Elmi istedad yüksək mədəniyyətlə vəhdətdə: professor Aydın Kazımzadə

20/02/2017

Bütün dillərin işlək lüğət tərkibində “universitet” anlayışı özündə çox böyük mənəvi məzmun daşıyan bir leksik vahid kimi, müqəddəs bir anlayış kimi qəbul olunur. Çünki hər bir mədəni xalqın, millətin, sivil dövlətin elmi, ictimai, təhsil, mədəniyyət və onlarca digər sahəsində universitetin rolunu, hətta qiymətləndirmək belə çox çətindir.

Bu anlayışın məzmununda əks olunan mahiyyətin özü onu yüksək tutmağa, müqəddəs tutmağa çağırır. “Universitet” latıncadan (universitas) olub, ilkin mənasında hər şeyin birləşdiyi, cəm olduğu, bir yerdə toplandığı kimi bir məzmun daşıyır. Elm və tədris prosesində isə universitet öz mahiyyətində fundamental, bir çox tətbiqi elmlər, humanitar sahələr üzrə mütəxəssislər hazırlayan  elm, tədris müəssisəsidir və bu sırada universitet digər ali məktəblərdən xeyli fərqli olub, həm də elmi mərkəz statusu qazanmışdır.

Xalqımızın elmi, ictimai, mədəni həyatında əvəzolunmaz bir məbəd simvolu olan  Bakı Dövlət Universitetini yenə də latıncadan olan “universum” - (summa rerum) - “bütöv dünya məzmunu kəsb edən” bir epitetlə də ifadə etmək olar. Yüz illik tarixinə iki ildən də az qalmış bu “universum” millətimiz, xalqımız, Vətənimiz üçün, sözün həqiqi mənasında, bütöv bir dünyadır. Klassik mədəniyyətimizə, klassik ədəbiyyatımıza, klassik elm xadimlərimizə və klassik elm məbədlərimizə ömrünün bütün anlarında böyük sevgi və qayğı ilə yanaşmış, universitetimizin bu günkü böyük məzmununa bir rəhbər kimi səbəb olmuş Ümummilli liderimiz Heydər Əliyev əlini ürəyinin üstünə qoyub qürurla deyirdi: “Mən fəxr edirəm ki, mən Bakı Dövlət Universitetinin məzunuyam.”

Tale elə gətirib ki, Bakı Dövlət Universitetinə həmişə ürəyi Vətən və millət sevgisi ilə dolu olan alimlər, ictimai xadimlər rəhbərlik ediblər. Bu gün də çoxminli universitet kollektivinin və xüsusilə tələbələrin - gənc nəslin Vətənə sevgi, milli dəyərlərimizə məhəbbət, elmə, biliyə həvəs ruhunda tərbiyəsində, dövlətçiliyimizin qorunması və inkişafında bu böyük gəncliyin rolunun artırılmasında yorulmaz fəaliyyət göstərən Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Abel Məhərrəmov bu möhtəşəm dövlət müəssisəsinə rəhbərlik işində kadr seçiminə xüsusi həssaslıqla yanaşmaqdadır. Bakı Dövlət Universitetinin bu günkü uğurları onun idarə sistemini təşkil edən kadrlardan çox asılıdır. Universitet əməkdaşları və universitet tələbələri hər an hiss edirlər ki, bu nəhəng təhsil və elm müəssisəsi qəlbində dövlətçiliyə sədaqət ruhu daşıyan elmli, adlı-sanlı, ictimai rəydə bütün fəaliyyətləri ilə rəğbət qazanmış alimlərin idarəçiliyindədir. Bu idarəçilər sırasında AMEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə xüsusi yer tutur. Aydın müəllim hazırda Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsindədir. Aydın Kazımzadənin belə bir vəzifəyə - yəni  BDU kimi böyük bir elm və təhsil müəssisəsində elmi istiqamətə rəhbərlik etməyə həm mənəvi, həm də bir alim kimi haqqı var.

Aydın Kazımzadə bu gün alim ömrünün ən müdrik və məhsuldar çağını yaşayır. Həyatının bu çağına gəlib çatanadək  Aydın müəllim bu ömür yolunun hər anını ləyaqətlə keçmişdir. 1967-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, elə həmin il BDU-nun fizika fakültəsinə daxil olmuş, bu gün qapısından fəxrlə keçdiyi doğma universitetin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, universiteti bitirən kimi Yarımkeçiricilər fizikası kafedrasında aspiranturaya daxil olmuş, 1975-ci ildə fizika sahəsində namizədlik, 1987-ci ildə doktorluq müdafiə etmişdir. Onun 1950-ci ildə doğulduğunu nəzərə alsaq, deməli, Aydın Kazımzadə otuz yeddi yaşında hər kəsə nəsib olmayan elmlər doktoru dərəcəsinə yiyələnmişdir. Alimin ömür yolundakı bu tarixi hadisələri həvəslə qeyd etməkdə məqsədimiz odur ki, xalqımızın “niyyətin hara, mənzilin ora” müdrik deyiminin belə bir həyat nümunəsində nə qədər dəqiq olduğunu bir daha sübut edək. Bir neçə sətirdəki bioqrafiyasından göründüyü kimi, Aydın Kazımzadənin lap orta məktəbdən niyyəti elm aləmində xidmət göstərmək olub. Həm də elmin həyata ən çox tətbiq olunan bir sahəsinə meylini yenə də orta məktəbdən salıb və bununla bağlı universitet istəyinə qovuşub. Aydın Kazımzadə fizika elmini seçib. Fizika qəribə bir elm sahəsidir. Elə bir elm sahəsi ki, onun praktika ilə əlaqəsini, olsa-olsa, kimya elmi ilə müqayisə etmək olar. Bu gün dünyanı tamamilə dəyişən informasiya texnologiyasından tutmuş kosmik fəzanın fəthinədək, müasir günümüz üçün adiləşmiş kalaşnikovdan tutmuş dünyanı hədələyən nüvə başlıqlarınadək ən mühüm praktik dəyərlər fizikanın əlindən keçir. Təsadüfi deyil ki, hərdən belə bir sual da qoyulur: Lirika yoxsa fizika? Dünyanın “qılınc və qələm” çağlarında, əlbəttə, belə bir suala ehtiyac olmayıb. Şərq özünün poeziyası ilə dünyanı tərbiyə etmiş, bir sıra hallarda qılınca qalib gəlmişdir. Lakin zaman dəyişdikcə fizika önə keçdi və onun yaratdıqlarının heç də hamısı işıqlı elektrik lampaları olmadı. Fizika lirikaya meydan oxudu. Fizikanı işə salan ölkələr atom, nüvə silahları istehsal edib dünyaya meydan oxudu. Və poeziyanın, bədii sözün təsir gücünün həmişə böyük olduğunu tələbələrinə dərsdə qiymətləndirən Aydın müəllim onu da xüsusi qeyd edir ki, nüvə əsri olan indiki çağda dəqiq elmlər, o cümlədən fizika sahəsində milli alimlərimiz yetişməlidir. Universitetdə alimlərin, fiziklərin yaratdıqları məktəb nəinki davam etdirilməli, həm də yeni çağırışlara uyğunlaşdırılmalıdır. Çünki əsrlər boyu insanı kamilləşdirən “lirika” - yəni poeziya indi özünün mənəvi dünyasını fizikaya təslim etməkdədir. Güc dövlətlərinin gücü bu gün daha çox fizikaya söykənmələri ilə - bundan doğan nüvə silahları ilə ölçülür. Bakı Dövlət Universiteti bu gün özünün nanotexnologiya laboratoriyası ilə fizikanın vacibliyini tələbələrə öyrədir. Və bizim fizika-riyaziyyat elmləri doktorumuz, dünyanın önəmli ölkələrində nəşr olunan impakt faktorlu elmi jurnallarda imzası tanınan, bir sıra sayılıb-seçilən beynəlxalq elmi konfranslarda  Azərbaycan adına səsini qaldıran, neçə-neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi kimi tələbələrinin köməyinə çatan Aydın Kazımzadə mürəkkəb fizikanın bir çox istiqamətləri üzrə dünyada tanınmış alim kimi qəbul edilməkdədir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini yuvarlaq olaraq təxminən 6 sahəyə bölmək olar: yarımkeçiricilərin fizikası, yarımkeçirici cihazların metal-dielektrik keçidləri, şüalanmanın maddə ilə qarşılıqlı təsiri, axma nəzəriyyəsi, maye kristallar fizikası, elementar zərrəciklər fizikası və qarşılıqlı təsirlərin birləşdirilməsi... Göründüyü kimi, Aydın müəllimin fizikaya dair tədqiqat sahələrinin hamısı nəzəriyyə ilə pratikanın qovuşma məqamıdır.  Aydın Kazımzadə orta məktəbdən başlayaraq xarakterində formalaşdırdığı müəllimə məhəbbət, müəllimdən öyrənmək xarakterini universitetdə həm tələbəlik illərində, həm də əməkdaşlıq çağında böyük qürurla davam etdirmişdir. O, çox sevdiyi fizika fakültəsində elmi məktəblər yaratmış Həsən Abdullayev, Bəhram Mirzəyev, Bəhram Əsgərov, Abdulla Muxtarov və digər alimləri bu gün də xüsusi minnətdarlıqla yad edir, onların elmi məktəblərinin davamçılarından biri kimi fəaliyyət göstərir.

Əlbəttə, geniş oxucu kütləsi üçün nəzərdə tutduğumuz bu yazıda A.Kazımzadə tədqiqatlarının elmi-nəzəri mahiyyətinin dərin qatlarını açmağa ehtiyac duymuruq. Lakin onu mütləq deməliyik ki, bu elmi sahələrin bir sıra istiqamətləri fizika üçün tamamilə yenidir və onlar bu alimin adına bağlıdır. Məsələn, yarımkeçiricilərin, xüsusilə də qeyri-bircins yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələrinin öyrənilməsi və onların praktik tətbiqinin müəyyən edilməsi sahəsindəki araşdırmalar A.Kazımzadənin fizikada bir alim kimi yerini, istedadını müəyyən edir. Eyni fikirləri alimin yuxarıda qeyd etdiyimiz digər sahələrə dair tədqiqatlarına da aid etmək olar. Aydın Kazımzadə hər bir tədqiqatında fizikanın mühüm qanunauyğunluqlarından aldığı nəticələrlə elmə, gələcək tədqiqatlara dəyərli təkliflər verməkdədir.

Aydın müəllim müntəzəm olaraq kadr hazırlığına diqqət yetirir. Onun rəhbərliyi ilə onlarca magistr yetişmiş, neçə-neçə alim elmlər namizədi və doktorluq dissertasiyası müdafiə etmişdir. Əslində çalışdığı elm sahəsində özünü təsdiq etmiş hər bir alimin əsas göstəricilərindən biri onun yetişdirdiyi kadrlara bağlıdır. Aydın Kazımzadə çalışdığı fizika fakültəsində və konkret olaraq Yarımkeçiricilər fizikası kafedrasında fizika elminə maraq göstərən tələbələrini özü seçir, bəzən onları tələbəlik illərindəcə kəşf edir və sonra elmə bağlayır. Bir çoxuna özü rəhbərlik edir, bir çoxunu kafedranın, fakültənin əməkdaşlarına tapşırır. “Tapşırır” deyirik ona görə ki, artıq Aydın müəllimin Universitetdəki elmi nüfuzu və rəhbər kadr statusu ona bu səlahiyyəti verir.

Aydın Kazımzadənin ictimai fəaliyyəti ilə bağlı onun bioqrafiyasından aşağıdakı abzasa diqqət çəkmək istərdik:

Professor A.H.Kazımzadə universitet və respublika masştabında aparılan ictimai işlərdə fəal iştirak edir. Təhsil Nazirliyinin “Fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası”nın sədr müavini, ali təhsildə təbiət elmləri üzrə yeni dövlət təhsil standartlarının hazırlanması üzrə yaradılan işçi qrupun sədridir. Dəfələrlə ali məktəb tələbələri arasında aparılan olimpiadaların, müsabiqə və konfransların, fizika fənni üzrə Bakı şəhər orta məktəb müəllimləri arasında aparılan “İlin müəllimi” müsabiqəsinin təşkilində və keçirilməsində fəal iştirak etmiş, təşkilat komitələrinin sədri və üzvü vəzifələrində çalışmışdır. Bu sahədə apardığı fəaliyyətə görə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Respublika Təhsili Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif edilmişdir. 1996-2003-cü illərdə Azərbaycan Prezidenti yanında AAK-ın ekspert şurasının, dəfələrlə elmlər namizədi və elmlər doktoru adı verilən birdəfəlik və daimi ixtisaslaşmış şuraların üzvü olmuş, namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir. Hazırda Bakı Dövlət Universitetinin və fizika fakültəsinin Elmi Şuralarının üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədri, “Bakı Universitetinin xəbərləri” jurnalının redaksiya heyətinin üzvü və baş redaktorun müavinidir.

Universitet Emi Şurası bu təhsil və elm müəssisəsinin ali idarəedici orqanıdır. Universitetin sahələr üzrə prorektorları vaxtaşırı olaraq bu qurum qarşısında hesabat verirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Aydın Kazımzadə BDU-nun Elm və İnnovasiyalar üzrə prorektorudur. Bununla bağlı olaraq, o, elmi istiqamətlər üzrə universitetin fəaliyyətinə məsuliyyət daşıyır. Bu çətin və məsuliyyətli vəzifəni onun necə ləyaqətlə və səriştəli bir elm xadimi kimi yüksək göstəricilərlə həyata keçirdiyini Elmi Şura qarşısındakı hesabatlarından aydın görmək olur. Bu hesabatlarda universitetin həm ölkə daxilində, həm də beynəlxalq arenada qəbul olunan elmi fəaliyyəti bütün detalları ilə Elmi Şura üzvlərinə çatdırılır. Biz Elmi Şura üzvərinin bu hesabatı necə həssaslıqla təhlil etdiklərinin və yüksək qiymətləndirdiklərinin həmişə şahidi oluruq.

Bu gün professor Aydın Kazımzadə Bakı Dövlət Universitetinin idarə olunmasında məsuliyyət daşıyan yüksək vəzifəli bir kadrdır. Onun yuxarıda qeyd etdiyimiz xarakterik xüsusiyyətləri bu vəzifədə daha aşkar görünməkdədir. Uzun müddət fizika fakültəsinin, bu fakültənin müəllim və tələbələrinin daha yaxından tanıdığı Aydın müəllimi, bir rəhbər kadr və bir insan kimi indi bütün universitet kollektivi tanıyır. A.Kazımzadə çox təvazökar, sakit və təmkinli bir rəhbər işçidir. Universitet rektorunun hər həftənin 5-ci günlərində keçirdiyi qəbul günlərində rektorun qəbuluna gələn tələbələrə çox zaman hətta onların valideynlərinə münasibətində biz onun insanlıq keyfiyyətinin daim şahidi oluruq. Tələbələrə bir ata qayğısı, bir dövlət adamı kimi diqqətlə, sevgi ilə yanaşan akademik, rektor Abel Məhərrəmovun idarəçilik prinsipi ilə fəaliyyət göstərən Aydın Kazımzadəni tanıyan hər kəsin ürəyində bu böyük alimə, böyük müəllimə, səriştəli dövlət adamına və nəhayət, yaxşı adama böyük sevgi və məhəbbəti var.

Cahangir MƏMMƏDLİ
filologiya elmləri doktoru, professor
Məmməd RƏCƏBOV
fizika-riyaziyyat elmləri namizədi, dosent

http://525.az/site/?name=xeber&news_id=73907

 

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024