells, Nanomedicine and Biotechnology – 2017, Drug research – 2017 və s.) və AMEA-nın mühüm nəticələrində öz əksini tapmışdır.

R.İ.Xəlilov 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyəti və Plenumunun üzvü olmuş, 1992-1995-ci illərdə isə AAK-ın Baş elmi katibi vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında 10-a yaxın aspirant namizədlik dissertasiyalarını müdafiə etmişlər, o, həmçinin,  3 elmər doktoru hazırlamışdır. Hal-hazırda onlarla magistr və doktorant professorun rəhbərliyi altında elmi-tədqiqat işləri aparırlar. R.İ. Xəlilov 300-dən artıq elmi işin müəllifidir, tələbələrə müasir fiziki-kimyəvi biologiyanın əsaslarını öyrədir və “Biofizika”, “Nanotexnologiyanın biofiziki əsasları”, “Membranologiya”, “Tibbi-bioloji nanotexnologiya”, “Ekoloji biofizika” üzrə mühazirələr oxuyur.

R.İ.Xəlilov elmi-təşkilati və ictimai işlərdə də yaxından iştirak edir. O ABŞ-da fəaliyyət göstərən Beynəlxalq Elektron Paramaqnit Rezonans Cəmiyyətinin üzvü; Azərbaycan Biofizika Cəmiyyətinin Vitse-Prezidenti; Beynəlxalq Elm, Təhsil, Mədəniyyət və İncəsənət Fondunun (SECA) Prezidentidir. Bundan başqa prof. R.I.Xəlilov bir çox elmi jurnalların redaksiya heyətinin üzvüdür (Almaniyada dərc olunan Beynəlxalq “Deutscher Wissenschaftsherold German Science Herald” jurnalı və “Advances in Biology and Earth Sciences” jurnalı).

Elmi-pedoqoji fəaliyyəti dövründə R.İ.Xəlilov Çin Xalq Respublikasının Şanxay şəhərində, Türkiyənin Ankara Universitetində mühazirələr oxumuş, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) keçirdiyi müsabiqənin qalibi kimi Almaniyanın Humbolt Universitetində, Saarland Universitetində elmi-tədqiqat işləri aparmışdır.

R.İ.Xəlilov 2008-2010-cu illərdə MTİF və AMEF tərəfindən maliyyələşdirilən (ANSF-CRDF/BGP– II Azerbaijan-USA.) kollektiv layihənin direktoru, 2009-cu ildə professor M.Ramazanov, İ.Əhmədov, Lousanna Ekologiya Texnik Universitetinin (EPFL) alimi Andrzej Sienkeviçlə birlikdə  İsveçrənin Elm Fonundunun Şərqi Avropa Əməkdaşlıq proqramının qrantının, 2011-2012-ci illərdə isə  Universitetdaxili 50+50 qrantlar proqramı üzrə “Maqnit nanohissəciklərin sintezi və radioaktiv çirklənmənin bu prosesə təsiri” mövzusunda fərdi qrant layihəsinin qalibi olmuşdur. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi – (EİF-2012-2(6)-39/20/3-M-11) “Bioloji strukturlarda metal nanohissəciklərinin formalaşmasının tədqiqi” adlı layihənın iştirakçısı, 2016-2017-ci illərdə isə Universitetdaxili 50+50 qrantlar proqramı üzrə “Ekoloji çirklənməyə məruz qalmış ərazilərin tədqiqində yeni bioindikasiya sistemlərinin işlənib hazırlanması” mövzusunda fərdi qrant layihəsinin qalibi olmuşdur.

Bakı Dövlət Universitetinin

Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti

İsmət Əhmədov

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024