Dövlətə və xalqa xidmət amalı

09/04/2018

Müsahibimiz Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovdur

—Abel müəllim, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ölkəmiz sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlarla gedir. Sizcə, bu uğurların kökündə hansı amillər dayanır?
—2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Həyata keçirilən siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik mövcuddur. Məhz bu birlik sayəsində Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı milli maraqlara əsaslanan siyasət ətrafında sıx birləşərək, gələcəyə nikbinliklə, ümidlə baxır. BDU-nun çoxsaylı professor-müəllim heyəti əmindir ki, Azərbaycan xalqının milli mənafeyinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır. Ötən 15 ildə bütün sahələrdə uğurla davam edən iqtisadi siyasətin əsasında məhz “Güclü dövlət, sosial rifah” tezisi dayanmışdır. Bu da təsadüfi deyildir — güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Möhtərəm Prezident İlham Əliyev 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyindəki dərin məzmunlu nitqində Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurduğunu bəyan etmişdir. Bundan sonrakı dövrü isə daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu mərhələdə də qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirilir, xalqın mənafeyi baxımından bir sıra strateji məqsədləri önə çəkilir. Hamımızın əsas arzusu və məqsədi Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görməkdir. Cəmiyyətdə müəyyən azlığın skeptik yanaşdığı bu məqsədin reallaşdırılması üçün son illərdə kompleks tədbirlər həyata keçirilir. Bu siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. 
Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edim ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbulu xalqın inamını qazandığından regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla yekunlaşıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Ölkəmizdə rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Ölkədə müəyyənləşdirilən siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.
2003-cü ildən etibarən Azərbaycan hər bir sahədə, istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Son 15 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 15 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin və Şərqlə Qərbi qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP, TAP kimi layihəçinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır. 
Bəllidir ki, daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etmək qeyri-mümkündür. Bu baxımdan dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin “Yeni qonşuluq siyasəti”, “Şərq tərəfdaşlığı” proqramlarına, habelə NATO-nun “Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı”na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.
Son illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyatımız 3.2 dəfə artıb, 1.9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar dövlət başçısı tərəfindən Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir.
—Azərbaycan beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır. Bu faktı şərtləndirən amillər hansılardır?
—Dövlətimiz tərəfindən həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Bu baxımdan, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi önəmi vurğulanmalıdır. Bilirsiniz ki, ötən illər ərzində ölkəmizdə siyasi, iqtisadi, humanitar, mədəni və idman xarakterli beynəlxalq tədbirlər keçirilib. Bunların sırasında Humanitar forumları, sivilizasiyalar arasında dialoqa xidmət edən tədbirlər və s. qeyd etmək olar. Eləcə də, ölkəmizdə “Eurovision-2012”, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və bu fəaliyyət xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
—Azərbaycan həmçinin, bir sıra qlobal layihələrin müəllifi və iştirakçısıdır. Bu faktor ölkəmizə nə kimi dividendlər qazandırır? 
—Bəli, Azərbaycan qısa müstəqillik tarixində regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və müəllifi rolunda çıxış edib. Bu sırada enerji layihələrini xüsusi qeyd etmək lazımdır. “Əsrin kontraktı” layihəsi çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur. “Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının son 15 ildə uğurla davam etdirilməsi sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən etibarlı tərəfdaşa çevrilib.
Ötən il sentyabrın 14-də isə müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə baş verdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Hazırda Azərbaycanın fəal iştirakı ilə daha bir qlobal enerji layihəsi — “Cənub Qaz Dəhlizi” icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi” 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. “Cənub Qaz Dəhlizi” layihəsi dörd hissədən ibarətdir. Buraya “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir. Eləcə də, bu sıraya qlobal nəqliyyat layihələrini də əlavə edə bilərik. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu layihənin də önəmi barədə hər kəs bilir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması prosesi gedir ki, bu layihə də ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandıracaq. 
Bütövlükdə, uğurlu enerji və nəqliyyat siyasəti həm regional inkişaf və əməkdaşlığa müstəsna töhfələr verir, həm də Azərbaycanın mövqeyinin güclü olmasını təmin edir.
—Abel müəllim, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prosesin hazırkı vəziyyəti barədə fikirlərinizi bilmək istərdik...
—Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar. Çünki işğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır. Azərbaycan xalqı inanır ki, qətiyyətli siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. 
—Davamlı inkişaf, tərəqqi və yüksəliş, suverenliyin möhkəmlənməsi prosesi bu gün müstəqil Azərbaycanın siyasi prioritetlərini müəyyən edir. Bu barədə nə deyə bilərsiniz?
—Hər bir xalqın ən böyük xoşbəxtliyi onun müstəqilliyi, azadlığı ilə bilavasitə bağlıdır. Dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutaraq suveren bir dövlət kimi tanınmaq, taleyini öz əllərilə həll etmək arzusu bir çox xalqların ən böyük istəyi olsa da, dünyada cəmi 200 dövlət qurulmuşdur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır və müstəqillik illərində istisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha xoşbəxtdir. 26 illik müstəqillik tariximizin təxminən yarısı bu iqtisadi uğurların baş memarı Heydər Əliyevin kursunu uğurla davamı ilə bağlıdır.
Ulu öndərin siyasi kursunun böyük müdrikliklə davamı onu yeni dövrün tələblərinə uyğun zənginləşməsi, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılması, birinin digərini tamamlaması olmuşdur. Məhz bu postulatlar əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsi və tam müstəqil siyasət yürütməsi milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirilmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın minimuma endirilməsinə, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Bu gün Azərbaycan böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlərimiz çoxdan geridə qalmışdır. Üfüqdə sürətlə yeniləşən, iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən qüdrətli və əzəmətli Azərbaycan görünür. Şübhəsiz, bütün bu uğurların əsasında məhz siyasi lider amili dayanır. Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən çox şey — ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Müstəqil respublikamızın hazırkı möhtəşəm nailiyyətləri məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasının nəticəsidir. 
2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən 15 ildə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların — davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətlər sırasında yüksəlmişdir. Elmi əsaslarla yeridilən sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. 
—Siz müsahibələrinizdə, çıxışlarınızda tez-tez qeyd edirsiniz ki, iqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. Ölkəmizin bu sahədəki mövcud vəziyyətini necə dəyərləndirmək olar? 
—İnkişafını malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividendlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz insan kapitalının gücləndirilməsi yönümündə qurur. “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmləndirir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” deyən Prezident İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “holland sindromu” kimi mənfi presedent də var. Qlobal maliyyə böhranının qabarıq duyulduğu son illərdə dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna, İKT-nin inkişafına xüsusi diqqət yetirilməsini önə çəkir. Əlbəttə ki, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün ilk növbədə onun qanunverici bazasını formalaşdırmaq lazımdır. 
Ümumilikdə son 15 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 oktyabr 2009-cu il tarixli “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” sərəncamları da məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir.
Cəmiyyət inkişaf etdikcə elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərin qarşısına ciddi vəzifələr qoyur.
—Ölkədə həyata keçirilən islahatların fonunda Bakı Dövlət Universitetinin yeri və mövqeyi barədəki fikirləriniz oxucularımız üçün də maraqlı olardı. 
—Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də xüsusilə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksəkixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir. 
Bakı Dövlət Universitetinin cəmiyyət həyatındakı yeri və müstəsna rolu yüksəkdir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısının hələ 24 aprel 2009-cu il tarixdə universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması, noyabrda isə universitetin təntənəli yubileyinin keçirilməsi də müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.
Dövlət başçısı bu mütərəqqi ənənəni davam etdirərək 14 noyabr 2017-ci ildə “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamın preamblua hissəsində qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. “Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır”.
Sərəncamda çox düzgün olaraq vurğulanır ki, respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətinin başlıca istiqamətlərini təşkil edir. Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir. 
Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin Elmi Şurasını düşündürən başlıca məsələlərdəndir.
Dövlət başçısının sərəncamına əsasən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanaraq icra ediləcəkdir. Ölkədə ali təhsilin, elmin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi yola, habelə ulu öndər Heydər Əliyevin universitetin inkişafındakı tarixi xidmətlərə bir daha nəzər salınacaq, qazanılan uğurlar dünyaya bəyan olunacaqdır. 
—Hörmətli akademik, xalqımız böyük bir seçim ərəfəsindədir. Siz çox ətraflı və maraqlı müsahibə verdiniz. Qəzetimizin oxucularına son olaraq nə deyə bilərsiniz? 
—Azərbaycana vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. Dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir. Heydər Əliyev ideyalarına sadiqlik və ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu davamı dövlət başçısının fəaliyyətinin başlıca amalıdır. Ölkə rəhbərliyi ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Əminəm ki, aprelin 11-də baş tutacaq demokratik, şəffaf seçkilərdə seçicilərin əksəriyyəti praqmatik liderlik keyfiyyətlərinə malik, fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət olan ən layiqli namizədə səs verəcəkdir.

Müsahibəni hazırladı: 
Qədir ASLAN, 
Əməkdar jurnalist.

http://www.respublica-news.az/index.php/muesahib-l-r/item/19757-doevlaetae-vae-khalga-khidmaet-amal

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024