EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİ – 5

01/03/2016

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin yaranmasından 5 il ötür. Universitetin ən gənc fakültəsi bu müddət ərzində yüzlərlə yüksək ixtisaslı tələbə hazırlayıb, gəng alimlər ordusu yetişdirib, ətraf mühitin sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edilməsi, mühafizəsi və bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı layihələr həyata keçirib, respublikadaxili və beynəlxalq elmi-praktik konfranslar təşkil edib. Eyni zamanda, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurub, xarici mütəxəssislərlə birlikdə yeni proqramlar üzərində işləyib, kurrikurumların eyniləşdirilməsi və «ikili diplom» verilməsi istiqamətində səmərəli işlər görüb. Hər bir yubiley əslində həm də hesabatdır. 5 illiyini qeyd edəcəyimiz fakültənin keçdiyi yol, əldə etdiyi uğurlar təqdim etdiyimiz yazıda daza geniş şəkildə əks olunub: Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən möhtərəm prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edildi. Bu təşəbbüsün nəticəsində Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimayyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə miqyasında çox əhəmiyyətli geniş aksiya başlanmış və bu günə qədər də davam etməkdədir. Ekologiya ilində irəli sürülən strateji planlar çərçivəsində görüləcək tədbirlər sırasına töhfə olaraq BDU Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli 15 saylı qərarı ilə Universitetin biologiya, coğrafiya və kimya fakültələrinin müvafiq kafedralarının bazası əsasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradıldı. Ekologiya və torpaqşünaslıq fakültəsinin 2011-ci il mart ayının 3-də rəsmi açılışında BDU-nun rektoru akademik Abel Məhərrəmov, AMEA-nın Aqrar Elmlər bölməsinin akademik katibi akademik Qərib Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri, professor Hüseynqulu Bağırov və digər qonaqlar iştirak etdilər.

Fakültəyə yarandığı gündən kimya üzrə elmlər doktoru, professor Nazim Telman oğlu Şəmilov rəhbərlik edir.

Hazırda fakültədə təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 35 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 2 nəfəri akademik, 6 nəfəri elmlər doktoru professor, 27 nəfəri elmlər namizədi dosent, baş müəllim və müəllimdir. Fakültədə 5 kafedra və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Fakültədə 3 ixtisas - “Ekologiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu, torpaq və şəhər kadastrı” üzrə bakalavr, 8 ixtisaslaşma - “Ətraf mühit kimyası”, “Ekoloji kimya”, “Ekoloji kimyəvi monitorinq, “Ekoloji biologiya”, “Ətraf mühitin mühafizəsi metodları və bərpası”, “Torpağın ekoloji monitorinqi və qorunması”, “Yerquruluşu və torpaq müfəttişliyi” və “Torpaq kadastrı” üzrə magistr hazırlığı aparılır.

Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ekologiya” və “Torpaqşünaslıq” ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə mütəxəssislər hazırlanır. Fakültədə təhsil azərbaycan, rus və ingilis dillərində əyani və qiyabi formada həyata keçirilir.

Coğrafi ekologiya kafedrası 2011-ci ildə Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının bazası əsasında yaradılmışdır. Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası isə BDU-nun Geologiya-coğrafiya fakültəsinin nəzdində 1980-ci ildə akademik Həsən Əliyevin  təşəbbüsü ilə yaradılmış və Azərbaycanda ilk ekoloji yönümlü kafedra olaraq BDU-da fəaliyyətə başlamışdır. 1981-ci ildən kafedraya prof. Şövqi Göyçaylı rəhbərlik edir.

Kafedranın əməkdaşları son 5 ildə 2 monoqrafiya 2 dərslik, 7 dərs vəsaiti və 144 məqalə nəşr etdirmişlər. Universitet rəhbərliyinin səyi və köməkliyi ilə göstərilən sahəyə dair elmi, elmi-metodiki tədqiqatların təkmilləşdirilməsi və həmin sahə üzrə kadr hazırlığının həyata keçirilməsi məqsədilə beynəlxalq və müəssisələrarası konfranslar keçirilmişdir. Konfrans materiallarında 30-dan çox məruzə və tezis nəşr edilmişdir.

kafedrada coğrafiya və coğrafi ekoloji istiqamətlərdə elmi tədqiqat işləri aparılır.

Kafedrada çalışan alimlərin rəhbərliyi ilə 20-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.

Torpaqşünaslıq kafedrası respublikada torpaqşünaslıq və aqrokimya üzrə kadr hazırlığını həyata keçirmək üçün universitet rəhbərliyinin təşəbbüsü ilə 2004-cü ildə Biologiya fakültəsinin tərkibində yaradılmışdır, 2011-ci ildən isə Ekologiya və torpaqşünaslıq fakültəsində fəaliyyət göstərir.

Kafedranın müdiri tanınmış torpaqşünas, ekoloq-alim, AMEA-nın həqiqi üzvü Qərib Şamil oğlu Məmmədovdur.

son 5 ildə kafedranın əməşdaşları tərəfindən 1 monoqrafiya, 4 dərslik və 8 dərs vəsaiti hazırlanmış, 63 məqalə və 71 tezis işıq üzü görmüşdür.

Kafedrada “torpaqşünaslıq və aqrokimya” üzrə bakalavr hazırlığı və “torpağın ekoloji monitorinqi və qorunması” ixtisası üzrə magistr hazırlığı həyat keçirilir.

Kafedranın elmi istiqaməti Azərbaycanın torpaq örtüyünün ekoloji qiymətləndirilməsi, monitorinqi və torpaq ehtiyatlarından səmərəli istifadənin öyrənilməsidir.

Ekoloji kimya kafedrası 2003-cü ildə Kimya fakültəsinin tərkibində yaradılmışdır, 2011-ci ildən isə Ekologiya və torpaqşünaslıq fakültəsinin tərkibində fəaliyyət göstərir. Kafedraya yarandığı gündən k.e.d., prof. Sevinc Rafiq qızı Hacıyeva rəhbərlik edir.

Kafedranın əsas elmi istiqaməti ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqi və nəticələrin aradan qaldırılması yolları, ətraf mühit obyektlərində toksiki maddələrin, pestisidlərin, ağır metalların təyini metodikalarını işləyib hazırlamaqdır. Ekoloji kimya kafedrasında son 5 ildə 2 dərslik, 5 dərs vəsaiti, 87 məqalə və 108 tezis nəşr edilmişdir.

Bioekologiya kafedrası 2011-ci ildə yaradılmışdır. Kafedraya yarandığı gündən biologiya elmləri doktoru, prof. Nərminə Sadıqova rəhbərlik edir.

Bioekologiya kafedrasının elmi istiqaməti Azərbaycan biomüxtəlifliyinin öyrənilməsi və konservasiyasıdır.

2012-ci ilin mart ayında BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının nəzdində Bioekologiya laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti bioloji obyektlərin bir-biri ilə əlaqəsinin və ətraf mühitin onlara olan təsirinin daha dərindən öyrənilməsidir.

Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 2 dərslik, 4 dərs vəsaiti, 19 məqalə  və 20 tezis nəşr etdirilmişdir.

Yerquruluşu və kadastr kafedrası 2011-ci Torpaqşü­naslıq kafedrasının bazası əsasında yaradılmışdır. Kafedranın müdiri yerquruluşu üzrə mütəxəssis dos. Teymur Nizam oğlu Nizamzadədir.

Kafedrada tədris təhsilin bakalavr, magistr və fəlsəfə doktoru səviyyələri üzrə yerinə yetirilir. Bakalavr səviyyəsində “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası, magistr səviyyəsində “Yerquruluşu və torpaq müfəttişliyi” və “Torpaq kadastrı” ixtisasları, fəlsəfə doktoru pilləsində isə “Yerquruluşu, torpaq kadastrı və monitorinqi” ixtisaslaşmaları üzrə mütəxəssis hazırlıqları aparılır.

Kafedranın elmi istiqaməti Azərbaycanda torpaqlardan səmərəli istifadə və mühafizəsində yerquruluşu, torpaq və şəhər kadastr işlərinin təşkilidir.

Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 1 monoqrafiya, 2 dərslik, 1 dərs vəsaiti, 22 məqalə və 29 tezis nəşr etdirilmişdir.

“Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyası 2001-ci ildə akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır.

Laboratoriyanın əsas elmi istiqaməti üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodlarının işlənib hazırlanması, sənaye və təbii obyektlərdə daxil olan zərərli maddələrin analizidir.

Laboratoriya əməkdaşları tərəfindən son 5  ildə   69 məqalə və 65 tezis çap edilmişdir.

Fakültədə təhsil alan tələbələrin istehsalat təcrübələri müxtəlif mərkəzlərdə - Quba Tədris-təcrübə və İstirahət mərkəzində, Altıağac tədris təcrübə bazasında, “EKOL”, ARDNŞ-nin Ekologiya idarəsində, “Azərsu” ASC-nin idarə və müəssisələrində, Dövlət Əmlak Məsələləri Komitəsinin  və Ekologiya və Təıbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarında və s. həyata keçirilir.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində 625 bakalavr və 60 magistrant təhsil alır. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Elmi işə marağı olan tələbələr müəyyən edilərək öz arzularına uyğun kafedralara təhkim olunur. Vaxtaşırı olaraq onların seminarlarda məruzələri dinlənilir. Bu cəmiyyət tələbələrin elmi fəaliyyətinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Hər il qabiliyyətli, elmi axtarışlara meylli tələbələr seçilir və müvafiq kafedralarda elmi iş aparmaq üçün istiqamətləndirilirlər.

TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzularda çıxışlar edir, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.

Fakültədə tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistem tətbiq olunur. Bu sistemin tətbiq edilməsi tələbələrin laboratoriya, seminar, məşğələ dərslərində yüksək səviyyədə bilik almasına səbəb olmuşdur.

Fakültənin beynəlxalq əlaqələri Türkiyənin Anadolu universitetinin sənayenin ekologiyası, Sakarya universitetinin Coğrafiya fakültəsi, Turkiyənin On doquz Mayıs Universiteti, Almaniyada Alternativ Nobel mükafatı laureatı, təbiət abidələrinin mühafizəçisi Zukkov fondu, Rusiya Federasiyasının Yerquruluşu Dövlət Universiteti və K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universiteti və Avropanın bir çox universitetləri ilə davam edir.

2011-ci ildən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin vasitəçiliyi ilə Almaniyanın Greifsvald Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın sayəsində magistr pilləsi üçün “Bioekologiya – Biomüxtəliflik və Təbiəti Mühafizə” Kurrikulum tədris planının hazırlanması istiqamətində proqram işlənib hazırlanmışdır.

Həmçinin Alman Əməkdaşlığı Cəmiyyəti (GİZ) arasında “Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması” proqramı çərçivəsində 2012-ci ildə imzalanmış müqaviləyə əsasən üç modullu təlimlər “Qışlayan su-bataqlıq və oxuyan meşə quşlarının monitorinqi”, “Ali bitkilərin təyin edilməsi və monitorinqi”, “Kəpənəklərin təyin edilməsi” uğurla həyata keçirilmişdir.

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024