Böyük şərqşünas alim, bacarıqlı elm təşkilatçısı

12/10/2015

XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır. Alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə elm tariximizə sanballı möhür vurmuş, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, uğurlu yol açmışdır. Aida xanım dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı araşdırma və yazdığı əsərlər qısa müddət ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə də geniş şöhrət gətirmişdir.

Professor Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə, xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan görkəmli alim ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da Aida xanım ərəb və Azərbaycan ədəbiyyatları arasında möhkəm körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1966-cı ildə dünya şöhrətli elmi rəhbərlərinin - Rüstəm Əliyevin və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsini almışdır. Sonra Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda işə başlamışdır.
Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlmişdir. 1989-cu ildə o, Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi və az sonra bu ixtisas üzrə professor adı almışdır.
Üç monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, 1975; “Cübran Xəlil Cübran”, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, 1991), 70-dən artıq elmi məqalənin və bir çox ərəbcədən tərcümələrin müəllifi olan Aida xanım Şərq filologiyası sahəsində yazılmış onlarca elmi əsərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqlarının ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasına rəhbərlik etmişdir.
Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) təmsil etmişdir.
Görkəmli alim elmi fəaliyyətinin ilk illərində Mixail Nüaymənin yaradıcılığını, fəaliyyətini izləmiş, diqqətlə araşdırmış, onun əsərlərini ədəbi elmi ictimaiyyəti tanış etməklə yanaşı, özünün ideyalarını da cəmiyyətə çatdırmışdır. Həmin dövrdə - 1970-ci illərdə Azərbaycanda həyata keçirilən böyük quruculuq işləri ilə bərabər, elmi-mədəni yeniliklər, kəşflər vasitəsi ilə yaddaşa qayıdış ruhu inkişaf etdirilirdi.
Mixail Nüaymənin yaradıcılığında qaldırılan ideyalar da bir növ bu düşüncənin başqa üzü idi. Mixail Nüaymə ərəb dünyasını, ərəb ədəbi-ictimai fikrini dirçəlişə, dünya ədəbi-fəlsəfi fikrinə söykənərək əski yaddaşa qayıtmağa çağırırdı. Şərq mənəvi dəyərlərinə sahib çıxmaq üçün soydaşlarını mənəvi kamilliyə, birliyə və dünyəvi dəyərlərə səsləyirdi. Bu ideyalar onun əsərlərində öz əksini tapırdı. Rus elminə, klassik fikrinə dərin bələd olan, formanı ondan, məzmunu, ruhu əski Şərq fəlsəfi fikrindən, müasir Avropa düşüncəsindən götürən Mixail Nüaymənin yaradıcılığından söhbət açan, dolğun mülahizələr irəli sürən Aida xanım bu böyük sənətkarın çoxşaxəli yaradıcılığı barədə deyirdi: “Mixail Nüaymə müasir ərəb novellalarının banilərindən biridir. Ərəb dünyasında bu böyük realist sənətkar nəsr və nəzm, publisistika və ədəbiyyatşünaslığa dair məqalələrin müəllifidir”.
Ömrünü ərəb mühacirət ədəbiyyatının tədqiqinə həsr edən, Amerikada, Avropada yaşasalar da, öz dilini, dinini, mədəniyyətini qorumaqdan, təbliğ etməkdən zövq alan ərəb ziyalılarının yaşantılarından, duyğularından, dünyaya baxışlarından söz açan Aida xanım xalq üçün yaşayıb-yaradan, dövlətlərini nura qərq edən ziyalıların basqılara məruz qalmasının səbəblərindən danışır, onlara bir növ istiqamət də verirdi.
Görkəmli alim romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə C.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında da poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin sintezindən çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin müqayisəli təhlilini aparmışdır.
Aida xanımın ikinci böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada - Nyu Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Cübran Xəlil Cübranın yaradıcısı, qurucusu olduğu ədəbi cəmiyyətin - “Qələmlər birliyi”nin əhəmiyyətindən söz açarkən yazıb: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.
Alim ərəb mühacirətinin səbəblərindən, nəticələrindən danışmaqla mühacirətin dözülməz olduğunu da qeyd edir. Onların həyatına, duyğu və düşüncələrinə ayna tutan, “Qələmlər birliyi”ni yaratmaqla, Amerikaya mühacirət etmiş ərəbləri qələmin işığına toplamaqla onların ocaq, yurd ruhunun ölməməsinə şərait yaradan ziyalıları təqdir edir.
Bu ədəbi birliyin mahiyyətində siyasi motivlərin olduğunu diqqətə çatdıran Aida xanım istedadlı şair və rəssam Cübran Xəlil Cübranın təkcə ərəb ədəbi-bədii fikrində deyil, ictimai-siyasi düşüncəsində də özünəməxsus yeri olduğunu vurğulayır. Hiss və duyğularını kətana rənglərin dili ilə köçürən Cübran Xəlilin vətənpərvərlik hisslərinin bədii yazılarında, daha çox da şeirlərində öz əksini tapdığını xatırlayanda, qadını müdriklər, müqəddəslər anası kimi qiymətləndirən ərəb dünyasında Cübran Xəlilə olan ögey münasibətə etiraz edir. Qadının kölə, hüquqsuz, məzlum obrazına etiraz edən Aida xanım Şərqin bu istedadlı qələm və fırça sahibinin haqqa xidmət etdiyini bildirir. Cübran Xəlilin bu sahədəki xidmətləri barədə yazır: “Bütün əsərlərində Cübran qadının cəmiyyətdə hüquqsuz, məzlum, hətta bəzən kölə vəziyyətindən narahat olduğunu, narazı qaldığını bildirir”. Hər bir əsəri, monoqrafiyası, məqaləsi ilə ərəb mühacirət ədəbiyyatını bizə bir qədər də yaxınlaşdıran Aida xanımın şərqşünas alim kimi ən böyük xidmətlərindən biri də ədəbi, elmi düşüncələrinin içərisində oxucularını özünün və dövrünün siyasi baxışları ilə tanış etməsi idi.
Aida xanım ömrünü, qüvvəsini həsr etdiyi “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası ilə yeni bir dünya - müasir ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratdı. 1992-ci ildə işıq üzü görən bu kitab onun elm aləminə bəxş etdiyi möhtəşəm əsər olsa da, təəssüf ki, son işi idi.
Professorun elmi-fəlsəfi düşüncələri, hadisələrə orijinal baxışı, onlara yeni məzmun və xarakter verməsi, elmi tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun ziyalı portretinin ayrılmaz cizgiləridir. Görkəmli alimin müxtəlif illərdə dərc olunmuş əsərləri bu gün də təkcə gənc şərqşünaslar üçün deyil, ümumilikdə bu sahənin peşəkar tədqiqatçıları üçün sanballı mənbə rolunu oynayır.
Şərqşünas alim kimi yaradıcılığının 30 ilində özünə abidə ucaldan Aida xanım ərəb korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlardan biri olurdu. Akademik üslubla bərabər, elmi, bədii, publisistik üslubda yazan Aida xanım özünün təkcə alim, şərqşünas obrazını deyil, yazıçı, mütərcim obrazını yaradırdı. Yazdığı monoqrafiyada daha çox üç sənətkarın - Mixail Nüaymənin, Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin yaradıcılığını tədqiqata cəlb edən alim müasir düşüncəli bu istedad sahiblərinin simasında ərəb ruhunun ölməzliyindən, incəliyindən və lətafətindən söhbət açırdı. “Əmin ər-Reyhani livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda işləmişdir: O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir” deyə Əmin ər-Reyhaninin hərtərəfli yaradıcılığa, dünyagörüşə malik bir şəxs olduğunu faktlarla sübut etməklə, onun simasında Şərqin kamil ziyalısının obrazını canlandırırdı.
Görkəmli şərqşünas olmaqla bərabər, mütərcim və ədəbiyyatşünas kimi də tanınan Aida xanım, eyni zamanda gözəl müəllim idi. Yazıb tədqiq etdikləri barədə fikirlərini ustalıqla auditoriyaya çatdıran Şərq mütəfəkkiri, ictimai xadimi, filosofu idi. Onun bu qüdrəti ərəb - mühacirət ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, İosif Braginski, İrina Bilık, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, Malik Qarayev, İ.Filiştinski, O.Frolova dəfələrlə onun düşüncələrinə şərik çıxmış, müxtəlif vaxtlarda onun haqqında dəyərli fikirlər söyləmişlər.
Bakı Dövlət Universitetində bir zamanlar oxuduğu mühazirələrdən bəhrələnənlər söz düşəndə həmişə Aida xanımın dərin biliyindən, intellektual səviyyəsindən ağızdolusu danışırlar. Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyan Aida xanım pedaqoq alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini aparır, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi yeniliklərdən soraq verərək müasir ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. BDU kollektivi görkəmli şərqşünasın xidmətlərini ehtiramla xatırlayır. Hazırda şərqşünaslıq fakültəsinin qabaqcıl tələbələri Aida İmanquliyeva adına təqaüd alır. Universitetdə onun elmi fəaliyyətini araşdıran müsabiqələr və konfranslar keçirilir, yubileyləri qeyd olunur. Əminik ki, böyük alimin universitetimizlə bağlı gördüyü işlər, gənc nəslin yetişdirilməsində, şərqşünaslıq elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlər gələcəkdə daha da ətraflı öyrəniləcək.
Aida İmanquliyeva hər zaman Şərqlə Qərbi mənəvi birliyə, ortaq düşüncəyə, ümumi ictimai-siyasi baxışa dəvət edirdi. Rejimin, quruluşun ideoloji təbliğatına, çərçivəsinə, təzyiqlərinə baxmayaraq, düşüncəsindən, duyğularından dönmürdü. Dünyanın qovuşacağına - ideya və məfkurə birliyinə, gələcəyinə inanırdı. Bu səbəbdən də Şərq-Qərb ədəbi-fəlsəfi, mədəni dəyərlərinin sintezindən yaranan əsərləri, onların yaradıcılarını Mixail Nüaymə, Cübran Xəlil Cübran və Əmin ər-Reyhani kimi işıqlı insanları təbliğ edirdi. Tanrının ona bəxş etdiyi istedadın, kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri ilə Şərqin təkcə ədəbi-fəlsəfi yaşantısına deyil, ictimai-siyasi quruluşuna da aydınlıq gətirdi. 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini fəlsəfi düşüncəsinin işığında araşdıran, Şərq-Qərb dəyərləri kontekstində tədqiqata cəlb edən Aida xanım hələ ötən əsrin 70-ci illərində sərhədlərin qapalı olduğu, imperiyanın hökm sürdüyü dövrdə vətəndaş, ziyalı, qüdrətli alim kimi öz sözünü deyərək insanları, dövlətləri Böyük Köç Yoluna - İpək Yoluna səsləmişdi. “Su axan yerdən bir də axar” hikmətinə tapınan Aida xanım Şərq düşüncəsi, Şərq təfəkkürü və şərqli məhəbbəti ilə Azərbaycan elminin, mədəniyyətinin ləyaqətli təmsilçisi olmuşdu. Dünyanın bir çox ölkələrinə həmin böyük Köç Yolu vasitəsi ilə qovuşan, Şərq və Qərbin ədəbi-fəlsəfi, etik və estetik dəyərlərini, düşüncə sistemlərini tədqiq etməklə Şərq filosoflarının dərin fəlsəfəsinə tapınırdı. Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Poltavada, Hamburqda, Halledə və digər neçə-neçə şəhərlərdə, elm mərkəzlərində Şərq mənəvi dəyərlərini məhv etməyə heç bir imperiyanın qüdrətinin yetməyəcəyini elmi mülahizələri ilə sübut edirdi. Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin və Ümumittifaq Koordinasiya Şurasının üzvü kimi Şərqdən ruh alan şərqşünaslara istiqamət vermək də Aida xanıma nəsib olmuşdur.
Şeyx Cəmaləddin Əfqaninin XIX yüzildə qaldırdığı ideya və məfkurə birliyi, Şərq-Qərb dəyərlərinin sintezi ideyaları XX yüzildə təsdiq məqamına qovuşduqca Azərbaycanın ilk qadın şərqşünası Aida xanım İmanquliyeva da öz sözünü deyir, bu fikirlərə dəstək olurdu. Rus imperiyasının içərilərində yaşaya-yaşaya SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda dissertasiya müdafiə etmək, dünyanın məşhur şərqşünaslarını razı salmaq üçün yüksək savada, ali təfəkkürə malik olmalıydın. Tarixi şərait bu qüdrətli alimin ideyalarını bütövlükdə açmağa imkan verməsə də, Aida xanım şərqşünas alim, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru kimi məqam düşdükcə, şərait yetişdikcə sözünü deməyə cəsarət tapırdı. Zaman-zaman mənəvi terrora, hücumlara məruz qalan Şərqin, Şərq dəyərlərinin bir növ himayədarına çevrilən Aida xanım instituta yeni qədəm qoyan aspirant və dissertantları məhz Şərqin və türk dünyasının böyük dərinliklərinə istiqamətləndirir, dünyanın bu böyük sərvət və mədəniyyətindən qidalanmaq üçün onlara yol göstərirdi. XIX-XX yüzilliklərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan yazarlarının simasında ərəb-mühacirət ədəbiyyatını tədqiq edən Aida xanım mühacirəti vətəndə çürüməkdən, boğulmaqdan üstün tutan azad sözə, açıq fikrə can atmış ərəb ziyalılarının simasında Əhməd bəy Ağaoğlu, Almas İldırım, Ceyhun bəy Hacıbəyli kimi məşhur ziyalıların faciəsini sovet imperiyasının diqqətinə çatdırmaq istəyirdi. O həm də sübut etmək istəyirdi ki, Şərqin belini cəhalət qırdığı kimi, rus imperiyasının, şura hökumətinin də dizlərini insanların, millətlərin məhbəsinə dönmüş quruluş yıxacaq. Bu, 1960-cı illər idi. Cəmi 20 il sonra dünya yenidən qurulacaq, imperiya xofu millətlərin istiqlal savaşı, azadlıq istəyi ilə yoxa çıxacaqdı.
O, həmişə müqəddəs elm məbədi kimi baxdığı akademiyaya ən gənc əməkdaş kimi qədəm qoymuşdu. İş otağına çatanda öz doğmalarını, universitet auditoriyalarından tanıdığı müəllimlərini və tələbə yoldaşlarını görmüşdü. Ərəb ədəbiyyatı qrupunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan Aida xanım çox keçmir ki, baş elmi işçi dərəcəsi alır. 1976-cı ildə hər şey dəyişir. “Ərəb ədəbiyyatı qrupu”nun bazasında ərəb filologiyası şöbəsi yaranır, Aida xanım müdir seçilir. Gənc, istedadlı, Şərqi və millətini sevən Aida xanımın qayğısı və rəhbərliyi ilə on nəfər aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edərək şərqşünas alim kimi yetişir.
Hadisələrin kələfinin dolaşdığı, milli azadlıq hərəkatının tüğyan etdiyi dövrdə - 1988-ci ildə Aida xanım institutun direktor müavini vəzifəsinə irəli çəkilir, bir il sonra yuxarıda qeyd etdiyimiz kimi Tbilisidə doktorluq dissertasiyası müdafiə edir. 1991-ci ildə bir çoxları çörək pulu dalınca qaçıb akademiyadan uzaqlaşdığı halda Aida xanım zərif çiyinlərini elm yükünün altına verir. Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Şərqşünaslıq İnstitutuna direktor təyin olunur.
Onun direktor olduğu illərdə Şərqşünaslıq İnstitutunda görülən işlər indi də yüksək qiymətləndirilir. Evinin, ailəsinin səliqə-sahmanını, xeyirxahlığını, ucalığını, səmimiyyətini, ülfətini götürüb instituta gələn Aida xanım öz kübarlığını vəzifənin müxtəlif pillələrində də qoruyub saxladı. Rəhbərlik etdiyi dövrdə əsl ziyalı kimi fəaliyyət göstərdi. Daşıdığı vəzifəni nurlu dünyası, xeyirxah əməlləri ilə işıqlandıran Aida xanım bu səbəbdəndir ki, institut işçilərinin yaddaşında kübarlıq, xeyirxahlıq, ziyalılıq mücəssəməsi kimi qaldı.
O illərdə Şərqşünaslıq İnstitutunda hazırlanan elmi əsərlər, işıq üzü görən kitab və monoqrafiyalar, tərcümə topluları, məqalələr məcmuəsi onun bir direktor kimi təşkilatçılıq bacarığından, elmi rəhbər kimi qüdrətindən, mütərcim kimi istedadından, şərqşünas alim kimi yaddaş sevgisindən soraq verir. Həmin dövrdə “Ərəb filologiyası məsələləri” adlı məqalələr toplusu çap olunur. Aida xanımın rəhbərliyi ilə nəşrə hazırlanan bir neçə tərcümə kitabı da onun ədəbi-mədəni əlaqələrimizin inkişafına göstərdiyi böyük xidmətindən, Şərqə sevgisindən irəli gəlirdi. Aida xanımın bu illər ərzində ən böyük xidmətlərindən biri də ərəb ədiblərinin əsərlərindən ibarət “İnsan və quş” adlı hekayələr məcmuəsi, “Ağ günlərin sorağında” almanaxı çap etdirməsi idi.
Aida xanım öz əsərləri ilə Azərbaycan-ərəb ədəbi əlaqələrinin yeni mərhələsini yaratdı. Onun bu əlaqələrdən yazdığı dövrdə isə artıq bütün körpülər qırılmışdı. Bu əlaqələrin mərkəzi olmuş SSRİ dağılmışdı. Belə bir məqamda neçə-neçə şərqşünas alim yetişdirmək, elmi əsərlər, məqalələr, monoqrafiyalar çap etdirmək, konfrans və simpoziumlar təşkil edib məruzələrlə çıxış etmək böyük şərqli istedadı, vətənpərvər ziyalılığı ilə bağlı idi. Aida xanımın Şərqşünaslıq İnstitutunun direktoru olduğu illərdə həmişə qaynar elmi mühiti ilə seçilən akademiyanın institutlarında və şöbələrində Şərqin qaranlıq gecələrinin sükutu hökm sürürdü. Çölündə isə mitinqlər. Çıxış edənlər, özünü millətə vətənpərvər ziyalı kimi tanıtmağa çalışanlar akademiyanın da sovet quruluşundan qalma bir miras kimi məhv olmasına çalışır, burada illərlə ömrünü əritmiş ziyalıları, alimləri imperiyanın nökərləri hesab edirdilər. Məhz Aida xanım kimi ziyalıların, institut rəhbərlərinin xidmətləri, qayğı və diqqəti nəticəsində bu elm məbədi məhv olmaq təhlükəsindən xilas edildi. 1993-cü ildən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu böyük elm mərkəzi, müqəddəs ocaq, elm fədailərinin işıq payladığı məbəd Milli Elmlər Akademiyasına çevrilib əvvəlki şöhrətinə qayıtdı.
Azərbaycanın elm tarixinə yazılan elə qüdrətli ziyalılar, təməli halallıqdan, müqəddəslikdən qoyulan ailələr var ki, təkcə universitet onların deyil, həm də onlar universitetin alın yazısı, xoşbəxtlik payıdır. Görkəmli alimlərimiz, universitetin ilk qurucularından sayılan Əziz Əliyevin, Yusif Məmmədəliyevin, Mirzə Feyzulla Qasımzadənin, Mir Cəlal Paşayevin, Cəfər Xəndanın, Əli Sultanlının, Nəsir İmanquliyevin və digər məşhur ziyalıların həyatında, yaradıcılığında, pedaqoji fəaliyyətində, müəllim, alim, ictimai xadim kimi nüfuz qazanmasında bu təhsil ocağının, onun pillə-pillə inkişafında isə bu məşhur simaların və onların soyunun davamçısı olan övladlarının xüsusi yeri var.
Aida xanım dünyasını tez dəyişdi. 1992-ci il sentyabrın 19-da universitet özünün ləyaqətli, xeyirxah müəllimini, şərqşünaslıq elminin aparıcı simalarından birini itirdi! “Gəlimli, gedimli, son ucu ölümlü dünya”da heç kəs əbədi deyil. Əbədi olan amal və əməldir. Aida xanım özünün amalı, əməli, fitri istedadı, analitik təfəkkürü, sanballı əsərləri, yetirmələri ilə köçdü yaddaşlara!
Bu gün də onun əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Elmi irsi araşdırılır və təbliğ olunur. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki Şərq-Qərb münasibətlərində tam harmoniya bərqərar olmayıb, insanlar daim Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək, gələcək nəsillər onu həmişə minnətdarlıqla xatırlayacaqlar.
Görkəmli alimin böyük arzuları, azad Azərbaycanla bağlı düşüncələri indi qızlarının - Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, elmi əsərləri ilə filoloji və fəlsəfi fikir tariximizdə yeni cığır açan AMEA-nın müxbir üzvü, professor Nərgiz xanım Paşayevanın genişmiqyaslı, möhtəşəm layihələrində həqiqətə çevrilir!
Tanrı Aida xanımı gerçəkdən xoşbəxt yaratmışdı. İstedadı, ləyaqəti, nəcibliyi və xeyirxahlığı ilə Şərq qadınlığına, ana ucalığına nümunə olan Aida xanımın ən böyük xoşbəxtliyi onun soy müqəddəsliyi, genetik kodları ilə bağlı idi. Elmi, təhsili, savadı, geniş dünyagörüşü həyatda qazanmaq olur. Bir çox digər dəyərlər isə İlahidən insana nəsib olan ən böyük səadətdir. Bu səadət Aida xanımın simasında həm də universitetimizin boyuna biçilmişdir.

 

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik

Vasim MƏMMƏDƏLİYEV,
akademik

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024