Ermənistan tərəfindən törədilən cinayətlər beynəlxalq hüquq tərəfindən ciddi cəza ilə üzləşməlidir

16/10/2020

Ermənistan tərəfindən Azərbaycan Respublikasına, xalqına və dövlətçiliyinə qarşı uzun müddətdir törədilən və bu gün daha da genişlənən cinayətlər beynəlxalq hüquq normalarının nəinki kobud şəkildə pozulmasıdır, eyni zamanda, cəmiyyətdə beynəlxalq hüquqa olan inamı qırmaqla beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurur. Bu cinayətlər beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulması ilə müşayiət edilir. İlk növbədə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi iki aspektdən qiymətləndirilməlidir. Birinci aspekt Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun işğalıdır. İkinci isə Dağlıq Qarabağ regionuna daxil olmayan və ona bitişik 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan), habelə bir sıra digər ərazilərin işğalıdır.

Ermənistanın Azərbaycana qarşı güc tətbiqi məsələsi beynəlxalq təşkilatların bununla bağlı qəbul olunan bütün sənədlərində öz əksini tapıb. Belə ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bu məsələ ilə əlaqədar 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib. Bütün qətnamələrdə işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. BMT Baş Məclisinin “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında” 2008-ci il 15 mart tarixli Qətnaməsində isə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafındakı hərbi münaqişə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etməklə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir edir. BMT Baş Məclisi üzv-dövlətləri Azərbaycan Respublikasının beynəlxalq qaydada tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır, nəhayət, bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazisinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni saymamalı və bu vəziyyətin qalmasını təşviq etməməlidir.

Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə”yə dair 1416 (2005) saylı Qətnamənin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər. Qətnamənin 3-cü bəndində isə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri xatırladılır və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması təkid edilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxarılan qərarında (2015) Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalı faktı təsdiq edilib və bunun ərizəçilərin hüquqlarının pozulması ilə qarşılıqlı əlaqəyə malik olduğu vurğulanıb.

1994-cü ildən qüvvədə olan de-fakto atəşkəsə baxmayaraq, Ermənistan tərəfindən heç vaxt buna əməl edilməyib. Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində geniş miqyaslı hücum edib. Qonşu dövlətin hərbi təcavüzü ordumuzun general-mayorunun, 10-dan çox yüksək rütbəli hərbçi və əsgərlərin, 1 mülki şəxsin ölümü ilə nəticələnib.

Sentyabrın 27-də isə Ermənistan ordusunun yenidən Azərbaycan ərazilərinə bütün istiqamətlərdə hücuma keçməsi və yeni ərazilər tutmaq barədə hədələri artıq Azərbaycan dövlətini ciddi hərəkətə gətirdi. Əks-hücumlarla Ermənistan ordusu geri oturduldu. Ermənistan tərəfdən atılan müxtəlif növ ağır hərbi silahlardan Azərbaycan tərəfdən 50-yaxın mülki şəxs həlak olub.

Beləliklə, beynəlxalq humanitar hüquq normaları Ermənistanın kobud şəkildə pozduğu bir sahəyə çevrilib. Göründüyü kimi, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq cinayətlər törətməyinə davam edir, münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir. Nəzərə alınmalıdır ki, Ermənistan tərəfindən güc tətbiq etməklə Azərbaycan Respublikası ərazilərinin işğalı, danışıqlar prosesinin süni şəkildə uzadılaraq işğal vəziyyətinin davamı, o cümlədən işğala məruz qalmış Azərbaycan Respublikasını öz əraziləri ilə bağlı güzəştə getməyə məcbur etmə beynəlxalq hüququn kobud və ciddi şəkildə pozulmasıdır.

Beynəlxalq hüququn prinsiplərinin pozulması, təcavüz, soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq kimi beynəlxalq cinayətləri davam etdirməsi Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətini bir daha əsaslandırır. Bu zaman Azərbaycana və azərbaycanlılara münasibətdə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərlə bağlı məsuliyyət məsələlərinin hüquqi həlli iki kontekstdə nəzərdən keçirilməlidir. Birincisi, Ermənistanın dövlət kimi məsuliyyəti məsələsi önə çəkilməlidir. Beynəlxalq hüququn jus cogens və adət normalarının pozulması, habelə beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi Ermənistanın məsuliyyətini əsaslandıran əsas şərtdir. BMT Beynəlxalq Hüquq Komissiyası tərəfindən 2001-ci ildə işlənib hazırlanmış “Beynəlxalq hüquqazidd hərəkətlərə görə dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi”nin 1-ci maddəsində dövlətin hər bir beynəlxalq hüquqazidd hərəkətinin həmin dövlət üçün beynəlxalq məsuliyyət yaratdığı aydın şəkildə ifadə olunub. Bundan başqa, nəzərə almaq lazımdır ki, Ermənistan iştirakçısı olduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının 26-cı maddəsində təsbit olunan “hər bir qüvvədə olan müqavilə onun iştirakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasını aşkar şəkildə pozub. Hətta dövlətdaxili qanunvericiliyə istinad etməsi dövləti beynəlxalq öhdəliklərdən azad etmir. Bununla əlaqədar müddəalar “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsində birbaşa göstərilib. İkincisi isə, Ermənistanın törətdiyi beynəlxalq cinayətlərlə bağlı fərdi məsuliyyət prinsipinin tətbiqidir. Bu məqsədlə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində (822, 853, 874, 884 saylı) Ermənistanın Azərbaycanın ərazilərinə hücumu və işğalı faktlarının regional sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilməsini nəzərə alaraq, BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq, ad hoc Beynəlxalq Cinayət Tribunalının yaradılması zəruridir. Həmin tribunalda Azərbaycan Respublikasına və xalqına qarşı beynəlxalq cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin mühakimə olunması təmin edilməli, baş verən beynəlxalq cinayətlərin həm də insan hüquqlarının pozuntusu kimi qiymətləndirilməsi həyata keçirilməlidir. Hətta bunun tarixi təsdiqi kimi keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının təsis olunması və fəaliyyətini göstərmək olar.

Ümidvarıq ki, qeyd edilən məsələlərin həlli beynəlxalq hüquq normalarına olan ümidlərin artmasına, beynəlxalq səviyyədə cəzasızlıq mühitinin aradan qaldırılmasına, nəhayət, cinayət qurbanlarının pozulmuş hüquqlarının bərpasına gətirib çıxaracaq.

https://azertag.az/xeber/Amir_Aliyev

Əmir Əliyev,

BDU-nun Hüquq fakültəsinin dekanı, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024