CAVİDŞÜNASLIQDA YENİ MƏRHƏLƏ

01/11/2018

Azərbaycan ədəbiyyatında elə yaradıcı şəxsiyyətlər, elə bədii düşüncə sahibləri var ki, onların öz bədii əsərlərində təqdim etdikləri estetik ideallar, sənətkarlıq məqamları ətrafında nə qədər tədqiqatlar aparılsa da, az görünür, bir sıra hallarda yeni yanaşmalara, yeni interpretasiyalara ehtiyac duyulur. Hüseyn Cavid tamamilə özünəməxsus elə bir yaradıcılıq məktəbinin sahibidir ki, bu məktəbin bədii davamçıları bir yana, onun tədqiqatçıları da hər yeni zaman çağında, yeni sözə, yeni yanaşmaya ehtiyac duyulan tarixi anda bu yaradıcılığa qayıtmağı, onu yeni rakursda, yeni ideoloji məqamın imkanları şəraitində bir daha elmi tədqiqata cəlb etməyə cəhd göstərirlər. Burada “yeni zaman”, “yeni ideoloji məqam” anlayışlarını nahaqdan işlətmirik. Hüseyn Cavid sovet ideologiyasının ağır basqıları altında yazıb-yaratmış, bu basqıların – repressiyanın ədalətsiz, allahsız, qanunsuzluq aktlarının qurbanı olmuşdur. Repressiyanın haqsız qurbanlarının bəraətindən sonra – 1950-ci illərin sonundan onun haqqında müəyyən dərəcə (!) obyektiv söz deyilmiş, tədqiqatlar aparılmışdır. Ancaq bu tədqiqatların da əksəriyyətində hələ sovet ideologiyasının təsiri duyulmuş, ədibin xalqa, millətə, milliliyə bağlı yaradıcılıq dünyasını tam açıqlamaq mümkün olmamışdır. Ta o zamana qədər ki, Ümummilli liderimiz Heydər Əliyev sovet ideologiyasının ən kəskin vaxtında bu böyük millət fədaisinin qəbrinin uzaq Sibirdən Naxçıvana gətirilməsinə nail olmuşdur. H.Cavid şəxsiyyətinə yaraşan bu tədbirdən sonra onun haqqında yüzlərlə məqalə və elmi əsər ortaya çıxmışdır. Azərbaycanın yeni müstəqilliyi və bu müstəqilliyin ortaya qoyduğu azərbaycançılıq ideologiyası bu gün H.Cavid yaradıcılığına bu yaradıcılığın tam mənası ilə layiq olduğu milli kontekstdən yanaşmanı labüd etdi. Bu dövrdən onun yaradıcılığına yeni baxış özünü tam şəkildə göstərdi. Belə tədqiqatlar sırasında Azərbaycan klassik irsinə böyük vətəndaşlıq sevgisi ilə yazıb-yaradan, azərbaycançılıq ideologiyasının mükəmməl tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, şair, nasir və publisist Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” adlı fundamental monoqrafiyası çox mühüm yer tutur. Etiraf edək ki, istər bədii, istərsə də elmi tədqiqat obyekti kimi seçilən yaradıcılıq faktı elə-belə - göydən düşmə olmur. Böyük Səməd Vurğun “Vaqif” pyesində ağır repressiya çağında hökmdar – sənətkar münasibətlərini qələmə almaqla hökmdara – 1930-cu illər bolşevik ideologiyasına üsyan etdi. Mirzə İbrahimov “Böyük dayaq” romanı ilə şəxsiyyətə pərəstişin cəmiyyətə vurduğu yaraları göstərdi. Rəsul Rza “Qızılgül olmayaydı” poeması ilə Müşfiqə göstərilmiş haqsızlığı hədəfə aldı və s. Sona xanım Vəliyeva klassikadan böyük dərs almış bir tədqiqatçı kimi Hüseyn Cavidi araşdırma obyekti seçdi. Həm də bu fundamental monoqrafiyadan əvvəl ona məqalələr həsr etdi, ədibin 135 illik yubileyi ərəfəsində özünün vətəndaşlıq layihəsi olan “Kaspi nəşrləri” seriyası formatında bu tədqiqat obyektinə sevgisini ifadə edən “Hüseyn Cavid-135” adlı kitab nəşr etdirdi. Antologiya formatında olan bu kitabda da H.Cavid barəsində söz deməyə hər kəsdən artıq haqqı olan Heydər Əliyevin Sərəncamı, onun özünün təşəbbüsü ilə ədibin məqbərəsi üstündə qoyulmuş abidənin açılışı mərasimindəki çıxışı, ədibin ev-muzeyinin açılış mərasimindəki nitqi, bu mərasimdə Heydər Əliyevin Turan Cavidlə yaddaşlarda iz salmış dialoqu, Ulu Öndərin H.Cavidin nəşinin Vətənə qaytarılması, məqbərəsinin ucaldılması və ev-muzeyinin açılması ilə bağlı tarixi xidmətlərini əks etdirən tarixi fotoların təqdimi, Sona xanımın kitaba ön söz kimi yazdığı “Tanrının sevdiyi səma şairi” adlı böyük bir məqaləsi və şairə həsr edilmiş müsabiqə şeirləri yer almışdır. Sona xanımın rəhbərliyi ilə nəşr edilmiş foto-albomlar və digər materiallar artıq bizə vəd edirdi ki, günlərin bir günü bu tədqiqatçı mütləq Hüseyn Cavid yaradıcılığına kompleks baxışı ortaya qoyacaqdır.

Monoqrafiyanın maraqlı bir kompozisiyası var. Altı mühüm bölmədən ibarət olan kitabın ilk bölməsi Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin və onun milli ideologiyasının davamçısı, müasir Prezidentimiz İlham Əliyevin böyük ədibimiz haqqında sərəncamları təşkil edir.

Əslində belə kitablar hər şeyə şahid təkcə bu günkü nəsil üçün deyil, daha çox sabahkı nəslə - ictimai fikrə, yaradıcı şəxsiyyətlərə tarixin çeşidli zaman mərhələlərindən baxmaq arzusunda olacaq sabahkı nəslə ünvanlanır. Ona görə də Hüseyn Cavid kimi işıqlı ziyalıların haqq yoluna müstəqil dövlətimizin və onun ən yüksək eşalonunda dayanan rəhbərlərin qayğı və diqqəti təkcə bu günkü nəslin deyil, həm də sabahkı nəslin yaddaşına çökməlidir.

Ümummilli liderimiz Heydər Əliyevin hələ 2002-ci il oktyabrın 23-də imzaladığı Sərəncamda Hüseyn Cavid yaradıcılığı belə qiymətləndirilir: “Hüseyn Cavid klassik milli ədəbiyyatın ənənələri ilə yeni dövrün bədii və fəlsəfi axtarışları arasında vəhdət yaradaraq XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii – estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarından alır”. Hörmətli Prezidentimiz İlham Əliyev də H.Cavidin 125, 130 və 135 illiyində bu yubileylərin ümumxalq mədəni hadisəsi kimi keçirilməsini qərara alan sərəncamlarında bu dahi sənətkarın yaradıcılığını yüksək qiymətləndirmiş, onu “son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi – mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarı” kimi xarakterizə etmişdir. Prezidentin 2017-ci il oktyabrın 24-də imzaladığı Sərəncamdan belə bir abzası yazımıza köçürməyə bilmədik: “Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir”.

Monoqrafiyanın müəllifi Sona Vəliyeva Hüseyn Cavid yaradıcılığına elmi yanaşmanın bütün məqamlarında dahi şairimizin yaradıcılığına dövlətin iradəsinin ifadəsi olan bu tezisləri əsas götürmüş, tamamilə yeni və orijinal bir tədqiqat əsəri ortaya qoymuşdur. Tədqiqatın bu yeniliyini və orijinallığını kitaba qısa, lakin çox məzmunlu bir ön söz yazmış AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Kamran Əliyev tamamilə haqlı qeyd edir ki, “Hüseyn Cavid yaradıcılığının yeni istiqamətdə tədqiqinə başlamaq bir sıra çətinliklərlə üz-üzə qalmaq deməkdir”. Görkəmli ədəbiyyatşünas alim bu çətinliyi üç mühüm faktorla əsaslandırır: birincisi, “görkəmli sənətkarın bədii irsinin orijinal ədəbi hadisə olmasıdır”, ikincisi, ədibin mürəkkəb ictimai-tarixi şəraitdə - “XX əsrin əvvəllərinin Azərbaycan bədii düşüncə sistemində təşəkkül tapıb formalaşan romantizm ədəbi cərəyanının ən görkəmli nümayəndəsi” olmasıdır, üçüncüsü, ədəbi-tənqidi fikrin və ədəbiyyatşünaslığın Hüseyn Cavid estetikasına çoxtərəfli yanaşması və bu yanaşmalarda filoloji elmimizin, sənətşünaslıq və fəlsəfənin çoxspektrli alimlərinin birbaşa iştirakıdır. Və ümumiləşdirdiyimiz bu elmi həqiqətlərdən sonra Kamran Əliyev belə bir nəticəyə gəlir: “Hüseyn Cavid yaradıcılığına yanaşmanın bu cür çətinliklərinin məlum olduğu bir vaxtda filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” adlı monoqrafiyası qələmə alınıb. Monoqrafiyanın ilkin özəlliyi H.Cavid yaradıcılığının bütün nümunələrinin  - şeir, poema, mənzum faciələr, mənsur pyeslər, hətta ədəbi-publisistik məqalələrinin hamısının bir yerdə sistemli şəkildə tədqiqata cəlb edilməsidir. Belə bir yanaşma onun ədəbi irsini bütöv anlamda öyrənməyə imkan yaratmışdır. Şübhə yoxdur ki, hər hansı bir sənətkarın bütün faktlarının nəzərə alınması ilə irəli sürülən nəticələr daha elmi xarakter daşıyır. Bu mənada monoqrafiya tədqiqat obyektinə hərtərəfli yanaşmaq baxımından ondan əvvəl H.Cavid yaradıcılığı ilə bağlı yazılmış bir çox kitablara da üstün gəlir”.

Əlbəttə, monoqrafiyanın müəllifi XIX əsrin II yarısı və XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi fikrini özünün digər tədqiqat əsərlərində araşdırmışdır və onu Hüseyn Cavid yaradıcılığına məhz bu araşdırmalr gətirmişdir. Azərbaycan oxucusu Sona xanım Vəliyevanın Azərbaycan sevgisinə və bu sevgini yaşamış sənətkarlara ehtiramına onun bundan əvvəlki əsərlərindən yaxşı bələddir. Bu mənada oxucu onu Həsən bəy Zərdabiyə həsr olunmuş “İşığa gedən yol” romanından, ayrı-ayrı klassik ictimai xadimlərimizə həsr olunan “Ruhun yaddaşı” kimi fundamental məqalələr toplusundan, “Kaspi nəşrləri” layihəsinin rəhbəri kimi çap etdirdiyi saysız-hesabsız kitablarından tanımaqdadır. S.Vəliyevanı ən çox maraqlandıran yazıçı, şair və alimlərin Vətən sevgisi ilə yoğrulan yaradıcılığıdır. Onun tədqiqat əsərlərinin obyektləri millət və xalq yolunda ölüm-dirim mücahidləridir. Hüseyn Cavid isə bu idealın zirvəsində parlayan bir mücahid kimi Sona xanımın ən çox müraciət etdiyi sənətkardır. Tədqiqatçının uzun müddətdən bəri öyrəndiyi H.Cavid bu əsərdə bütöv şəkildə təhlilə cəlb olunur. Əsərin “Poeziyadan dramaturgiyaya” adlı bölməsində H.Cavid ilk növbədə romantik bir şair kimi təqdim olunur və onun yaratdığı gözəllik obyektinin aydın konturları təsvir edilir. Bu yerdə poeziyanın romantik faktlarını dilə gətirərkən tədqiqatın elmi üslubu, qanunauyğun olaraq, bədii-publisistik üslubla birləşib aydın bir sinxronluq təşkil edir: “Caviddə gözəllik axtarışı həqiqət axtarışı ilə birləşir. Harada həqiqət varsa, o, İlahi sevgidir. Romantik sənətkarın İlahi sevgisi olmasaydı, şair bu gözəlliyi olduğu qədər, o səviyyədə bizə çatdıra bilməzdi. H.Cavidin həqiqət axtarışı onun ruhunda və təbiətindədir. Tanrı insanı yaradanda ilahi sevgi də onunla birgə doğulur. Romantik sənətkarın bir rəsm qarşısında – həqiqi gözəllik önündə heyrəti İlahinin şairin qəlbinə bəxş elədiyi heyrətdir”. Tədqiqatçı H.Cavidin “Bir rəsm qarşısında” şeirini bu tərzdə təhlil edir. Və bu təhlildən sonra adam bir daha qayıdıb o şeiri bütöv olaraq oxumalı olur. Ümumiyyətlə Sona xanım Cavid romantikasını daha çox Tanrı və İlahi anlamları ilə birləşdirir və təhlilin bir çox məqamlarını bu tandemdə təqdim edir. “Gözəlliyin romantikası” bu təhlillərdə ən adi oxucuya da çatır və təqdim olunan nümunələr onu yenidən həmin əsərə ünvanlayır. Bölmənin “Adəmin Yerə enməsi”, “Qoca türkün monoloqu”, “Romantik şeirdə dialoq”, “Monoloq və dialoqların vəhdəti”, “Azər”, “Janrın imkanları”, “İlk “Şeyx Sənan” kimi hissələri H.Cavid yaradıcılığına yeni elmi baxış faktları kimi diqqəti cəlb edir. Bu bölmə bütövlükdə H.Cavidin ilk yaradıcılıq kredosunu müəyyənləşdirir və onun ədəbi janrlara keçid mərhələsini aydınlaşdırır. Həqiqətən də H.Cavid ədəbi yaradıcılığın bütün janrlarında əsərlər yaratmış nadir sənətkarlardandır və bu janrların heç biri onun üçün eksperiment xarakteri daşımayıb. Çünki “bir sənətkar kimi onun üçün bir janrdan başqasına keçmək yeni yaradıcılıq üfüqlərinə üz tutmaq, yaradıcılıq genişliyi baxımından çox cazibədar idi”. Biz dünya ədəbiyyatında maarifçiliyin intişar tapdığı mərhələlərdə həqiqi sənətkarın xalqa söz demək istəyindən doğan janr müxtəlifliyinə müraciətini də çox görmüşük. Rusiyada A.Çexovu, Fransada O.Balzakı, Yaponiyada Kobo Abeni, Azərbaycanda C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, B.Vahabzadəni belə görmüşük. Monoqrafiyada Cavidşünas tədqiqatçıdan gətirilən aşağıdakı sitat böyük ədibin janra şüurlu və yaradıcı münasibətini dəqiq ifadə edir: “Ədəbiyyatımıza ilk mənzum dram əsərləri, yeni janr xüsusiyyətləri, mövzu, məzmun fərqlilikləri, mürəkkəb ideyalar sistemi, möhtəşəm obrazlar qalereyası, yeni vəzn keyfiyyətləri, Avropa poeziya janrları gətirən H.Cavid bədii yaradıcılığın imkanlarının, fəaliyyət məqsədinin daha geniş və müqəddəs olduğunu sübut etdi”.

S.Vəliyeva H.Cavid yaradıcılığından gətirdiyi çoxsaylı misallarla sübut edir ki, “janr etibarı ilə çoxsahəli istiqamətdə yazıb - yaradan ədib istər şair-dramaturq, istər filosof, publisist, maarif və elm xadimi kimi cəmiyyətə lazım olan, günün vacib tələbi ilə səsləşən fikirlərini fərqli forma axtarışlarında ifadə edirdi”. Bundan sonra tədqiqatçı dərin elmi yanaşma ilə təhlil etdiyi “Şeyx Sənan” dramatik-mənzum faciəsinə keçidin mənasını anladır. Maraqlı faktdır ki, monoqrafiyanın “Əfsanə və romantik düşüncə” kimi ciddi təhlillər tələb edən hissəsində tədqiqatçı xalqın qəlbində, şifahi düşüncədə əsrlərdən bəri qərarlaşmış əfsanələrin yazılı ədəbiyyata transformasiyasını N.Gəncəvinin və M.Füzulinin “Leyli və Məcnun” poemaları ilə yada salır, amma bu, sadəcə yadasalma formatında deyil, ciddi elmi təhlillər əsasında baş verir ki, yalnız bundan sonra H.Cavidin “Şeyx Sənan” əsərinə keçid alır. Müəllif ilk növbədə böyük tənqidçi və ədəbiyyatşünas Yaşar Qarayevin belə bir tezisinə söykənir ki, “Şeyx Sənan” aşiqanə - fəlsəfi faciədir. Hüseyn Cavid yaradıcılığının “Leyli və Məcnun”udur”. Və müəllif özü belə bir elmi həqiqəti postulat səviyyəsinə qaldırır ki, “hər üç əsərdə əfsanə ilə romantik metodun vəhdəti vardır”. Və müəllifin ehtimalına görə bu da H.Cavidin klassikaya, xüsusilə Nizami və Füzuli ənənələrinə sədaqətindən irəli gəlmişdir.

Ayrıca qeyd etməyi lazım bilirik ki, monoqrafiya müəllifinin bu bölmədəki qənaətləri cavidşünaslıqda çox yeni elmi tapıntılar sırasına daxil edilməlidir.

H.Cavid yaradıcılığında şifahi ədəbiyyata, xüsusilə mifoloji aləmə münasibət əsərin “Mif və reallıq” bölməsində təhlil olunur. Müəllif  burada belə bir maraqlı sual qoyur: “Allah insanı nə üçün yaratdı və onun Yer üzündə rolu nədən ibarətdir? Öz nurundan verib şərəfləndirdiyi insan onu daim azdırmaq, çaşdırmaq istəyən İblisə hansı böyük əməlləri ilə qalib gələ bilər?” Və tədqiqatçı özü də deyir ki, bu suallara cavab onun bütün əsərlərində görünməkdədir. Burada Sona xanımın çox maraqlı bir müşahidəsi var: “Cavid yaradıcılığında ciddi bir ənənə mövcuddur. Belə ki, əvvəlcə “Şeyx Sənan” adlı şeir, sonra isə “Şeyx Sənan” faciəsi yazılıb. Əvvəlcə “Hübuti-Adəm” şeiri, sonra isə “Peyğəmbər” pyesi qələmə alınıb. Əvvəlcə “Hərb və fəlakət” şeiri, “Müharibə və ədəbiyyat” məqaləsi, sonra isə “İblis” əsəri meydana çıxıb. Bunlar H.Cavidin monumental mövzuya mərhələ-mərhələ gəlməsinin sübutudur. Müəllif mövzuya belə bir yanaşmanı H.Cavidin özünün fərqli və təkrarolunmaz yaradıcılıq kredosu kimi qiymətləndirir.
Burada mifoloji iblis obrazı və bütövlükdə “İblis” faciəsi H.Cavidin yaşadığı mühitin xarakterini açmaq üçün istifadə edilən bir fakt kimi araşdırılır. Həqiqətən də XX əsrin I yarısı Azərbaycan ictimai-siyasi mühiti bir tərəfdən dağıdıcılıq funksiyasını yerinə yetirən İblis, yəni dövrün şər qüvvələri, digər tərəfdən bu şər qüvvələri rəhmə, ədalətə çağıran Mələk. Bu əsər heç vəchlə bir məkanın, bir xalqın faciəsini deyil, bütövlükdə  bəşəriyyətin faciəsini ortaya qoyur ki, bu həm də dünyanı odlara qalamaq istəyən müasir güc dövlətlərinə, nüvə hədələrinə bir çağırışdır.

Monoqrafiya müəllifi əsərdə çox maraqlı bir kompozisiya təqdim edir. Bir az əvvəl iblisin dünyanı, insanlığı məhv etmək hərəkəti, sonrakı bölmədə isə “Peyğəmbər və əxlaqi dəyərlər” sistemi. Bu yerdə müəllif Məhəmməd Peyğəmbər haqqında alman ədibi və filosofu Hötenin də əsərini xatırladır, onun maraqlı bir fikrini qeyd edir: “Biz avropalılar mədəni imkanlarımıza rəğmən, Həzrəti Məhəmmədin ən yuxarısına qalxdığı pilləkənin ilk pilləsindəyik. Şübhəsiz ki, bu yarışda heç kim onu qabaqlaya bilməyəcək”. Sona xanımın Hötedən gətirdiyi bu qiymətli fikir Şərq dünyasına söykənib bu mədəniyyət mənbəyinə həqarətlə baxan müasir Avropaya bir xatırlatmadır.

Hüseyn Cavidin “Peyğəmbər”i mütləq mükəmməl alınmalıydı ona görə ki, ədib bu obrazın dünya ədəbi təcrübəsinə və böyüyüb boya-başa çatdığı Naxçıvan mühitinə yaxşı bələd idi. Ona görə də ədib “Peyğəmbərin Tanrı eşqi”, “Peyğəmbər və Şəmsa”, “Hümanist qəhrəman – Səlma”, “Mühitin faciəsi - Maral”, “Xəyanətin qurbanı – Afət”i kimi problemləri yaradıcılığının şah əsərində böyük ustalıqla cəmiyyətə təqdim etmişdir.

Monoqrafiyanın “Hüseyn Cavid sənətinin qüdrəti” adlanan sonuncu bölməsi ədibin tarixi mövzulardakı əsərlərini təhlil edir. Tədqiqatçı belə bir dəqiq qənaətə gəlir ki, H.Cavidin “hər bir əsərində keçmişlə gələcək, tarixlə müasirlik ideya və sənətkarlıq baxımından qovuşur. Dövrünün mövcud rejimdən gələn tələblərinə, populist və gurultulu şöhrət çağırışlarına məhəl qoymadan o öz yolu, öz dəsti-xətti ilə sənətin, ədəbiyyatın “Hüsnü - Xuda şairi” zirvəsinə yüksəlməklə Cavidliyini- əbədiyaşarlığını təsdiq etdi”.

Sona Vəliyeva dediyi hər bir sözü, hər bir fikri sübut edən illüstrativ faktlara söykənir. H.Cavid zamanın heç bir hədəsindən çəkinməyərək tarixi həqiqətlərə bədii münasibətdə həmişə fakta sədaqətlə yanaşmışdır. Ədib ən çətin ideoloji məqamlarda qələmə aldığı “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi fundamental yaradıcılıq nümunələri ilə bu fikrin əsaslı olduğunu sübut etmişdir. Türkçülüyə bolşevik münasibətinin ən kəskin çağlarında yazdığı və əsasən elə bu əsərlərə görə repressiya qurbanı olduğu “Maral”, “Şeyda”, “Azər”, “Ana”, “Şeyx Sənan”, “Səyavuş” kimi əsərləri ilə sanki haçansa “İki dövlət, bir millət” (Heydər Əliyev) loqosunun müstəqil Azərbaycan və müstəqil Türkiyənin qürurverici ifadəsinə çevriləcəyini o zamandan hiss etmişdi. H.Cavid yaradıcılığında tarix və müasirliyin elmi şərhini verən tədqiqatçı sonda belə bir qənaətə gəlir ki, “Göy şairi – “Hüsnü – Xuda şairi” olaraq tarix yaratmaq H.Cavidin yaranış xisləti, İlahi görəvi idi. Üçüncü minilliyin əvvəli – çağdaş dünyamızın qloballaşan dövründə bizi gözləyən təhlükə, bəla və reallıqları bizə zamanında çatdıran H.Cavid Qərbə, eləcə də dünya siyasətinə münasibətin ən optimal düsturunu əsərləri vasitəsilə bizlərə ərmağan etdi. H.Cavid keçmişin, bu günün və gələcəyin tarixini, bədii dastanını yaradıb”. Tədqiqatçının bu yerdə elmi üslubdan essevari üsluba keçidi böyük ədibin göylərdən gələn və yerdə qərar tutan bədii dünyasının tələbindən doğur. Bu bölmədə, əlbəttə, Türk dünyasının real və bir az da mifik hökmdarı Topal Teymurla, sərkərdə qəhrəman Səyavuşla, şair qəhrəman Xəyyamla bağlı əsərlər təhlilə cəlb olunur. Bu təhlillər belə bir tezis üzərində qurulur ki, H.Cavid “romantizmin hüdudlarını tarixi mövzulara qədər genişləndirə bildi və təkrarsız bir potikanın yaradıcısı oldu”.

O da məlumdur ki, H.Cavidin adı çəkilən əsərləri, xüsusilə “Topal Teymur” yarandığı dövrün, hətta ondan sonrakı çağların sərt ideoloji qınaqlarına tuş gəlmişdir. Sona Vəliyeva H.Cavid yaradıcılığına bolşevik yanaşmaları üzərində xüsusi dayanaraq çox maraqlı polemika formatı yaradır. Belə yerlərdə tədqiqatçının kontent-analizlərə müraciəti həm araşdırmaya cəlb olunan əsərləri, həm də tədqiqatın əsas məğzini daha aydın anlamağa imkan verir, məsələn, ziddiyyətli Teymurun “əsl hökmdar, əsl şəxsiyyət və əsl fateh kimi” mükəmməl obrazı oxucuya daha yaxından görünür. “Qüvvətli sosial məzmunlu faciə kimi” (Y.Qarayev) qiymətləndirilən  “Səyavuş” əsəri bütün zamanlarda dünyanın Tanrı təmizliyini qoruyub saxlayan kənd mühitini və şər yuvası olan Şah saraylarının xarakterini açır, insanı saflığa, sədaqətə, sevgiyə səsləyir. Ədibin “Xəyyam” əsəri üzərində elmi müşahidələrini ümumiləşdirən tədqiqatçının fikrincə, “H.Cavid “Xəyyam” əsəri ilə tarixə yeni, təkrarsız bir sənət nümunəsi ərmağan etdi. Yaradıcılığının kamillik dövründə yazılan bu əsərlə irfan elminin, irfan romantikasının tarixi sınaqlardan qalib çıxacağına həm müasir, həm də illər sonrakı oxucularını inandıra bildi. H.Cavid tarixi dövlətçilik və milli məfkurə qaynaqlarına, elm və dünyanın dərki məsələlərinə fəlsəfi baxış bucağından yanaşaraq, irfan elminə söykənərək zəngin poetikaya malik “Xəyyam” əsərini yaratdı”. Tədqiqatçının konkret bir əsər haqqında gəldiyi bu nəticəni H.Cavidin bütün yaradıcılığına şamil etmək olar.

 

Nizami Cəfərov,

filologiya üzrə elmlər doktoru, akademik;

Cahangir Məmmədli,

filologiya üzrə elmlər doktoru, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024