“Fasiləsiz təhsil prosesində kitabxanaların rolu” mövzusunda elmi seminar

27/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Fasiləsiz təhsil prosesində kitabxanaların rolu" mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müəllimi Aygün Əliyeva mövzu ilə bağlı məruzə edib.

Məruzəçi əvvəlcə fasiləsiz təhsil anlayışını izah edib, bu ideyanın tarixi, mənbələri və yaradıcıları barədə məlumat verib. Qeyd edib ki, fasiləsiz təhsil ideyası praktik olaraq XX əsrin məhsulu olsa da, onun mənbəyini görkəmli şəxsiyyətlərin, filosofların, o cümlədən Məhəmməd Peyğəmbər, Konfutsi, Aristotel, Sokrat, Platon, Nizami, Tusi, Bəhmənyarın fikirlərində tapmaq olar.

Məruzədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar biliklərin əsasını təşkil edən məlumatların sürətlə yeniləndiyi və təkmilləşdirildiyi bildirilib. Belə şəraitdə bir dəfə ali təhsil almaqla ömürboyu bacarıqlı mütəxəssis kimi çalışmağın mümkün olmadığına da diqqət çəkilib. Vurğulanıb ki, hər bir mütəxəssis mütəmadi olaraq biliklərini artırmağı, yenilikləri çevik şəkildə mənimsəməyi, informasiya tələbatını ödəməyi, özünü təkmilləşdirməyi bacarmalıdır. Bütün bunların həyata keçirilməsi isə fasiləsiz təhsil mühiti ilə birbaşa bağlıdır. Tədqiqatçı qeyd edib ki, “Təhsil haqqında" Azərbaycan Respublikasının qanununda fasiləsiz təhsil prosesi öz əksini tapıb. Eyni zamanda,  Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nda fasiləsiz təhsilin mahiyyəti, prinsipləri, inkişaf tendensiyaları şərh olunub.

Araşdırmada fasiləsiz təhsil sisteminin formalaşmasında kitabxanaların aparıcı rol oynadığı diqqətə çatdırılıb. Vurğulanıb ki, fasiləsiz təhsil sistemində kitabxanaların əsas missiyası müxtəlif yaş qruplarından olan oxucuları, o cümlədən müxtəlif peşə sahiblərini informasiya mənbələri ilə təmin etməkdir. Bu mənada kitabxanaların iştirakı olmadan fasiləsiz təhsil mühitinin qurulması, inkişaf etdirilməsi qeyri-mümkündür. Fasiləsiz təhsil prosesinin həyata keçirilməsində aparıcı həlqə olan kitabxanalar davamlı olaraq istifadəçilərin informasiya ehtiyaclarını dolğun, keyfiyyətli şəkildə ödəyir. Xüsusilə innovativ texnologiyaların kitabxana işinə tətbiqi fasiləsiz təhsil prosesinin inkişafına zəmin yaradır.

Məruzədə o da qeyd olunub ki, son illər yeni növ koronavirus xəstəliyinin kütləvi yayılması fasiləsiz təhsilin və eləcə də kitabxanaların bu prosesdəki rolunu əhəmiyyətli dərəcədə artırıb.

Elmi seminar diskussiyalarla davam etdirilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024