Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfrans

06/10/2010

Bu günlərdə Ukraynanın Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti beynəlxalq elmi konfrans keçirilib. Dörd ildən bir keçirilən konfransda bir qayda olaraq, keçmiş SSRİ ərazisində olan ölkələrin alimləri ilə yanaşı, Şərqi və Qərbi Avropa, Amerika və Afrika astronomları da iştirak edirlər. Bunu nəzərə alaraq, konfransın işçi dili ingilis dili qəbul olunub. Konfransın elmi istiqamətləri elə seçilib ki, müzakirədə dəyişən ulduzların bütün tipləri əhatə olunub. Öz-özlüyündə bu, nadir haldır, çünki adətən, mövzular dar bir elm sahəsini əhatə edir. Bu da həmin konfransın qoyulan suallara görə daha əhatəli olmasını göstərir.

Təşkilat komitəsinin hazırladığı proqrama əsasən, konfrans iclaslarının birini BDU-nun astofizika kafedrasının professoru Nəriman İsmayılov idarə edib. Konfransda həmçinin ölkəmizi iki gənc aspirant – Həmayil Adıgözəlzadə  və Orxan Xəlilov da təmsil edib. Məqsəd gənclərə beynəlxalq arenada özlərini sınamağa şərait yaratmaq, əldə etdikləri ilk elmi nəticələri müzakirəyə çıxarmaq olub. Konfransda azərbaycanlı alimlərin son 10 ildə xaricdə çap olunmuş elmi məqalələrinin əksəriyyətində alınmış mühüm nəticələr xüsusilə qeyd edilib. Azərbaycanlı alimlərin konfransda ingilis dilində etdikləri məruzələr böyuk maraq doğurub. Onların spektral və fotometrik tədqiqatları göstərib ki, bu ulduzların ulduzətrafı disklərində yenicə formalaşmaqda olan cisimlər - protoulduzlar və ya protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə göstərib ki, belə cisimlərin cavan ulduz disklərində mövcud olması onlarda müşahidə olunan parlaqlığın və spektral parametrlərin periodik olaraq dəyişməsinə gətirib çıxarır. Məlum olub ki, diskdə formalaşmaqda olan belə cisimlər mərkəzi ulduzdan bir və ya bir neçə astronomik vahid (Yerdən Günəşə qədər olan orta məsafə) məsafədə yerləşə bilər.

Maraqlıdır ki, alimlər üç dəfə müxtəlif ulduzlarda ilk dəfə olaraq periodik dəyişmələr aşkar edib və bundan cəmi bir neçə ay sonra Krım, Daşkənd və Pulkovo rəsədxanaları həmin nəticələri başqa tədqiqatlarla təsdiq ediblər. Qəribə də olsa, bu bir yarışa bənzəyir, kim irəli düşsə, nəticə də ona aid olur. Sonuncu dəfə əldə edilmiş bir nəticə - T TauN ulduzunun ətrafında yeni bir infraqırmızı mənbənin olması ilk dəfə professor Nəriman İsmayılov tərəfindən aşkar olunub. Ehtimal olunur ki, həmin mənbənin temperaturu 2500 °K-dır. Nəticənin alınmasında həm ŞAR-da alınan spektral materialdan, həm də İnternational Ultraviolet Explorer (ABŞ) peykinin nəticələrindən istifadə edilib. İstifadə olunan müşahidə materialları alimləri eyni qənaətə gətirib. Bu nəticə ABŞ Vesleyan Universitetinin professoru W.Herbstlə birgə bu il çox yüksək reytinqli “Astronomy and Astrophysics” curnalında çap olunub.

Professor Nəriman İsmayılovun və aspirantların iştirak etdiyi konfransda çoxlu sayda məruzələr dinlənilib, verilən suallara, müzakirələrə, həm də alınmış nəticələrə görə alimlərimizin məruzələri daha sanballı olub və maraqla qarşılanıb. Bunu müzakirələrdə iştirak edən moskvalı və peterburqlu alimlər də qeyd ediblər. Polyak və macar astronomları isə gələcək konfransların Azərbaycanda  keçirilməsinə maraqlı olduqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024