Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib

02/02/2015

Gənclərin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutmuşdur. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarmış, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.

1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ulu öndər bəyan etmişdi ki, “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 11 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir.
Tələbələrin I Yaradıcılıq festivalının, yaradıcı gənclərin I Ümumrespublika toplantısının keçirilməsi buna əyani misal ola bilər. Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” qəbul edilmiş və mühüm tədbirlər həyata keçirilmişdir. Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti kompleks elmi tədqiqatlar əsasında formalaşdırılır və sistemli şəkildə reallaşdırılır. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlasmasına real zəmin yaradır. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti var. Son 7 il ərzində 3000-dən çox gənc dövlət proqramı çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.
Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir. Ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Hazırda ölkədə 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Prezident İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Dövlət proqramının əsas məqsədi gənc mütəxəssislərin işlə və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.
Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür: qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.
Həmçinin qeyd olunur ki, strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər nəzərdə tutulub.
İnkişaf Strategiyasında göstərilir ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Elmar İBADOV,
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi

"Azərbaycan Qəzeti"

Mətbuat və informasiya şöbəsi, 02 fevral 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024