ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

08/08/2020

Bu gün gənc kadrların və tədqiqatçıların yetişməsində əvəzsiz xidmətləri olan, uzun illərdən bəri Bakı Dövlət Universitetində çalışan, peşəkar idarəçilik səriştəsi ilə hamının rəğbətini qazanmış BDU-nun rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, “Şöhrət” ordenli Aydın Kazımzadənin 70 yaşı tamam olur. 70 illik yubileyi münasibətilə professor Aydın Kazımzadə BDU rektorunun Fəxri Diplomu ilə təltif edilmişdir.

Professor Aydın Kazımzadəni yubiley münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, Azərbaycan elminin inkişafı yolunda yaradıcılıq uğurları arzu edirik!

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin professor Aydın Kazımzadənin 70 illik yubiley yaşına həsr olunmuş "Elmə və təhsilə həsr olunmuş ömür" adlı məqaləsini təqdim edirik:

(Məqalə “Xalq qəzeti”nin 8 avqust 2020-ci il tarixli nömrəsində dərc olunmuşdur)

 

2020-ci ilin avqust ayında görkəmli alim və pedaqoq, Bakı Dövlət Universiteti (BDU) rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, Yarımkeçiricilər fizikası kafedrasının professoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru  Kazımzadə Aydın Həsən oğlunun 70 yaşı tamam olur.

A.H.Kazımzadə 8 avqust 1950-ci ildə Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 1 nömrəli Ordubad şəhər orta məktəbini qızıl medalla bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə universiteti fizik, fizika müəllimi ixtisası üzrə bitirərək həmin ildə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının nəzdində Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri, 1988-ci ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Professor A.H.Kazımzadənin elmi və pedaqoji fəaliyyəti çoxşaxəli olub müasir fizikanın və təhsilin bir sıra sahələrini əhatə edir. Elmi fəaliyyəti əsasən mürəkkəb yarımkeçiricilərdə və yarımkeçirici diod quruluşlarında elektron proseslərinin tədqiqi ilə əlaqədardır. Mendeleyev cədvəlinin 3-cü və 6-cı qrup elementləri əsasında alınmıış binar və üçqat laylı kristallarda ilk dəfə olaraq bir sıra fiziki hadisələr müşahidə etmiş, bu kristallar əsasında hazırlanmış heterokeçidlərdə, Şottki diodlarında və yarımkeçirici-maye kristal sərhəddində elektron proseslərinin xüsusiyyətlərini öyrənmiş və onları izah etmək üçün mexanizmlər təklif etmişdir. Eyni zamanda yaranma tarixi 1957-ci il hesab edilən Axma nəzəriyyəsinin (Perculation theory) inkişaf etdirilməsi və onun müxtəlif fiziki və ictimai məsələlərə tətbiqi sahəsində müəyyən işlər aparmışdır.

Alim tərəfindən həmçinin nəzəri fizika sahəsində, xüsusilə elementar zərrəciklər və təbiətin fundamental qarşılıqlı təsirlərinin birləşdirilməsi sahəsində maraqlı fikirlər irəli sürülmüş, elementar hissəciklərin elektrik yükünü hesablamaq üçün empirik qayda təklif edilmişdir.

Aparılmış elmi tədqiqatların bəzi nəticələri respublikamızda və xarici ölkələrdə nəşr edilən müxtəlif monoqrafiyalara daxil edilmişdir və qismən tədris prosesində istifadə edilir.

A.H.Kazımzadə yerli və beynəlxalq informasiya agentlikləri tərəfindən indeksləşdirilən bir sıra nüfuzlu xarici elmi nəşrlərdə dərc edilmiş 350-dən çox elmi əsərin, o cümlədən bir neçə kitab, dərslik, dərs vəsaiti və publisistik məqalənin müəllifidir. Azərbaycan, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Belarusiya, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər donor təşkilatların elmi qrantlarına layiq görülmüşdür. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1996-cı ildən başlayaraq BDU-nun Fizika fakültəsinin nəzdində tətbiqi fizika ixtisası açılmış, bu ixtisas üzrə tədris planı və proqramları hazırlanmış  və bir neçə il kadr hazırlığı aparılmışdır.

Elmi və pedaqoji fəaliyyəti ilə yanaşı prof.A.H.Kazımzadə kadr hazırlığı sahəsində də gərgin əmək sərf etmişdir. Ötən illər ərzində onun rəhbərliyi altında 2 elmlər doktoru, 9 fəlsəfə doktoru (o cümlədən Misir Ərəb Respublikası üçün 1 elmlər namizədi) və 40-dan çox magistr hazırlanmışdır. Onun hazırladığı elmi kadrlar hazırda respublikanın və bir sıra xarici ölkələrin elmi müəssisələrində çalışır və elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirirlər.

Prof. A.H.Kazımzadə 2002-2011-ci illərdə Dünya Bankı tərəfindən həyata keçirilən bir sıra təhsil islahatı layihələri üzrə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. Bu müddətdə o, Azərbaycanda müəllim hazırlığı (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma) sisteminin təhlili, onun zəif və güclü cəhətlərinin müəyyən edilməsi sahəsində tədqiqatlar aparmış, beynəlxalq məsləhətçilərlə  birlikdə ölkəmizdə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində mövcud vəziyyətin təhlilini əks etdirən hesabatlar hazırlamış, bu sistemin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə islahatların aparılması üçün Təhsil Nazirliyinə təkliflər və tövsiyələr vermiş, mətbuatda çıxışlar etmişdir.

A.H.Kazımzadə Universitet və respublika miqyasında aparılan ictimai işlərdə də fəal iştirak edir. Təhsil Nazirliyinin “Fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası”nın sədr müavini, ali təhsildə təbiət elmləri üzrə yeni dövlət təhsil standartlarının hazırlanması üzrə yaradılan işçi qrupun sədru olmuşdur. Dəfələrlə ali məktəb tələbələri arasında aparılan olimpiadaların, müsabiqə və konfransların sədri və üzvü vəzifələrində çalışmışdır. Bu sahədə apardığı fəaliyyətə görə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif edilmişdir. Dəfələrlə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri verən dissertasiya şuralarının üzvü olmuş, çoxsaylı dissertasiya işlərinə opponentlik etmişdir. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur. Hazırda BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədri, “Bakı Universitetinin xəbərləri” jurnalının redaksiya heyətinin üzvü və baş redaktorun müavinidir.

Professor A.H.Kazımzadənin elmi və pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə elm və texnika sahəsində Respublika Lenin Komsomolu mükafatına, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ildə “Şöhrət” ordeni və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif edilmişdir.

70 illik yubileyini qeyd edən, yüksək insani dəyərlərə və tükənməz elmi və pedaqoji potensiala malik olan görkəmli alim və pedaqoq Aydın Kazımzadə bu gün də elmi və pedaqoji fəaliyyətini davam etdirərək layvari və mürəkkəb yarımkeçiricilər və onlar əsasında diod quruluşlarının elektron xassələrinin xüsusiyyətlərini öyrənir, qeyd edilən materiallar və strukturlar əsasında yeni funksional elementlərin yaradılması imkanlarını araşdırır.

Yubileyi münasibətilə professor Aydın Kazımzadəni səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzu edirik.

Elmə və təhsilə həsr olunmuş ömür

Elçin Babayev,
Bakı Dövlət Universitetinin rektoru

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024