Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindəndir

13/07/2021

Bakı Dövlət Universitetində müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də bununla bağlı davamlı addımlar atılır
Ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə davamlı addımlar atılır. Ümumiyyətlə, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm prinsiplərdən birini təşkil edir. Vətən müharibəsinin qələbəmizlə başa çatmasını təmin edən mühüm amillərdən biri gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda Vətənə, xalqa bağlı, torpaqlarımızın azad olunması uğrunda canlarından keçməyə hazır olan gənc nəsil formalaşıb. Bəlli olduğu kimi, müharibənin ilk günlərindən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edərək ordu sıralarına yazılmaq istədiyini bildirdi. Gənclərimiz döyüş meydanında göstərdikləri şücaətləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər. Lakin bu, bizə arxayınlaşmaq üçün əsas vermir. Yəni müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində işlər davam etdirilməlidir. Təbii ki, bu istiqamətdə bir çox qurumların, o cümlədən ali məktəblərin üzərinə böyük məsuliyyət düşür.

Bu məqamda qeyd edək ki, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti (BDU) də sözügedən istiqamətdə müvafiq addımlar atır. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər (Orucəliyeva) “Yeni Azərbaycan”a açıqlamasında öncə onu bildirib ki, 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə böyük şücaət və rəşadətlə mübarizə aparanlar sırasında Bakı Dövlət Universitetinin tələbə və məzunları da var idi. Onun sözlərinə görə, BDU-nun tələbə və məzunlarından 18 nəfəri şəhidlik zirvəsinə ucalıb. Universitetin foyesində onlar üçün xatirə guşəsi yaradılıb. Müsahibimiz bildirib ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir: “Gənc nəslə qayğı isə Azərbaycan dövlətinin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü tələbə-gənclər nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada, universitetlər gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur, bir ocaqdır. Bu məqsədlə universitetimizdə də bir sıra addımlar atılır”.

Bildirilib ki, universitet rəhbərliyinin qərarına əsasən, şəhidlərin xatirəsinin uca tutulması, veteran tələbə və məzunlara diqqət və qayğı göstərilməsi, qazi tələbələrin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsi və s. nəzərdə tutan Tədbirlər Planı işlənib hazırlanıb. “Vətən müharibəsi iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişlərinin Universitetin büdcəsindən ödənilməsi haqqında qərar qəbul edildi. Universitetin professor-müəllim heyətinin Vətən müharibəsi günlərində dövri mətbuatda haqq savaşımızla bağlı, ümumilikdə, 100-dən çox, tələbələrin isə 50-yə yaxın məqaləsi dərc olundu”, - deyə Günel İsgəndər bildirib.
Onun sözlərinə görə, bəhs edilən müddətdə BDU-da “Hardan başlanır Vətən - ordumuzun uğurları”, “Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusu Cəbrayıl, Füzüli, Qubadlı, Zəngilan şəhərlərini işğaldan azad etdi”, “Dünyaya ağlımızı, gücümüzü göstəririk - Zəngilandan olan professor”, “Salam Azərbaycan əsgəri!”, “Həsrət uzandıqca vüsal daha şirin olur”, “Milli birlik və siyasi həmrəylik - Qələbəyə aparan yol”, “Qarabağın azadlığı üçün tarixi şərait yaranıb” “Qarabağa doğru”, “Əsgər anası olmaq”, “Milli siyasi iradədən hərbi qüdrətə doğru”, “Ali Baş Komandana və ordumuza güvənirik”, “Zəfər gətirən həmrəylik”, “Xarıbülbülün yarı Şuşa”, “30 illik həsrətin sonu” və s. sərlövhəli məqalələr, “44 gün” adlı sənədli film, Milli Qəhrəman general Polad Həşimovun əziz xatirəsinə “General Polad” kompozisiyası təqdim olunub.
Bundan başqa, BDU-nun tələbə gəncləri, xüsusilə də sosial şəbəkələrdə aparılan informasiya müharibəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində yüksək fəallıq nümayiş etdiriblər.

Fikirlərinə davam edən Günel İsgəndər deyib: “Eyni zamanda, şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, BDU TV və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə şəhid tələbə və məzunlardan olan Cavid Manafov, Nicat Əhmədov, Şamil Nəcəfov, Manaf Bəhmənli, Ceyhun Şalıyev, Vüqar Məmmədov, Ataməli Musaoğlu haqqında reportajlar hazırlanıb. Reportajlarda onların həyat yolu və keçdikləri şərəfli döyüş yolu barəsində həm valideynlərinin, həm də universitet kollektivinin fikirləri öz əksini tapıb. Layihə çərçivəsində digər şəhid tələbə və məzunların xatirəsinə həsr olunmuş reportajlar hələ də hazırlanmaqdadır. Layihənin məqsədi universitetin şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etməkdir”.

Bundan başqa, BDU könüllüləri, TGT və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə mütəmadi olaraq şəhid tələbə və məzunların ailələri ilə əlaqə saxlanılır, onlara diqqət və qayğı göstərilir. Mütəmadi olaraq fakültələrdə qazilərimizlə görüşlər keçirilir. Günel İsgəndər bildirib: “Tərtib edilən Tədbirlər Planına uyğun olaraq Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş tələbə və məzunların xatirəsinin yaşadılması və onların keçdiyi qəhrəmanlıq yolunu gənclər arasında təşviq edilməsi məqsədilə il ərzində xatirə kitabının hazırlanması nəzərdə tutulub. Kitabda qəhrəman şəhidlərimiz haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri öz əksini tapacaq. Layihə Universitetin müvafiq struktur bölmələrinin, fakültələrin, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvlərinin iştirakı ilə həyata keçiriləcək. Həyata keçirilən kompleks tədbirlər içərisində BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə tələbələrin məqalələrindən ibarət “Qarabağ Azərbaycandır” adlı kitabı yaxın müddətdə işıq üzü görəcək. Kitabda tələbələr Vətən müharibəsində qazandığımız tarixi qələbəni və vətənpərvər gənclərimizin şücaətini əks etdirən məqalələrlə çıxış ediblər”.
Günel İsgəndər deyib ki, bütün bunlar həm şəhidlərin xatirəsini yaşatmaq və qazilərə qayğı göstərmək, həm də postmüharibə dövründə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə dəstək vermək məqsədi daşıyır. BDU olaraq bu vəzifənin öhdəsindən layiqincə gəlirik və gələcəkdə də bu istiqamətdə işləri davam etdirəgəyik.

https://www.yeniazerbaycan.com

 

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024