Dünyadan bir insan keçdi...

09/01/2021

Onun haqqında onu məndən daha yaxşı tanıyanlar, dostları, yaxınları xatirələr yazıblar yəqin ki. Fələyin belə tezliklə onu bizim aramızdan aparmasına heç vəchlə inana bilmirəm. Qəlbində, baxışlarında, gözlərinin dərinliklərindəki dağ boyda qüssə-kədəri daşıyan bir ürək sahibi bəlkə də çox yaşaya bilməzdi.

Həyatda elə insanlar vardır - mütləq vardır heç bir qan bağın olmaz, amma əzizin olar, doğmalaşar sənə. Qısa müddətdə tanısaq da, bir-birimizi doğmalaşa bilmişdik. Nailə xanım sadə, müdrik və yaradıcılıqla nəfəs alan, alışan-yanan bir bəstəkar, daha doğrusu bəstəkarlar içində inci idi. Birlikdə hələ nə qədər planlar, layihələr, təqdimatlar, müsabiqələr keçirəcəkdik. Otağımıza gələndə həmişə pozitiv, yeni ideyalarla aşıb-daşan və ən əsası, mehriban - bir ana kimi qayğısını əsirgəməyən... Mərdliyi, sadəliyi, kübarlığı, sənətinə vurğunluğu, məğrur ve kövrəkliyi - saymaqla bitməyən gözəl cəhətlərin sahibi idi Nailə xanım.

Akt zalında məşqlər zamanı "Güneli də çağırın gəlib tamaşaçı gözü ilə baxsın" deyərdi. Məndə də getmək ya alınardı, ya da iş çoxluğu buna mane olardı.

Onun əsərlərindəki qanadlı sözlər - ürəyinin dərinliklərindən süzülüb gələn notların birləşdirdiyi bütün mahnları təsirlidi, bütün musiqilərində bir həznlik var. Özünün dəsti-xətti, yaradıcılığı olan sənətkar idi Nailə xanım, bu ifalarda sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz musiqilər bu gün də, sabah da olacaq, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək.

Son ifası olan "Şəhid ansıyam" musqisinin ilk dinləyicilərindən biri çox güman mən olmuşam. Bu mahnını özü ifa etməyə o qədər tərəddüd edirdi, o qədər həyəcanlanırdı ki... Çox vətənpərvər idi, sözdə, pafosda yox, ürəkdən sevirdi vətənini, ölkəsini. Tez-tez göz yaşları ilə bizi də kövrəldirdi, deyirdi "dözə bilmirəm şəhid xəbərlərinə, o oğulların hamısının ansıyam mən..."

Yeriniz hiss olunduqca sənətinizin yaddaşlardan silinməzliyi aləmə bəyan olacaq. Sənət çırağınızının işığıyla həmişə öyünəcəyik. Yoxluğunuz göyüm-göyüm göynədəcək sizi candan sevənləri...

Sizin kimi sənətkarlar ölmürlər, bir dəfə doğulurlar və həmişə yaşayırlar. Sizi heç vaxt unutmayacağıq, ölümündən sonra da yaşayan, ölümsüzlüyü ifadə edən gözəl qəlbli qadın...

 

Günel İsgəndər (Orucəliyeva),

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024