Filologiya fakültəsində Rəsul Rzanın 110 illiyinə həsr olunmuş elmi seminar keçirilib

30/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyinə həsr olunmuş “Rəsul Rza və folklor” mövzusunda onlayn elmi seminar keçirilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından, folklor motivli əsərlərindən, ədibin folklor nümunələrinin toplanması və nəşri sahəsindəki əvəzsiz xidmətlərindən söz açıb.

Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə pandemiya şəraitində fakültə əməkdaşlarının elmi fəaliyyətindən danışıb, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə keçirilən elmi seminarların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib.

Sonra kafedranın doktorantı Aynurə Qurban “Rəsul Rza yaradıcılığında folklor bir qaynaq kimi”, II kurs magistrantı Günay Musayeva “Rəsul  Rza poeziyasında ağac və dağ kultu” və  I kurs magistrantı Nərminə Xanəliyeva “Rəsul Rzanın "Rənglər" silsiləsi əsərində rənglərin simvolik çalarları” mövzularında məruzələr ediblər. Məruzələrdə xüsusi qeyd olunub ki, Rəsul Rza Azərbaycan xalqının bu qədim söz sərvətinə - folklora milli şüurun inkişafının nəticəsi kimi baxmış və əsərlərində xalq ədəbiyyatı nümunələrindən geniş şəkildə bəhrələnmişdir. Xalq ədəbiyyatının zənginliklərindən uğurla faydalanan ədib folklor nümunələrini milli şüurun formalaşmasında xüsusi bir mərhələ saymış və buna görə də bütün yeniliklərində milli dəyərlərdən uzaq düşməməyə çalışmışdır.

Rəsul Rzanın nəvəsi, yazıçı-publisist Günel Anarqızı tədbirin təşkilatçılarına və fakültə rəhbərliyinə təşəkkürünü bildirib, babasının ömür yolu və irsi ilə bağlı maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb.

Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, R.Rzanın Azərbaycan ensiklopediyasının hazırlanmasında əvəzolunmaz xidmətlərindən, uşaq ədəbiyyatının yaranması və inkişafındakı rolundan, tərcüməçilik fəaliyyətindən danışıb, böyük şairin ədəbi yaradıcılığı ilə bağlı vacib məsələlərə toxunub. Tədbirdə R.Rzanın həyat və fəaliyyətindən bəhs olunan videoçarx nümayiş etdirilib, III kurs tələbəsi Nadir Rzalının ifasında şairin “Unutmayın” şeiri və sözlərinə bəstələnmiş “Sənə də qalmaz” mahnısı səsləndirilib.

 

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024