Ermənistanın işğalçı dövlət olması faktı beynəlxalq sənədlərdə də təsdiq olunub

15/10/2020

Ermənistanın işğalçı dövlət olması faktı beynəlxalq sənədlərdə də təsdiq edilib. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları da daxil olmaqla 20 faiz ərazisi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi qətnamələrdə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin işğalı faktını təsdiqləyib və Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxmasını tələb edib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu da təsdiq edilib.

Azərbaycanın əks-hücum əməliyyatları beynəlxalq hüquqa uyğun şəkildə aparılır. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Azərbaycan individual və ya kollektiv özünümüdafiə hüququna malikdir. Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını özünümüdafiə hüququna istinad edərək başlayıb. Bu əməliyyatların əsas məqsədi işğala son qoyulması, mütəmadi olaraq Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qalan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatlar zamanı düşmənin işğal edilmiş ərazilərdə yerləşdirdiyi hərbi obyektlərini və silahlı qüvvələrini hədəf kimi seçib. Azərbaycan beynəlxalq humanitar hüquq normalarına riayət edir və mülki əhalini hədəf seçmir.

Cəmi bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Ermənistandan qat-qat güclüdür. Cəbhədə əldə edilmiş uğurları siyasi və diplomatik müstəvidə davam etdirmək məqsədilə Azərbaycanın Xarici İşlər naziri oktyabrın 8-də Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərini vəziyyətlə bağlı məlumatlandırdı, oktyabrın 9-da isə Moskvada Rusiya-Azərbaycan-Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən görüşə qoşuldu. Moskva görüşü 11 saat davam etdi və müzakirələrin nəticəsi olaraq tərəflər arasında razılaşma əldə edildi. Bu razılaşma faktiki olaraq iki prosesi əhatə edirdi, birinci proses humanitar məqsədlərlə atəşkəsi nəzərdə tuturdu, ikinci proses isə Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlanılmasını nəzərdə tuturdu. Bundan əlavə, razılaşmada danışıqların formatının dəyişməzliyi, yəni Ermənistanın iddialarının əksinə olaraq danışıqların Azərbaycan və Ermənistan arasında aparılması təsdiq olunurdu. Əlbəttə ki, hələ əvvəlcədən Ermənistanın əldə ediləcək danışıqları pozacağı barədə ehtimallar var idi. Belə ki, hazırda cəbhədəki uğursuzluq Ermənistan cəmiyyətində ciddi çaşqınlığa və pik həddə çatmış gərginliyə səbəb olub. Əsgər anaları hakimiyyətdən övladları barədə məlumat tələb edir, ölkədə iqtisadi-sosial durum acınacaqlı vəziyyətdədir. İşğalçı dövlətin siyasi elitası bir neçə qruplaşmaya parçalanıb, hətta “Qarabağ klanı” deyilən qruplaşma belə bölünüb. Hər qrup gələcək hakimiyyət uğrunda mübarizə haqqında düşünür. Baş nazir Paşinyan isə başını itirib və çıxılmaz vəziyyətə düşüb. Humanitar atəşkəs baş tutacağı halda cəbhə bölgəsindən Ermənistana minlərlə əsgər cəsədinin gətirilməsi gözlənirdi və ölkədə hərc-mərcliyin yaranması qaçılmaz idi. Digər tərəfdən atəşkəsə əməl edildiyi, danışıqlara başlanıldığı halda Ermənistan hakimiyyəti işğal edilmiş Azərbaycan ərazilərindən çıxmaq barədə qrafik təqdim etməli olacaqdı. Bu isə Ermənistanda xaosun yaranması və Paşinyanın sonu demək idi.

Danışıqlardan dərhal sonra Ermənistan tərəfi humanitar atəşkəsi pozdu, Azərbaycanın mülki əhalisinə hərbi hücumları daha da intensivləşdirdi. Ən dəhşətli hücumlardan biri Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı hissəsinə gecə saatlarında ballistik raketin atılması oldu. Gəncəyə hücum Ermənistan hakimiyyətinin törətdiyi müharibə cinayətidir və onun məsuliyyəti baş nazir Paşinyanın üzərinə düşür. Eləcə də Azərbaycanın Tərtər, Naftalan, Ağcabədi, Bərdə, Mingəçevir və digər şəhərlərinə ciddi ziyan vurulub, mülki əhali arasında ölənlər və yaralananlar var. Ermənistanın törətdiyi bu cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi üçün Azərbaycanın beynəlxalq tribunallara müraciət etməsinə kifayət qədər əsası var.

https://azertag.az/xeber/Ramiz/Sevdimaliyev

Ramiz Sevdimalıyev,

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024