GƏNCLƏR SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR

24/10/2022

Hər kəsə məlumdur ki, Azərbaycan gəncləri illər ötdükcə daha da aktiv olur, istər sosial işlərdə, istərsə də fiziki cəhətdən fəallıq nümayiş etdirirlər. Gənc ruhlu, əzmli, inamlı  ulu öndərimiz deyirdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq onların imkanlarından maksimum istifadə edəcəyik". Müasir Azərbaycanın memarı olan  Heydər Əliyev Azərbaycan gənclərinə inanaraq bu gənclər ordusunu gələcəyə aparmağı düşünürdü.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi: milli-mənəvi dəyərlərimizi qorumaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyə edilməsini təmin etmək, gənclərin elmi intellektual potensialının gücləndirilməsi üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin dövlət idarəçiliyində rolunu və onların məsuliyyət hissini əhəmiyyətli dərəcədə artırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasından gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub.

Məhz həyata keçirilən bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər".

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycan gəncləri hər zaman bacarıqlarına, dünyagörüşlərinə görə seçilmişdir. Əlbəttə, burada Prezidentimiz İlham Əliyevin də rolu böyükdür. O, hər zaman gənclərin problemləri ilə maraqlanmış və bizə böyük diqqət və qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyev dövlət gənclər siyasətinin əsasını qoymuşdur. 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1997-ci il fevralın 1-də 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin gündən etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclər siyasətini prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.

Cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Bir daha vurğulamalıyıq ki, hər bir xalqın, millətin dayağı gənclərdir. Gənclər bir dövlətin gələcəyi və ümid işığıdır. Bu baxımdan, Azərbaycanın "gənclər ölkəsi" adlandırılması heç də təsadüfi deyildir. Çünki ölkə nüfuzunun böyük bir qismini məhz gənclər təşkil edir. Gənclərimizin Vətən müharibəsində də əvəzsiz və danılmaz rolu olmuşdur. Tariximizin bu keşməkeşli və eləcə də şanlı bir dövrü olan İkinci Qarabağ müharibəsində Azərbaycan gəncləri, əsgərləri öz gücünü, qorxmazlığını və mərdliyini bütün dünyaya sübut etdi. Ölkə başçısı İlham Əliyevin "İrəli, Azərbaycan əsgəri!" çağırışı ilə Azərbaycan gənci qorxmadan, böyük ruh yüksəkliyi ilə silaha sarılaraq doğma vətəni uğrunda mərdliklə vuruşdular. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Ümumiyyətlə, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması dövlətin başlıca vəzifələrindən biridir. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması vacib məsələdir.

Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında təhsil ocaqlarının və hərbi xidmətin əvəzedilməz rolu vardır. Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının  təminatçısıdır. Ordumuzun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir. Ölkə başçısı: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını ali səviyyədə tamamladı. Ordumuzun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı. Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu vardı.

Tam əminliklə deyə bilərik ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparılırdı. 44 gün ərzində erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu. Qeyd edək ki, müasir dünyanın münaqişə və çəkişmələrinin sırasında əsas oyunçuların başlıca mübarizə üsulu informasiya müharibəsidir. İnformasiya müharibəsi üçün nə cəbhə xətti, nə minalanmış sahə, nə də ki əks tərəfin həmləsini müəyyən edən radiolokasiya qurğuları vardır. O, heç bir sərhəd tanımır, onun üçün keçilməz sədd yoxdur.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış, bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Həmçinin, dövlət başçımız İlham Əliyev hər zaman gənclərin yanında olur, özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Biz inanırıq ki, cənab Prezidentimiz İlham Əliyevin səyləri və qayğısı ilə Azərbaycan gəncliyi daim inkişaf edəcək, dövlətimizin təkamülü uğrunda mübarizə aparacaqdır. Bu danılmaz faktdır ki, ölkəmizi gənclərimiz sayəsində işıqlı bir gələcək gözləyir.

Ələkbər HƏSƏNOV,

Bakı Dövlət Universiteti

Tələbə Gənclər Təşkilatının sədri.

https://respublika-news.az/news/gencler-siyaseti-ugurla-heyata-kecirilir

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024