Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

12/11/2019

Elm insanın təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların tənqidi təhlili, sistemləşdirilməsi və daima yenilənməsi təşkil edir.
Qeyd etmək lazımdır ki, elmin üç əsas anlayışı mövcuddur: elm bilik kimi, fəaliyyət kimi  və sosial bir qurum kimi. Müasir elm bu üç məqamın üzvi birliyidir. Burada fəaliyyət onun əsasını, bir növ "maddə"sini təşkil edir,  bilik sistem yaradan amildir, sosial institut isə elm adamlarını birləşdirmək və onların birgə fəaliyyətini təşkil etmək yoludur. Başqa sözlə müasir elmi  belə xarakterizə etmək  olar: Dünyanı elmi fikir, konsepsiya, nəzəriyyə şəklində əks etdirən ictimai şüurun xüsusi bir forması, mənəvi istehsalın bir qolu, idealları və normaları olan sosial institut. Elm biliyə söykənir, obyektiv həqiqəti axtarmağa, mahiyyəti dərk etməyə yeni bilik əldə etməyə yönələrək  adi təcrübə obyektləri çərçivəsindən çıxaraq  reallıq obyektləri ilə məşğul olur. Müasir elm mədəni-ideoloji; metodik; tənzimləyici təhsil; proqnoz; akseoloji; idarəetmə kimi funksiyaları yerinə yetirir.
Hazırda elmin cəmiyyətə təsiri prioritet xarakter almışdır və biz hər yerdə, həm gündəlik fəaliyyətimizdə, həm də dünyagörüşümüzdə onun inkişafının nəticələri ilə təmasda  oluruq. Elm sosial proseslərin idarə edilməsinin müxtəlif sahələrində mütəxəssis qiymətləndirmələrinin və idarəetmə qərarlarının peşəkarlıqla qəbul edilməsində aktiv tətbiqini taparaq əsas rol oynayır. Elm  sosial inkişafın istiqamətinin daha dəqiq vektorunun seçilməsinə təsir göstərir. Bu funksiyanı  həyata keçirən elm  sosial gücə çevrilir. Bu isə hələ XII əsrdə Nizami Gəncəvi tərəfindən irəli sürülən “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” və XVII əsrdə F.Bekon tərəfindən təkrar olunan “bilik – qüvvədir” həqiqətinin yeni inkişaf mərhələsində “elm – ictimai qüvvədir” həqiqətinə  keçməsinə əsas verir.   
Cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Elm cəmiyyətin sosial strukturunu dəyişir. Ən qədim zamanlarda, bəşər tarixinin bütün dövrlərində insan cəmiyyəti həmişə elmə arxalanmışdır və onun nəticələrinin tətbiqi ilə bəhrələnmişdir. Tarix boyu dəyişən  formasiyalarda elmi kəşflər nəticəsində insan cəmiyyəti dünyanın qlobal fəlakət və böhranlarından elmin sayəsində qurtulmuşdur. Elm bəşər övladının sağlam inkişafını təmin etmişdir. Ulu öndər Heydər Əliyevin elmin inkişafı ilə bağlı söylədikləri fikirlər daha ibrətamizdir: “Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur”.
Çox qısa olaraq elmi kəşflərin tarixi yoluna nəzər salsaq, yeni elmi biliklərin ilk öncə qədim Şərqdə cücərməyə başladığını deyə bilərik. Şərqin idealı insanın mənəvi kamilliyə çatması, Qərbin idealı isə insanın təbiət üzərində hakim mövqe qazanmasıdır. Buna uyğun olaraq, təbiət elmləri əsasən Qərbdə inkişaf etmiş, Şərqdə isə hikmət və mənəviyyata üstünlük verilmişdir. Orta əsrlərdə bu proses müxtəlif sahəli biliklərlə zənginləşir. Elmə humanitar sahə kimi baxılması da orta əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt elm hikmətin, müdrikliyin bir əlaməti, aspekti kimi başa düşülürdü və çox vaxt dini düşüncənin hüdudları daxilində nəzərdən keçirilirdi. Orta əsrlərin xristian və islam sxolastikaları da ilahiyyat çərçivəsində elm və fəlsəfə yaratmaq təşəbbüsləri idi.
Elmin yeni mahiyyətdə və təşkilati formada sanki yenidən yaranması  XVII əsrdən başlayaraq həyata keçdi. O, ictimai istehsal prosesində mühüm bir həlqəyə çevrilməklə sonrakı bir sıra inqilabların: sənaye inqilabı, elmi-texniki inqilab, informasiya inqilabı və s. təməlini qoydu. XIX  əsrdə cəmiyyətin üzvləri təbiəti və onda  gedən prosesləri dərk edir və onlarda baş verən prosesləri tədqiq etmək tələbatı yaranırdı. XX əsrdə  elmin sürətli inkişafı onun texnika və ictimai həyatın diğər sferaları ilə qarşılıqlı münasibətlərini möhkəmlətdi. Məhz  XX əsrdə  elmin  inkişafı maddi istehsalın, ictimai tarixi   təcrübənin tələbatından irəli gəlirdi və bu zaman elmin ictimai funksiyaları  yaranırdı. Elmin ictimai funksiyaları insanlara təbiət, cəmiyyət haqqında biliklər vermək, bacarıqlar  yaratmaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq, çeviklik aşılamaqdan ibarət olub. İnsanın nəzəri və əməli fəaliyyətini  özündə cəmləşdirən elm hər zaman  cəmiyyətin inkişafına, ictimai həyatına böyük təsir göstərib.
Bu gün sivilizasiyanın qlobal proseslərə malik olan yeni inkişaf mərhələsində əlverişli intellektual mühitin yaradılması bəşəriyyətin yaşamaq qabiliyyətinin mühafizəsi kimi qlobal problemə çevrilir ki, bu da qlobal inkişafın perspektivləri üçün məsuliyyət daşıyan yüksək inkişaf etmiş dövlətlərin  strategiyasının əsas prioritetini təşkil edir. Elmi biliklərin mənimsənilməsini və yayılmasını maksimum dərəcədə təmin edən uyğun intellektual mühitin yaradılması informasiya cəmiyyətinin qurulmasını  tələb edir. Müdriklər təsadüfən demirlər ki, biliklərin ən vacibi nəyi bilmək lazım olduğunu bilməkdir. Yəni hər bir şəxs üçün, bütövlükdə xalq üçün ən vacib məsələlərdən biri intellektual potensialın hansı istiqamətdə yönəldilməsi və hansı sahələrdə mütəşəkkil biliyə çevrilməsidir. Bilik intellektual potensialın aktivləşmiş, reallaşmış formasıdır.  Biliyin özü isə müvafiq həyat sahələrində, əməli fəaliyyət prosesində gerçəkləşir.  Cəmiyyətdə toplanmış biliklərin bütün potensialı texnoloji, sosial və ekoloji təhlükələrin aradan qaldırılmasında istifadə oluna bilər. Yalnız əhalinin təhsilli və yüksək ixtisaslı mütəxəssislərdən ibarət potensialı sayəsində elm və texnologiya yaranan təhdidlərin aradan qaldırılması üçün bir vasitə ola bilər.
Elm insana təhsil vasitəsilə təsir edir. Məlumdur ki, elmə əsaslanmış təhsilin inkişafı və onun keyfiyyətcə təkmilləşdirilməsi birbaşa olaraq, ölkənin sosial-iqtisadi inkişafına öz təsirini göstərir. Yalnız keyfiyyətli təhsil səviyyəsi hər hansı bir ölkənin davamlı inkişafına əlverişli zəmin yaradır. Ümumiyyətlə, hər hansı bir ölkənin sosial institutlarının gələcək inkişafı elm – təhsil – istehsalat üçlüyü arasında əlaqə zəncirinin möhkəmliyi və elastikliyindən çox asılıdır. Müasir dünya dövlətləri təhsili strateji üstün sahə elan edir və ölkənin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edirlər.
Bu gün bir çox ölkələrin və regionların inkişafı ictimai istehsalın strukturundakı dəyişikliklərlə müşahidə olunur, xüsusi halda sənaye cəmiyyətindən tədricən postsənaye cəmiyyətinə keçid baş verir. İşləyən əhalinin getdikcə daha çox hissəsi qeyri-maddi sektorda çalışır. İstehlak fərdiləşir, istehsalın tarazlılıq balansı aşağı düşür, istehsalın kütləviliyinin itməsi prosesi baş verir. İstehsalın intellektuallaşdırılması artır, informasiya resursları əsas istehsal amilinə çevrilir. Əlavə dəyər əsasən qeyri-maddi sferada yaradılır. Bu zaman əmək yeni cizgilər əldə edir, əməkdə yaradıcılıq funksiyaları üstünlük təşkil etməyə başlayır. Bütün sahələr idarəetmə, maliyyə və kommersiya innovasiyalarının axınlarını özündə birləşdirərək elmtutumlu olmağa başlayır. Ölkələrin və regionların ənənəvi üstünlükləri getdikcə öz əvvəlki əhəmiyyətini itirməyə başlayır. Bütün bu meyllər dünyanın demək olar ki, bütün ölkələrində bu və ya digər dərəcədə özünü büruzə verir. Qeyri-maddi istehsal iqtisadi inkişafın paradiqmasına çevrilir ki, bu da ölkə və regionların zənginlik dərəcəsini yenidən qiymətləndirməyə məcbur edir. Ənənəvi olaraq ölkə və regionların zənginliyi meşələr, faydalı qazıntılar, torpaq, iqlim şəraiti, əsas fondlar, coğrafi mövqe baxımından qiymətləndirilir. Dəyərin böyük hissəsinin yaradıldığı sahə kimi qeyri-maddi istehsal haqqındakı yeni təsəvvürlər isə ölkə və regionların zənginliyinin qiymətləndirilməsi meyarlarını dəyişdirir. Burada birinci yerdə insan amili durur.
İnsan inkişafı o vaxt tam olar ki, səmərəli iqtisadiyyat, sağlam təbii və əlverişli sosial mühit; sağlam, uzun və yaradıcı ömür; bilik və bacarıq kimi əsas amillər birlikdə götürülsün. Dünyada bu gün insan potensialını inkişafın mərkəzinə qoymaq, bu prosesi insana doğru yönəltmək, mövcud problemləri açmaq, həm də mənəvi dirçəlişə yol açmaq əsas məqsəddir. Bu proses ancaq elmin inkişafı ilə mümkündür. Elmi bilik və ətrafımızdakı dünyanı dərk etmək bəşəriyyətə iqtisadi, sosial və ətraf mühitin aktual problemlərinin həlli yollarını tapmağa və ətraf mühitə qayğı ilə birlikdə davamlı inkişafı təmin etməyə imkan verir.
Son dövrlərdə ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini ifadə etmək üçün məqsədlərin, vasitələrin və fəaliyyət nəticələrinin optimal əlaqələndirilməsi kimi xarakterizə olunan «davamlı inkişaf» terminindən  geniş istifadə edilir. Başqa sözlə desək, davamlı inkişaf – ərazinin potensialının dinamik olaraq artırılması, iqtisadi agentlərin geniş təkrar istehsala motivləşdirilməsi, rəqabət qabiliyyətliliyinin artırılması və bu əsasda gələcək nəsillərin resurslarından istifadə etməmək şərti ilə tədricən əhalinin həyat səviyyəsinin yüksəldilməsi prosesidir. Cəmiyyətin və ya dünya birliyinin dayanıqlı inkişafı dedikdə isə kəskin sarsıntılar və qəzalar (fəlakətlər) olmadan sabit və gözlənilən inkişaf başa düşülür. Şübhəsiz ki, heç bir ölkə davamlı inkişafa  təklikdə nail ola bilməz.
Dayanıqlı inkişafa keçid – ilk növbədə cəmiyyətdə yeni düşüncə tərzinin, yeni şüurun formalaşdırılmasından ibarətdir ki, bu çətin məsələnin həlli sosial-iqtisadi və ekoloji transformasiya ilə birlikdə yeni mədəniyyətə - sivilizasiyaya keçidi təmin edəcəkdir. Davamlı inkişaf ideyalarının tətbiqi, sosial, iqtisadi və ekoloji sferalarda olan problemlərin həllində elmin və təhsilin önəmli rolu danılmazdır.
Müasir cəmiyyətdə elm insan fəaliyyətinin bütün sahələrinə toxunur, ictimai həyata təsiri sürətlə artır. Elm sosial mədəniyyətin bir hissəsidir, elm mədəni  fenomendir, öz istiqaməti var, mənəvi istehsal sahəsində son dərəcə mühüm yer tutur. Elmin inkişaf səviyyəsi cəmiyyətin inkişaf səviyyəsini çox müəyyənləşdirir. Buna görə elmin və texnikanın inkişaf strategiyasına aid suallara ictimai mübahisədən kənarda baxmaq olmaz.
Elm  cəmiyyətin bir hissəsi olmalıdır. Bu səbəbdən elm cəmiyətə açıq olmalıdır. Artıq qeyd edildiyi kimi XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma və optimal təşkilatlandırma funksiyası daha önəmli rol oynayır. Bu isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə də, qarşıda duran mühüm vəzifələrdən biri bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının toplanmasına və məqsədəuyğun surətdə yönəldilməsinə nail olmaqdır.
Bu baxımdan ölkəmizdə də elmin inkişafı, iqtisadiyyatın və istehsal prosesinin elmi əsaslar üzərində qurulması dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür. Hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində  sosial inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri adlandırılmışdır.  Hələ 1999-cu ildə UNESCO-nun Budapeştdə təşkil etdiyi Elm üzrə ümumdünya konfransında qəbul olunmuş “Elm və elmi biliklərdən istifadəyə dair” Deklarasiyada deyilir: “Biz hamımız eyni planetdə yaşayırıq və biosferin hissələriyik... Dünyanın bütün elm adamları və millətləri elmin bütün sahələrində əldə edilmiş biliklərdən məsuliyyətlə istifadə etmək əzmində olduqlarını bildirirlər. Elm insanların ehtiyaclarına xidmət etməli və heç vaxt onun ziyanına yönəlməməlidir”. Deməli, əsas vəzifələrdən biri insan intellekti sayəsində, amma onun həyatından kənarda yaranmış elmi dəyərlərin oriyentasiyasına nəzarət etməkdən ibarətdir. Bunun üçün isə konkret həyatla mücərrəd elm bir müstəvidə – eyni dəyərlər sistemində nəzərdən keçirilməli, onların arasındakı uçurum ləğv edilməlidir. Bu baxımdan Azərbaycanın davamlı inkişafı naminə  elm və təhsilin bir-birinə  inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların, innovasiyaların tətbiq edilməsi və  cəmiyyətin maraqlarının qorunması şərtilə  inkişaf etdirilməsi əsas prioritet məsələdir.
Prezident İlham Əliyevin sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. XXI əsrdə davamlı insan amilinin inkişafına yönələn bu çağırış məhz gələcək nəslə ünvanlanmış elm əsaslı təhsil sisteminin özəyini təşkil etməlidir.


Afət Məmmədova
BDU-nun Magistratura və doktorantura şöbəsininm müdiri,
Biologiya elmləri doktoru, professor


525-ci qəzet

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024