Elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir

02/02/2018

Elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir<b style="color:red"></b>

Aydın KAZIMZADƏ
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor

Son illər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurlu davamı kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatların başlıca məqsədlərindən biri də ölkəmizdə innovasiyaların inkişafı üçün zəruri olan bütün şərait və imkanların, son nəticədə rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır.

Çünki bu gün müasir dünya bazarına çıxış üçün həlledici amil rəqabətqabiliyyətli və innovativ sənayenin yaradılması və inkişaf etdirilməsidir. Sənayenin rəqabətqabiliyyətliliyi isə artıq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.

Hazırda cəmiyyətimizin bütün səviyyələrində innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə bütün istiqamətlərdə stimullaşdırıcı mexanizmlərin işlənib-hazırlanmasına start verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də qeyd edildiyi kimi Azərbaycan iqtisadiyyatı, yaxın gələcəkdə səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcəkdir və  2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaqdır. Şübhəsiz ki, bu məqsədlərə nail olmağın yeganə yolu iqtisadiyyatın innovasiya əsaslı inkişaf modelinə keçilməsi ilə bağlıdır. Bunun üçün qlobal miqyasda rəqabətədavamlı milli innovasiya sisteminin, həmçinin ictimai həyatın bütün sahələrində innovasiya fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması lazımdır ki, bu da iqtisadiyyatın innovasion və texnoloji inkişafı hesabına təmin oluna bilər. Başqa sözlə innovasiyalı inkişaf  elmi-texniki inqilabın yeni şəraitdə davamıdır. "Azərbaycan 2020: gələcəyə baxiş" İnkişaf Konsepsiyasında da qeyd edilir ki,   sənayenin innovasiyalar əsasında inkişafı elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaqdır.

Göründüyü kimi, dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Bu siyasət, ölkənin sosial innovasiya potensialının bütün imkanlarının reallaşdırılmasına, eləcə də elm və təhsilin, elmtutumlu cəmiyyətin və mədəniyyətin  davamlı inkişafının bərqərar edilməsinə yönəldilmişdir.

Beləliklə, bu gün elm və təhsil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Müasir dövrdə davamlı inkişafın əsasında təhsilin və elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən, respublikada elm siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Eləcə də Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən elm və təhsilin inkişaf etdirilməsi, əldə edilən nailiyyətlərin beynəlxalq aləmdə təbliği və yayılması istiqamətində titanik işlər görülmüşdür. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir.

Artıq qeyd edildiyi kimi, bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır - iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Möhtərəm prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır.

Qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir kifayət qədər yüksəkdir və innovasiya məhsulları üzrə gəlir 60-90 faiz təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri innovasiya məhsullarının verdiyi gəlirlə ölçülür. Məsələn, inkişaf etməkdə olan dünya ölkələrində bu göstərici 0-1% həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15%, Qərbi Avropa dövlətlərində 40-60% təşkil edir. Son illər ABŞ elmin və təhsilin inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə təxminən 150-200 milyard dollar vəsait ayırır. Düşünməyə əsas verən bu rəqəmlər  innovasiyaların tətbiqinin zəruriliyini göstərir və heç də təsadüfi deyil ki, inkişaf etmiş dünya dövlətlərində ümumi gəlirin təqribən 3,5 faizi innovasiyaların əsasını təşkil edən elmin inkişafına yönəldilir.

Bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Sovet dönəmində elm əsasən akademiya sistemində cəmləşirdi və universitetlər daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin hazırda inkişaf etmiş dünya dövlətlərində universitetlər ilk növbədə elm mərkəzləri kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında qurulur. Beləliklə universitetlər cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün elm - təhsil mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya inteqrasiya etmək üçün bizdə də bu gün universitetlər belə bir missiyanı yerinə yetirməlidir. Lakin etiraf etmək lazımdır ki, bu gün təhsil sistemində maddi-texniki bazanın lazımi dərəcədə gücləndirilməsi, müasir nou-hau tipli cihazların alınması təbii ki, adambaşına maliyyələşmə mexanizmi üzrə maliyyələşən universitetlər üçün o qədər də asan məsələ deyil. Bu baxımdan hesab edirəm ki, bu gün universitetlər AMEA-nın institutları və elmi təşkilatları, istehsalat müəssisələri ilə daha sıx əlaqəli olmalı, universitetlərin bu təşkilatlarda olan elmi mühitdən istifadə imkanları  daha da genişləndirilməli, birgə elmi-tədqiqat laboratoriyaları və Mərkəzlər yaradılmalıdır.

Bu gün biz elmin vətənsizliyi haqda danışırıq və hesab edirik ki, elmi kəşflər də, bir çox digər ali dəyərlər kimi, beynəlxalq səciyyə daşıyır və bütün bəşəriyyətə aiddir. Fikrimizcə, təhsil də elm kimi qlobal xarakter daşımalıdır, yəni təhsilin də vətəni olmamalıdır. Bu gün bəşər sivilizasiyası haqda qlobal mənada danışırıqsa, burada  ümumi  evimiz olan yer kürəsində əhalinin bir hissəsini yüksək intellektual səviyyədə, digər hissəsini isə tamam savadsız təsəvvür etmək çətindir. Digər tərəfdən, cəmiyyətin qloballaşması bütün dünyada təhsil sisteminin  eyni də olmasa, yaxın struktura malik olmasını tələb edir ki, insanlar  təhsillərini istənilən ölkədə və məktəbdə, universitetdə davam etdirə bilsinlər. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, bu problem son illərdə yalnız bizim regionu yox, bütün dünyanı narahat edir. Bu, elmə qoyulan investisiyalarla bağlıdır. Məsələ bundadır ki, son illərdə elmə qoyulan investisiyalar özünü bir neçə, bəzi hallarda 10 dəfələrlə doğrultduğuna görə bura böyük məbləğdə sərmayələr yatırılır. Bu zaman  nəsillərin dəyişməsi, yeni kadrların əvəzlənməsi, bir növ, yaddan çıxır, yəni təhsilə ayrılan vəsaitlə elmə verilən investisiya arasında böyük fərq olur. Nəticədə universiteti bitirən gənc mütəxəssis öyrəndiklərindən xeyli artıq imkanlara malik elmi mühitə düşür və bir neçə illik adaptasiya burulğanında çapalayır. Əgər elmə ayrılan vəsait hesabına təhsil müəssisələrində həmin avadanlıqlar alınarsa və tədris edilərsə, bu yalnız nəsillərarası boşluqları doldurmaqla  yekunlaşan müsbət nəticələr verər.

Bu gün əsas məsələ cəmiyyəti elmi innovasiyalarla "rəftara" hazırlamaq, ondan istifadə etmək üçün yetkinləşdirməkdən ibarətdir ki, bu da təkcə bir ölkə çərçivəsində deyil, bütün dünyada səylərin birləşdirilməsini labüd edir. Universitetlərdə tələbələrlə gündəlik ünsiyyət zamanı biz onların sıralarında dünyanın ən məhşur texnoparklarında çalışmağa qabil istedadlı gənclər görürük. Amma müasir innovasiyalarla tanış olmadan, onlarla əməli iş vərdişlərinə yiyələnmədən təkcə istedad, güclü nəzəri bilik, dərin hafizə, intellektual səviyyə kifayət etməz. Bu gün heç də bütün universitetlərdə bu texniki imkanlar yoxdur. Ona görə də dünya universitetləri arasında inteqrasiya yolu ilə, birgə səylər nəticəsində gənclərin təhsil müddətində elmi innovasiyalarla tanış olmalarına çalışmalıyıq.

Elmi innovasiyaların təhsil mühitinə transferi  son dərəcə zəruri amildir və fikrimizcə, bu proses, əsasən 3 istiqamət üzrə həyata keçirilə bilər:

1) Tədrisin elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında təşkili.

2) Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi.

3) Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi.

Son illər Bakı Dövlət Universitetində tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları, İnstitutları və bir sıra istehsalat müəssisələri arasında əlaqələr gücləndirilmişdir. Bu tədbirlər çərçivəsində:

l Bakı Dövlət Universiteti ilə AMEA-nı 10-a qədər elmi təşkilatı və institutları arasında kadr hazırlığı və elmi əməkdaşlıq haqqında müqavilələr imzalanmış, ayrı-ayrı kafedraların bu təşkilatlarda Filiallları,  Elm və Tədris Mərkəzləri yaradılmışdır.

l Son illər Akademiyanın 150-dən çox aparıcı mütəxəssisləri və elmi işçiləri BDU-da tədris prosesinə, Universitetin professor-müəllim heyəti isə AMEA-nın elmi təşkilatlarında elmi fəaliyyətə və idarəetmə strukturunda işə cəlb olunmuşdur. Bu gün BDU-da ştatda və əvəzçiliklə AMEA-nın 35 nəfər həqiqi və müxbir üzvü çalışır. Onların bir çoxu eyni zamanda müxtəlif rəhbər vəzifələrdə çalışaraq tədrisin və elmi fəaliyyətin təşkili və idarəedilməsi prosesində yaxından iştirak edirlər.

l Təhsil-istehsalat əlaqələrinin qurulması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bir sıra istehsalat birlikləri - Müdafiə Sənayesi Nazirliyi, Azərsu Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, BP və digər şirkətlərlə əməkdaşlıq əlaqələri qurulmuşdur. Hidrometeorologiya kafedrasının Azərsu ASC-nin Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunun nəzdində filialı yaradılmışdır. Belə əlaqələrin qurulması məzunlarımızın öz ixtisasları üzrə uğurlu karyera qurmalarına yardımçı olmaqla yanaşı, mövcud vakansiyalar barədə məlumat əldə edilməsinə də köməklik göstərir.

Bununla yanaşı gənc alimlərimizin dünyanın aparıcı universitetlərində çalışması praktikası da genişlənir. Aydındır ki, kiçik dövlətlərin elə bir imkanı yoxdur ki, inkişaf etmiş ölkələrlə yarışsın. Lakin bu gün bütün ölkələr elmi yarışda finala çatmaq üçün bütün imkanlardan istifadə edir. Bu imkanlardan biri də dünyanın aparıcı universitetlərinin və elmi müəssisələrinin güclü maddi-texniki bazasından istifadə ilə bağlıdır. Məsələn, BDU-nun Kimya fakültəsinin 2 gənc alimi artıq bir neçə ildir ki, Lissabon Texniki Universitetində qrant üzrə çalışır və BDU-da sintez etdikləri bir çox maddələrin və birləşmələrin həmin universitetin geniş imkanları olan müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında tədqiqi sahəsində çox mühüm nəticələr əldə edirlər. Bu müddət ərzində onlar, kimya sahəsində ən yüksək impakt faktora malik olan jurnallarda 50-dən çox məqalə nəşr etdirmişlər.

Tələbələrin nəzəri biliklərlə yanaşı dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün BDU-da onlar üçün çöl təcrübələri imkanları da genişləndirilmişdir. Hazırda BDU-nun Bakıdan təxminən 150-200 kilometr kənarda, zəngin təbiəti olan Quba və Xızı rayonlarında Tədris-təcrübə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il universitetin 10 fakültəsinin 1000-dən çox tələbəsi təcrübə keçir, müasir laboratoriyalarda tədqiqatlar apararaq həm də istirahət edirlər.

Bütün bu işlərin nəticəsidir ki son illər BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Yalnız onu demək kifayətdir ki, ötən il BDU alimləri tərəfindən 2700 məqalə və 1000-dən tezis, o cümlədən, nüfuzlu xarici jurnallarda 800-dən çox məqalə çap etdirilmişdir ki, onlardan da 450-yə qədəri müxtəlif beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən jurnallarda çap olunmuşdur. Təkcə Tomson Reyter agentliyi tərəfindən indekslənən yüksək impakt faktorlu jurnallarda 200-dən çox məqalə çap edilmişdir ki, bu da ümumiyyətlə respublika üzrə həmin jurnallarda çap edilən məqalələrin təqribən 20-25 faizini təşkil edir.

Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri bir neçə milyon ABŞ dolları olan 100-dən çox layihə həyata keçirilir ki, bunların da yarıdan çoxu beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələrdir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib. Təsadüfi deyil ki, 2016-cı ildə Kanadanın Toronto universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Polani öz arzusu ilə BDU-nun  Nanoaraşdırmalar mərkəzi ilə tanış olub. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən 13 il bundan əvvəl yaradılan mərkəzdə ötən illər ərzində 10-dək Nobel mükafatı laureatının, o cümlədən, dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. Con Polani universitetdə nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri, kadr hazırlığı ilə  maraqlanıb və bu sahədə reallaşdırılan işləri yüksək qiymətləndirərək tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində tövsiyələrini verib.

Bu gün həlli vacib olan məsələlərdən biri də gənclərin hələ erkən yaşlarından elmi fəaliyyətə cəlb edilməsidir. Bu baxımdan BDU-da artıq bir sıra tədbirlər həyata keçirilir. Belə ki, istedadlı tələbələr, o cümlədən, 600-dən yuxarı bal toplayan və SABAH qruplarında təhsil alan tələbələr elmi fəaliyyətə cəlb edilərək onların hər birinə bir elmi rəhbər və ya məsləhətçi təhkim olunub. BDU-nun hər bir kafedrası, o cümlədən, ETİ-lərin hər bir şöbəsi tərəfindən hər il Beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən jurnallarda ən azı bir məqalə çap etdirilməsi məqsədi ilə bir sıra tədbirlər görülüb və artıq əhəmiyyətli nəticələr əldə edilir. Elmi tədqiqatların innovativ istiqamətlərə yönəldilməsi və keyfiyyətinin yüksəldilməsi, o cümlədən, gənclərin beynəlxalq aləmə inteqrasiyasının gücləndirilməsi məqsədi ilə BDU-da təhsil alan doktorantlara biri xarici ölkələrdən olmaqla ikili elmi rəhbər təyin olunması praktikası genişləndirilib. Gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dissertantı və ingilis bölməsinin müəllimi, gənc alim Aygün İsrayılova "Gənclər üçün Prezident mükafatı"na layiq görülüb. Qeyd edək ki, 2015-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin ingilis bölməsinin müəllimi, gənc alim Elvin Məlikov, 2014-cü ildə isə gənc alim Flora Hacıyeva da "Gənclər üçün Prezident mükafatı"na layiq görülüblər və hər il bir gənc alimin bu mükafata layiq görülməsi artıq bir ənənə halını alıb.

BDU-da innovativ istiqamətlərdə startap layihələrin işlənilməsi məqsədilə 2016-cı ildən "İnnovativ layihələrə dəstək qrupu" yaradılıb. Bu qrupun əsas fəaliyyəti tələbələri və şagirdləri innovativ istiqamətlər üzrə layihələr hazırlamağa cəlb etmək və onların innovativ ideyalarını dəstəkləməkdən ibarətdir. Qrupun fəaliyyətinin nəticəsidir ki, BDU-nun gənc tədqiqatçıları və tələbələri, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin şagirdləri tərəfindən təqdim edilən startap layihələr müxtəlif təşkilatlar tərəfindən elan edilən müsabiqələrin qalibi olurlar. 2017-ci ilin noyabr-dekabr aylarında BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmcinin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji yol xəritəsi"nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil olunan Respublika İnnovasiya Müsabiqəsində BDU əməkdaşları və tələbələri tərəfindən təqdim edilmiş bir layihə III yerə layiq görülərək müvafiq diplom və mukafatla, digər bir layihə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" tərəfindən həmin müsabiqənin qalibi nominasiyasında sertifikatla təltif olunub.

İnnovativ startap layihələrin hazırlanmasında və təqdim edilməsində BDU-nun və digər elmi təşkilatların əməkdaşlarının rəhbərliyi ilə BDU-nun nəzdindəki "Gənc İstedadlar" liseyinin şagirdləri də fəal iştirak edirlər. Bu layihələr xüsusilə "Sabahın Alimləri" Respublika müsabiqələrində nümayiş etdirilir. 2012-ci ildən başlayaraq keçirilən bu müsabiqələrdə hər il liseyin şagirdləri tərəfindən təqdim edilən layihələrin əksəriyyəti qalib layihələr sırasında yer tutaraq  mükafata layiq görülür. Ötən illər ərzində bu layihələrdən bir neçəsi ABŞ-da keçirilən beynəlxalq müsabiqədə respublikamızı təmsil ediblər. Liseyin şagirdləri Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında və bir sıra təşkilatlar tərəfindən keçirilən olimpiada və müsabiqələrdə də qalib olublar.

BDU-da həmçinin respublikanın digər ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin də respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir və uğurlu nəticələr əldə edilir. BDU əməkdaşlarının rəhbərliyi ilə hazırlanan bir sıra layihələr beynəlxalq və respublika səviyyəli müxtəlif müsabiqələrdə mükafata layiq görülüb.

Bütün bu işlərin nəticəsidir ki, son illər Bakı Dövlət Universiteti "Elm və Texnologiya" sahəsində İSESKO mükafatına, "Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına və dünyanın tanınmış "Elsevier" akademik nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq təsis edilən "SCOPUS Mükafatı"na layiq görülüb. Bununla yanaşı, respublikada yeganə impakt faktorlu jurnal kimi BDU-da nəşr olunan "Tətbiqi və hesablama riyaziyyatı" jurnalı da "SCOPUS Mükafatı"na layiq görülüb.

Son olaraq bir daha qeyd etmək istərdim ki, elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir. Əgər biz bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, təhsilin elmi innovasiyalar əsasında inkişaf etdirilməsi, elm-təhsil-istehsalat əlaqələrinin məhkəmləndirilməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar.

525.az

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024