C/2022 E3 yaşıl kometi 50000 il sonra Yerə yaxınlaşır

26/01/2023

C/2022 E3 yaşıl kometi Yerə yaxınlaşır. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq. Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında  görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.

C/2022 E3 kometi 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olmuşdu. Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn etmişdilər,  heç bir halda kometə bənzəmirdi. Lakin Günəşə yaxınlaşdıqca obyekt kometə xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılımtıl koma və quyruğu nümayiş etdirməyə başladı. Sonrakı hesablamalar göstərdi ki, komet çox dartılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik vahiddir.  Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022  E3 kometi milyardlarla kometin olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50000 il əvvəl Yer kürəsinin  yaxınlığından keçib.

Günəşin ultrabənövşəyi şüalarının təsirindən  iki atomlu karbon molekullarının- dikarbonun parçalanması prosesi (bu prosesə fotodissosiasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometin başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, iki atomlu karbonun mövcud olması kometə yaşıl rəng verir. İki atomlu karbon molekulları fotodissosiasiya prosesi nəticəsində nüvədən uzaqlaşmamış parçalandığından onlar kometin quyruq hissəsinə düşə bilmirlər və ona görə quyruq yaşıllaşmır.

Ehtimal olunur ki, budəfəki gəliş C/2022 E3  kometinin son gəlişidir. Çünki nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə onun trayektoriyası dartılıb, uzunsov ellipsdən açıq hiperbolaya çevrilib. Beləliklə, C/2022 E3  kometi bu səfərdən sonra Günəş sistemini həmişəlik tərk edəcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024