Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi beynəlxalq cinayətlər və insan hüquqları problemi

13/10/2020

Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi beynəlxalq cinayətlərin tarixi və mahiyyəti, onun səbəb olduğu nəticələr dünya birliyinə yaxşı məlumdur. Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı XIX əsrdən başlayan və XX əsrdən etibarən sürətlənən beynəlxalq cinayətlər beynəlxalq hüquq normalarının nəinki kobud şəkildə pozulmasıdır, eyni zamanda beynəlxalq cəmiyyətdə beynəlxalq hüquqa olan inamı qırmaqla beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurur.

İlk növbədə, Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi beynəlxalq cinayətlər beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin ciddi şəkildə pozulması ilə müşayiət edilir. Bu pozuntuların ən bariz nümunəsi Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin hərbi işğalı amilidir ki, bunu da əsasən iki aspektdən qiymətləndirmək olar.

Birinci aspekt Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun işğalıdır.

İkinci aspekt isə Dağlıq Qarabağ regionuna daxil olmayan və ona bitişik 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan), habelə bir sıra digər ərazilərin işğalı ilə bağlıdır.

Ermənistan tərəfindən işğal olunan bütün bu ərazilərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün tərkib hissəsi olmasına və beynəlxalq hüquqla qəbul olunmuş sərhədləri çərçivəsində mövcudluğuna baxmayaraq, tarixən Dağlıq Qarabağ regionu daha çox əsassız erməni iddialarının obyektinə çevrilmişdir. Ermənistanın Azərbaycan Respublikasına qarşı güc tətbiqi məsələsi beynəlxalq təşkilatların bununla bağlı qəbul olunan sənədlərində öz əksini tapmışdır. Belə ki, BMT Təhlükəsizlik Şurası tərəfindən ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini təsdiq edən dörd qətnamə qəbul edilmişdir: İşğalçı qüvvələrin dərhal Kəlbəcər və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edən 30 aprel 1993-cü il tarixli 822 saylı  qətnamə; Ağdam və digər işğal olunmuş rayonların işğalını pisləyən 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamə; Füzuli, Cəbrayıl, Qubadlı və işğal olunmuş digər ərazilərdən işğalçı qüvvələrin qoşunlarının çıxarılması və münaqişənin sülh danışıqları vasitəsi ilə həll olunmasına dair 14 oktyabr 1993-cü il tarixli 874 saylı qətnamə; Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikası ərazisinin bombardman edilməsini pisləyən 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamə.

Lakin təəssüf ki, hələ də həmin qətnamələr yerinə yetirilməmişdir və bu universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. ATƏT-in Minsk qrupu çərçivəsində intensivləşən danışıqlar prosesi hələlik nəticə verməsə də, Azərbaycan Respublikası ötən müddətdə müna­qişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sü­buta ye­tirə bilmişdir.

Təhlil olunan vəziyyətlə bağlı digər beynəlxalq təşkilatların sənədlərini də qeyd etmək yerinə düşərdi. Məsələn, İslam Konfransı Təşkilatının (hazırkı İslam Əməkdaşlığı Təşkilatı) Xarici İşlər Nazirləri Şurasının “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 1994-cü il tarixli 11/22P saylı Qətnaməsinin və 1995-ci il tarixli 11/23P  saylı Qətnaməsinin 5-ci bəndlərində və s. sənədlərində gücdən istifadə edərək Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin əldə edilməsinə, yəni işğalına dair mühüm müddəalar əks olunmuşdur. Bütövlükdə, qanunsuz güc tətbiq etmənin qadağan olunan forması kimi Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü İslam Əməkdaşlığı Təşkilatının qəbul etdiyi bütün müvafiq beynəlxalq sənədlərdə birmənalı şəkildə pislənir, ərazi bütövlüyünün və sərhədlərin pozulmazlığının bərpası qəti şəkildə tələb olunur. BMT Baş Məclisinin “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında” 15 mart 2008-ci il tarixli Qətnaməsində ciddi narahatlıq ifadə edilərək qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafındakı hərbi münaqişə beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməklə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir edir. BMT Baş Məclisi üzv-dövlətləri Azərbaycan Respublikasının beynəlxalq qaydada tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Qəbul edilən sənəddə BMT Baş Məclisi bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazisinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni saymamalı və bu vəziyyətin qalmasını təşviq etməməlidir.

2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə”yə dair 1690 (2005) saylı Tövsiyədə xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməyə çağırış ifadə edilmişdir. Eyni zamanda, həmin tarixdə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş ATƏT-in Minsk Konfransının məşğul olduğu  Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə”yə dair 1416 (2005) saylı Qətnamənin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər. Eyni zamanda, Qətnamənin 3-cü bəndində Assambleya BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini təkid edir.

Ermənistanın apardığı məqsədyönlü təcavüz siyasəti nəticəsində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsini təşkil edən və 1990-1992-ci illər ərzində ümumi sahəsi 4400 km2 olan Dağlıq Qarabağ bölgəsi (1991-ci ilədək Azərbaycanın inzibati ərazi bölgüsünə əsasən – Şuşa, Xocavənd, Əsgəran, Hadrut, Ağdərə rayonları və Xankəndi daxil olmuşdur) işğal edilmişdir. Belə ki, Xankəndi 26 dekabr 1991-ci il, Xocalı 26 fevral 1992-ci il, Şuşa 8 may 1992-ci il, Xocavənd 2 oktyabr 1992-ci il, Ağdərə 17 iyun 1993-cü ildə işğal olunmuşdur. Bundan əlavə, Dağlıq Qarabağ regionuna bitişik 7 rayon – Laçın (18 may 1992), Kəlbəcər (02 aprel 1993), Ağdam (23 iyul 1993), Füzuli (23 avqust 1993), Cəbrayıl (23 avqust 1993), Qubadlı (31 avqust 1993), Zəngilan (29 oktyabr 1993) bütövlükdə və ya əksər yaşayış məntəqələri ilə birlikdə ermənilər tərəfindən işğal olunmuşdur. Hal-hazırda Ağdam ərazisinin 62,8%-i, Cəbrayıl və Füzuli ərazisinin ayrı-ayrılıqda 79,3%-i, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə bütövlükdə erməni işğalçılarının nəzarəti altındadır. Hazırda ölkəmizdə 1 milyon 200 min nəfərdən çox qaçqın və məcburi köçkün vardır. Həmçinin təcavüz nəticəsində iyirmi min nəfər həlak, əlli min şəxs isə əlil olmuşdur. Bütövlükdə, münaqişə müddətində 6 mindən çox Azərbaycan Respublikası vətəndaşı itkin düşmüş, əsir və girov götürülmüşdür.

Azərbaycan xalqına qarşı törədilən cinayətlərdən biri də soyqırımı cinayətidir. Bütövlükdə, azərbaycanlılara qarşı ermənilərin etnik təmizləmə siyasəti aşağıdakı mərhələlər üzrə nəzərdən keçirilməlidir: 1905-1907-ci illəri əhatə edən mərhələ; 1918-1920-ci illəri əhatə edən mərhələ; 1948-1953-cü illəri əhatə edən mərhələ;b1988-1993-cü illəri əhatə edən, müasir dövr üçün azərbaycanlılara qarşı soyqırımı, ərazi iddiaları və hərbi təcavüz üçün geniş zəmin yaratdığı dördüncü mərhələ.

Təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd (hazırda onların 35-i mövcud deyildir) dağıdılmışdır. Bütövlükdə, erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər regionlarında 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir. Nəhayət, 1988-ci ildə öz tarixi torpaqlarında yaşayan son 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da bir xalq özünün təbii mühitindən (kökündən) birdəfəlik ayrı salınmışdır. Lakin 1988-ci ildə baş verən hadisələri təkcə deportasiya kimi qiymətləndirmək düzgün olmazdı. Belə ki, həmin hadisələr nəticəsində azərbaycanlılara qarşı soyqırımı siyasəti də kəskin formada davam etmişdir.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin son və davam edən ən son mərhələsində Xocalı soyqırımını xüsusilə qeyd etmək lazımdır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisi hesab edilməlidir. 1992-ci il fevralın 17-də Qaradağlı kəndində yaşanan soyqırımı miqyasına görə “ikinci Xocalı” da adlandırırlar. Burada kəndin hər 10 sakinindən biri şəhid olmuşdur. 1992-ci ilin fevralında – Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülmüş, onlardan 67 nəfəri erməni faşistləri tərəfindən qətlə yetirilmişdi. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. Kənddə 200 yaşayış və 1 mədəniyyət evi, 320 yerlik orta məktəb və 25 çarpayılıq xəstəxana binaları və digər obyektlər dağıdılmışdı. 800 nəfərə yaxın sakin məcburi köçkünə çevrilmişdi. Bundan sonra erməni silahlı dəstələri Xankəndində yerləşən keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi şəxsi heyətinin iştirakı və “köməkliyi” ilə 1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı şəhərini işğal etmişlər. Lakin şəhərin zəbt olunması faktı təkcə müvafiq əməlin təcavüz kimi qiymətləndirilməsini şərtləndirmir, həm də həmin coğrafi ərazidə baş verənlərin “soyqırımı” cinayəti kimi tövsif olunmasına əsas verir. Belə ki, sözügedən təcavüz nəticəsində 613 nəfər, xüsusilə 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüş, 8 ailə bütövlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılaraq başlarının dərisi soyulmuş, gözləri çıxarılmışdır. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 155 nəfər isə itkin düşmüşdür. Bütün bu statistik göstəricilər yalnız Xocalı sakinlərinə qarşı törədilən cinayətləri ifadə edir. Onu da qeyd etmək lazımdır ki, Xocalı faciəsi zamanı Azərbaycan Respublikasının müxtəlif bölgələrindən gəlmiş 300 nəfərdən artıq inşaatçı və digər sahələr üzrə mütəxəssislərdən təxminən 100 nəfərdən artıq şəxs soyqırımı zamanı şəhid olmuşdur.

Xocalı soyqırımının törədilməsindən sonra soyqırımı siyasətini davam etdirən Ermənistan tərəfindən növbəti hədəf Kəlbəcər rayonunun Ağdaban kəndi oldu. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. 1992-ci ilin aprelin 7-dən 8-inə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum  edərək, 130 evdən ibarət olan kəndi tamamilə yandırmış, 779 nəfər dinc sakinə divan tutmuş, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı törətmişlər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq, mədəniyyət və dini abidələr dağıdılmış, məzarlıqlar təhqir olunmaqla məhv edilmişdir ki, bu da bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsi hesab olunmalıdır.

İslam Əməkdaşlığı Təşkilatı, bir sıra dünya dövlətləri (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya Haşimilər Krallığı, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Qvatemala Respublikası, Honduras Respublikası, Panama Respublikası, Peru Respublikası, Sudan Respublikası, Paraqvay Respublikası və s.), eləcə də ABŞ-ın bir sıra ştatları (Arizona, Arkanzas, Konnektikut, Corciya, Havay, İndiana, Men, Massaçusets, Nebraska, Missisipi, Nyu-Cersi, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennesi, Texas, Yuta, Qərbi Virciniya və s.) öz hüquqi-siyasi mövqeyini əks etdirərək, Xocalıda törədilən cinayətləri “soyqırımı” kimi tanımışlar.

Ermənistanın Azərbaycan Respublikasına və xalqına qarşı törətdiyi beynəlxalq hüquqazidd əməllərdən biri də müharibə cinayətləridir. Bu zaman, ilk növbədə, ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olan qəsdən hücumların edilməsini xüsusilə vurğulamaq lazımdır. Belə ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş 1,7 milyon hektar ərazisinin 595,6 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar, 247,4 min hektarı meşə ilə örtülü, 10,1 min hektarı isə həyətyanı sahələrdən ibarət olmuşdur. İşğal olunmuş torpaqlarda 42997 hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət əraziləri – Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığı mövcuddur. Bu ərazilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən – 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir.

http://ikisahil.az/paper/page/24

Əmir Əliyev,

BDU-nun Hüquq fakültəsinin dekanı, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024