Ədəbiyyatşünas alim Əbülfəzl Hüseyninin əlyazmaları Elmi Kitabxanaya bağışlanıb
Ədəbiyyatşünas alim, mətnşünas, tərcüməçi və “Həsrət” təxəllüslü şair Əbülfəzl Hüseyninin (1922-1987) qızı Şəlalə Həsənova atasının əski əlifbada əlyazmaları, fotoşəkil albomları və şəxsi kitabxanasını Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına bağışlayıb.
48 dəftər və 3 qovluq şəklində təqdim edilmiş əlyazmalar müəllifin azərbaycanca və farsca şeirləri, İmadəddin Nəsimiyə təxmisləri, “Məxzənül-əsrar”, “Gülşəni-raz” və s. klassik əsərlərdən mənzum tərcümələri, Sergey Yesenin və Tacikistan şairlərinin seçilmiş şeirlərinin fars dilinə tərcümələri, Əlişir Nəvai yaradıcılığından dilimizə uyğunlaşdırdığı 100 qəzəl, öz xətti ilə köçürdüyü 3 surə və Qövsi qəzəlləri, pyesləri və müxtəlif qeydlərindən ibarətdir. 5 fotoalbomda alimin Gəmiqaya və Qobustanda elmi tədqiqat zamanı lentə aldığı qayaüstü təsvirlərin fotoları toplanıb. Ədibin şəxsi kitabxanası əski və yeni üsulda çap edilmiş Azərbaycan, ərəb, fars, özbək, rus dillərində olan müxtəlif elmi və bədii ədəbiyyat ilə zəngindir.
Əslən təbrizli olan Əbülfəzl Hüseyni 1949–1954-cü illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1968-ci ildə "Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Sənətşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb. "Nizami irsinin Şərqdə nəşri tarixi" monoqrafiyasının müəllifidir. Hafız Şirazinin "Seçilmiş şerləri" (1967) onun tərcüməsində kütləvi tirajla buraxılıb. O, İ.Nəsimi, Ş.İ.Xətai, M.Hadi kimi klassiklərin əsərlərinin çapa hazırlanmasında tərtibçi və redaktor kimi yaxından iştirak edib. Əbülfəzl Hüseyni həmçinin qədim Azərbaycan mədəniyyəti, dili, musiqisi, rəssamlığı və memarlığına dair bir sıra tədqiqatlar aparıb.
Alimin anadan olmasının 100 illiyi münasibəti ilə qiymətli əlyazmaları və şəxsi kitabxanasının məhz təhsil aldığı universitetə bağışlanması onun elmi irsinin alim və tələbələr tərəfindən araşdırılıb davam etdirilməsinə zəmin yaradan təqdirəlayiq təşəbbüsdür. Elmi Kitabxana yubiley ili ilə əlaqədar müəllifin çap olunmamış əsərlərinin nəşrini nəzərdə tutub.