Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

12/06/2018

İnsan dünyaya gələrkən onun alın yazısıda özü ilə gəlir. Bir ömür boyu üzərinə düşəcək missiya da sanki elə o alın yazısında əks olunur. İnsanların xarakteri, danışığı, davranışı, dünyagörüşü müxtəlif olduğu kimi, seçdikləri peşə və tutduğu mövqe də müxtəlifdir. Fikrimcə o kəslər xoşbəxtdir ki, möhkəm iradəsi, əqidəsi, cəmiyyətdə yeri və öz mövqeyi vardır. Bu xoşbəxtliyi daha da artıran səbəblərdən biridə insanın sağlığında çəkdiyi əziyyət və yaxşı əməlləri onu dünyasın dəyişəndən sonra da  yaşatması, insanların və tarixin yaddaşında saxlamasıdır. Belə unudulmaz insanlardan biri də 12 iyun 1928-ci ildə  Ağstafa rayonunun Muğanlı kəndində Mustafa müəllimin və Xədicə xanımın ailəsində doğulan Hüseyinov İsa Mustafa oğludur. (İsa Muğanna) XX əsrin 20, 30, 40-cı illərində bir kəndin, bir rayonun tanıdığı İsa Hüseyinovu daha sonra bütün Azərbaycan, hətta ölkə sərhədlərindən kənarda da tanıdılır.

İsa Muğannanın ədəbiyyata gəlişinin də təsadüfü olmadığını deyərdim. Sanki ədibimizin alın yazısında ədəbiyyatımızın böyük nümayəndəsi olacağı əvvəlcədən yazılmışdır. İsa Muğanna 1945-ci ildə Tibb İnstitutuna daxil olsa da öz istəyi ilə institutda  təhsilini yarımçıq dayandırmış, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub, 1950-ci ilə qədər təhsil almış, daha sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat institutunda davam etdirmiş, ədəbiyyat üzrə ixtisasa yiyələnmişdir.

İsa Muğannanın çoxşaxəli və sanballı yaradıcılığı deməyə əsas verir ki, ədibimiz ixtisasca  ədəbiyyatçı olsa da o, tarixi, fəlsəfəni, sosiologiyanı da dərindən bilmişdir. Muğanna həyatda müxtəlif missiyaların aparıcı qüvvəsi olmuşdur. Övlad, qardaş, həyat yoldaşı, ata, baba, yazıçı, müəllim. Bütün bunların fövqündə yaxşı insan. Düzdür, mənim böyük yazıçımız İsa Muğanna ilə şəxsən əyani görüşüm təəssüf ki, olmayıb, amma müəllimlərimdən, yazıçımızı tanıyan insanlardan eşitdiklərim və ədibimizin yazdığı əsərlər İsa Muğannanı mənə tanıtdırdı, özümə inamlı şəkildə yaxşı insan ifadəsini işlətməyə tam imkan verdi. Muğannanın üzərinə düşən missiyaları sayarkən müəllim ifadəsini əbəs yerə işlətmədim. Ədibimiz pedaqoji fəaliyyətlə məşğul olmasada, ancaq onun yazdığı əsərlər oxucunu heyrətləndirmək, düşündürmək və ümüdləndirməklə bərabər həm də yol göstərir, öyrədir, elə bu öyrətməklədə bir müəllimlik missiyasını yerinə yetirir. Muğanna yaradıcılığa kiçik hekayə ilə başlasa da daha sonra “Tütək səsi”, “Quru budaq”, “Saz”, “Qırx kisə qızıl” povestləri “İdeal”, “Məhşər”, “Qəbiristan”, “Türfə” kimi romanları bundan başqa “Gur Ün”, “İlan dərəsi”, “Kollukoxa”, “İsahaq-Musahaq” kimi əsərləri onu Azərbaycan ədəbiyyatının böyük nümayəndəsinə çevirdi. Tam inamla və birmənalı şəkildə deyə bilərik ki, İsa Muğanna XX əsr Azərbaycan Fəlsəfi ədəbi nəsrinin sütunu və böyük nümayəndəsidir. Müəllif  “İdeal” romanını 1985-ci ildə qələmə almağa başlayıbsada, əsər XX əsrin 40-50-ci illərindən bəzən də bir az əvvəllərdən bəhs edir. Keçən əsrdə yazılan bu əsər XXI əsrin ilk rübündə də öz aktuallığını və əhəmiyyətliliyini qoruyub saxlamışdır.

Şairin və ya yazıçının məharəti ondadır ki, həyatda baş verən hadisələri bədii ədəbiyyata gətirib obrazların dili ilə oxucuya təqdim edə bilsin. İsa Muğannanın özünə məxsusluğu elə bundadır ki, ədibimizin yaradıcılığında avtobioqrafik obrazlar daha çox yer alır, digər xüsusi diqqət çəkən məqam isə yazıçı tarixi şəxsiyyətlərin avtobioqrafik obrazlarını böyük ustalıqla yaratmaqla bərabər, eyni zamanda özünün tanıyıb bildiyi, haqqında eşitdiyi insanların avtobioqrafik obrazlarını da bədii ədəbiyyatda böyük məharətlə nümayiş etdirmişdir. Dövrün tələblərinə uyğun İsa Muğannanın qələmi müəyyən məqamlarda sıxılsada, lakin yazıçı qələminin mürəkkəbi bir anda olsun qurumayaraq, cəsarət, qətiyyət və iradəni nümayiş etdirməyi bacarıb. Bu baxımdan da ədibin çoxşaxəli yaradıcılığı elmi tədqiqat obyekti olaraq son dərəcə əhəmiyyətlidir. İsa Muğannanın yaradıcılığı 60-70, 80-ci illərdə oxunaqlı olmağı ilə bahəm ədəbi tənqid baxımından da diqqət mərkəzində olmuşdur. Ədibin yaradıcılığı ilə bağlı son dövrlər elə bu günün özündə də elmi məqalələr, dissertasiya işləri və monoqrafiyalar yazılır və yazılmaqdadır.

Ədibin yaradıcılığı ilə bağlı əməkdar elm xadimi, böyük ziyalı, akademik Nizami Cəfərov, professorlar Cəlal Abdullayev, Akif Hüseynov, ədəbiyyatşünas alimlər Sevinc Muğanna və Şəmil Sadiq sanballı, elmi baza rolunu oynayan elmi əsərlər yazmışdırlar. Muğanna yaradıcılığı yalnız ədəbi əsərlərlə məhdudlaşmır, eyni zamanda xalq yazıçısı neçə-neçə filmin ssenari müəllifi olmuşdur. Buna misal olaraq “Tütək səsi”, “Nəsimi” və sairə filmləri göstərə bilərik.

İsa Muğannanın yaradıcılığına və şəxsiyyətinə dövlətimiz də daima önəm vermişdir. Ədibin Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları ilə yanaşı “İstiqlal” ordeninə layiq görülməsi və 31 may 2018-ci il prezident cənab İlham Əliyevin İsa Muğannanın 90 illik yubleyinin Dövlət səviyyəsində keçirilməsi haqqında imzaladığı sərəncam İsa Muğannaya və onun yaradıcılığına, ümumən ədəbiyyatımıza verilən dəyərdir.

 

 

Ülvi Aydın

Bakı Dövlət Universitetinin

Filologiya fakültəsinin doktorantı, prezident təqaüdçüsü, AYB-nin üzvü

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024