Faydalı qazıntılar kafedrası üzrə magistrantların onlayn elmi seminarı keçirilib

02/06/2021

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasının təşkilatçılığı ilə II kurs magistrantlarının “Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi” mövzusunda onlayn elmi seminar keçirilib. Elmi seminarda Magistratura və Doktorantura şöbəsinin və Elmi-təşkilati şöbənin əməkdaşları, fakültə rəhbərliyi, kafedranın professor-müəllim heyəti, I və II kurs magistrantları iştirak edib.

Seminarı giriş sözü ilə açan Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev tədbir iştirakçılarını salamlayaraq seminarın işinə uğurlar arzulayıb.

Daha sonra söz “Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası” və  “Petrologiya” ixtisaslaşmaları üzrə II kurs magistrantlarına verilib.

Petrologiya ixtisaslaşması üzrə magistrant Heyran Rəhimova “Kasdağ-Köhnəmədən zonasının  maqmatik komplekslərinin petrologiyası” adlı məruzə ilə çıxış edib, Böyük Qafqazın Azərbaycan hissəsinin cənub yamacında (Kasdağ-Köhnəmədən zonası)  mis-kolçedan filizlərinin təmərküzləşdiyi yura yaşlı maqmatik süxur komplekslərinin petroloji xüsusiyyətlərindən bəhs edib.

Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası ixtisaslaşması üzrə II kurs magistrantı Nigar Nəsirova “Tufan struktur-formasiya zonasında əlvan metal filizləşməsinin formalaşma şəraiti və perspektivliyi” mövzusunda məruzəsində Tufan struktur-formasiya zonasının Azərbaycan hissəsində - Balakən-Zaqatala filiz rayonunda mis, qurğuşun, sink və s. kimi metal yataqlarının formalaşma şəraiti və perspektivliyi barədə danışıb.

Seminarda filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası ixtisaslaşması üzrə II kurs magistrant Nəcməddin Bəşirov “Daşkəsən filiz rayonunda nəcib metal filizləşməsinin formalaşmasının geoloji-struktur şəraiti və perspektivlik kriterləri” mövzusunda çıxış edərək  Kiçik Qafqazın Daşkəsən filiz rayonunda qızıl, gümüş, mis və s.nəcib metalların formalaşma şəraiti və perspektivliyi məsələlərinə aydınlıq gətirib.

Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası ixtisaslaşması üzrə II kurs magistrant Salam Dadaşov “Ordubad filiz rayonunda kolçedan-polimetal filizləşməsinin formalaşma şəraiti və perspektivliyinin qiymətləndirilməsi” adlı məruzəsində Naxçıvan MR-nin ərazisində - Ordubad filiz rayonunda yayılmış kolçedan-polimetal yataqlarının formalaşma şəraiti və perspektivliyi haqqında məlumat verib.

Seminarda iştirak edən dosentlər Mamoy Mansurov, Şəhla Abdullayeva, Aygün İsmayılova çıxış edərək məruzələrlə bağlı fikirlərini bildiriblər. Elmi seminar mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024