“Gənc istedadlar” liseyində 2020/2021-ci tədris ili uğurla başa çatdı

15/07/2021

Bakı Dövlət Universitetnin nəzdində “Gənc istedadlar” liseyində 2020/2021-ci tədris ili uğurla başa çatdı. Şagirdlərin dərsə davamiyyəti, tədris prosesinin həm ənənəvi, həm də onlayn formada təşkil edilməsi, yeni təlim texnologiyalarının tətbiqi ilə yadda qaldı. Lisey şagirdlərinin uğurları da cari tədris ilində diqqətdən yayınmadı. Respublika və beynəlxalq olimpiadalarda qazanılan uğurlar, həmçinin beynəlxalq müsabiqələrdə iştirak və qalibiyyətlər onu  deməyə əsas verir ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq “Gənc istedadlar” liseyində tədris ili həm şagirdlərin dərsləri mənimsəməsi, həm də dərslərin keyfiyyətinə görə uğurla başa çatıb.

-     Arif müəllim, 2020/2021-ci tədris ilində mövcud olan vəziyyətdən asılı olaraq ümumtəhsil məktəblərində və liseylərdə dərslər onlayn və ənənəvi şəkildə keçirildi. Bu, liseydə dərs prosesinə necə təsir göstərdi?

-     Qloballaşan dünyada informasiya kommunikasiya texnologiyaları (İKT) bacarıqlarının inkişafı distant təhsildə müsbət təsir göstərdi. Distant təhsilə keçid edərkən bir sıra çətinliklərlə qarşılaşmışdıq, ancaq qısa müddət ərzində bütün bu problemlər öz həllini tapmışdır. Təlim-tədris prosesində keyfiyyət meyarlarının əsas tutulması “Gənc istedadlar” liseyində özünü doğrultmaqdadır. Bu dövrdə artıq həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlarını inkişaf etdirərək onlayn tədrisə qoşuldu.

-     Onlayn tədrisdə hansı yeniliklər, üsullar öyrənildi?

-     Karonavirus pandemiyası ilə əlaqədar “uzaqdan tədrisin” olmasına baxmayaraq, biz şagirdlərin daha da həvəslənməsi və dərslərin ənənəvi formada olduğu kimi keyfiyyətli keçirilməsi üçün əlimizdən gələni etdik. Müasir texnologiyalardan istifadə, distant dərslərin keçirilməsi, virtual görüşlərin təşkili şagirdlərin dünyagörüşünün artmasına və onlayn ünsiyyət qabiliyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərib. Biz çalışdıq ki, ənənəvi təhsildə olduğu kimi onlayn təhsildə də təlim texnologiyalarında yenilikləri tətbiq edək və demək olar ki, buna da nail olmuşuq. Cari tədris ilində liseyimizin şagirdləri həm beynəlxalq, həm də Respublika səviyyəli olimpiadalarda qaliblər sırasında oldular. Tədrisin keyfiyyətində əldə etdiyimiz nəticələrə əsasən şagirdlərimizin qəbul imtahanlarında göstəricilərinin yüksək olacağına inanırıq. Həmçinin, liseyə qəbul imtahanlarında 1600-dən çox şagirdin müraciət etməsi də qürurvericidir. Bu həm liseyimizin formalaşan imicinin, həm tədrisimizin keyfiyyətinin göstəricisidir.

-     Gənc istedadlar liseyində şagirdlərin sosial həyatının təşkili məqsədilə hansı tədbirlər həyata keçirilib?

-     Şagirdlərin sosial fəaliyyətinin təşkil edilməsi məqsədilə liseyin təşkilatçılığı, eləcə də birgə tərəfdaşlığı ilə müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlərdə həm liseyin müəllimləri, həm də şagirdləri fəal iştirak etmişdir. Pandemiya qaydalarına uyğun olaraq tədbirlərin əksəriyyəti onlayn qaydada həyata keçirilirdi. Buna baxmayaraq şagirdlərimiz bu tip tədbirlərin təşkilində aktiv iştirak edir. Belə tədbirlərdən biri BDU-nun Tarix və Hüquq  fakültələri ilə birgə “Vətən bölünməz!” adlı tədbir idi. Tədbir zamanı şərəfli qalibiyyətdən, parlaq qələbəmizin tədbir iştirakçılarında, xüsusilə, şagirdlərdə doğurduğu fəxarət və sevinc hislərindən danışılmışdır. Tədbirdə liseyimizin şagirdlərinin  “Vətən müharibəsi” mövzusunda hazırladıqları videoçarxlar tədbir iştirakçıları tərəfindən bəyənilmişdir. Bundan başqa, BDU-nun Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə  BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yuxarı sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı esse müsabiqəsi keçirilmişdir. "Gənc istedadlar" liseyi, BDU-nun Pedaqogika və Psixologiya kafedralarının əməkdaşlarının iştirakı ilə “Narkomaniya - ictimai bəladır” mövzusunda birgə tədbirdə təhsil müəssisələrində psixo-pedoqoji fəaliyyətin təkmilləşdirilməsi, məktəb psixoloqları üçün narkomanlıq problemi barədə bir sıra mövzulara toxunulmuşdur. “Gənc istedadlar” liseyi, Filologiya fakültəsi ilə birgə “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda  konfrans keçirdi. Tədbirdə liseyin şagirdləri Nura Qocayeva və Nihad Həşimovun Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş etdirildi. “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə onlayn tədbirdə uşaqların hüquq və müdafiəsi məsələləri, uşaq və gənclərin cəmiyyətin gələcəyi, əsas dayağı olması diqqətə çatdırılmışdır. “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda BDU-nun Heydər Əliyev Muzeyi, Tarix fakültəsi və “Gənc İstedadlar” liseyinin birgə təşkil etdiyi tədbirdə Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən danışılmışdır. Bugünkü müstəqil və müasir Azərbaycanın təməli olan azərbaycançılıq ideologiyası haqqında söhbət açılmışdır. 5-ci və 6-cı sinif şagirdləri ilə birgə Fəxri Xiyabana, Şəhidlər Xiyabanına, Hərbi Qənimətlər parkına səyahətlər həyata keçilmişdir. Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş döyüşçülər və qazilərlə görüşlər təşkil olunmuşdur. Belə səyahət və görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun daha da artırılmasıdır.

-     İlk yarımil onlayn, ikinci yarımil isə şagirdlər əyani qiymətləndirilib. Qiymətlər arasında fərq varmı?

-     Dərslərin onlayn keçirilməsinə baxmayaraq, şagirdlərin dərsə məhsuliyyətlə yanaşması və dərslərə hazırlıqlarının yüksək səviyyədə olması nəticəsində dərslərin təkmilləşdirilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişafında müstəsna rolu olmuşdur. Şagirdlərin mənimsəmə qabiliyyətinin artması keçirilən qiymətləndirmədə yüksək nəticələr əldə etmələri ilə təsdiq olunmuşdur.

-     Ümumi lisey üzrə şagirdlərin mənimsəmə və keyfiyyət səviyyəsi neçə faiz olub?

-     Pandemiyanın və distant təhsilin olması keyfiyyət səviyyəsinə demək olar ki, təsir göstərməmişdir. Yaranan bəzi nüanslar tezliklə öz həllini tapmış və təlim-tədris prosesin keyfiyyətyönümlü əsaslarla aparılmasına heç bir problem yaratmamışdır. Lisey üzrə mənimsəmə 99%, keyfiyyət isə 72% olmuşdur. Tədrisin şagirdyönümlü əsaslarla aparılması və mənimsəmə-keyfiyyət bacarıqlarının əsas meyar kimi  tutulması, universitet və lisey rəhbərliyinin daim diqqətindədir. Bu da göstəricilərimizin zaman keçdikcə daha da artacağının əyani nümunəsidir.

 

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024