Görkəmli ədəbiyyatşünas, şair, müəllim
Görkəmli ədəbiyyatşünas, şair, müəllim, tərcüməçi, Bakı Dövlət Universitetinin (BDU) 4 il rektoru olmuş Cəfər Xəndanın (Cəfər Zeynal oğlu Hacıyev) 115 illik yubileyidir.
Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdu tərk edərək Gəncəyə köçüb. O, Gəncə Pedaqoji Texnikumunu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini bitirib, sonra aspiranturada təhsil alıb. İnstitutun Ədəbiyyat kafedrasının assistenti, dosenti kimi fəaliyyət göstərib. Gənc alim M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi işləyib. Bu illərdə Cəfər Xəndan elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, jurnalistlik fəaliyyətini də davam etdirib, “Ədəbiyyat” qəzeti redaksiyasının məsul katibi, “Gənc işçi” qəzeti redaksiyasında Ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Cəfər Xəndan 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
İkinci dünya müharibəsi illərində gənc alim də səfərbərliyə alınıb, keçmiş sovet ordusunun tərkibində siyasi rəhbər və jurnalist kimi fəaliyyət göstərib. Müharibə qurtardıqdan sonra Cəfər Xəndan BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri, 1947-1950-ci illərdə Universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 1950-ci ildə Cəfər Xəndan BDU-nun rektoru seçilib və 4 il Universitetə rəhbərlik edib. 1954-1961-ci illərdə Universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1948-ci ildə “1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Cəfər Xəndanın yaradıcılığı zəngin və çoxşaxəlidir. Poeziya onun yaradıcılığında əsas qollardan birini təşkil edir. 1936-cı ildə ölməz şairimiz Mikayıl Müşfiqin redaktəsi ilə onun “Bəyaz gecələr” adlı ilk kitabı nəşr olunub. Sonralar şairin “Cəbhə” şerləri”, “Qafqaz”, “İlk ayrılıq”, “Mübarizə yollarında” şeirlər kitabları çapdan çıxıb. Cəfər Xəndan həm də dahi Nizami, Xaqani, Ömər Xəyyam, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edib. Cəfər Xəndan ilk “Müasir Azərbaycan ədəbiyyatı”nın, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifidir. 1940-cı ildə nəşr etdirdiyi “Sabir” kitabı Sabirə həsr olunmuş ilk iri monoqrafik tədqiqat əsəri kimi xüsusi əhəmiyyətə malikdir. Cəfər Xəndanın akademik Məmməd Ariflə birgə orta məktəb şagirdləri üçün “Sovet ədəbiyyatı” kitabı təkmilləşərək dəfələrlə nəşr olunub.
Cəfər Xəndan həm də fəal ictimai xadim idi. О, Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı və Azərbaycan KP MK-nın üzvü olub. “Qırmızı ulduz”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, eləcə də “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbə” medalları ilə təltif edilib.
Cəfər Xəndan 1961-ci il avqustun 10-da, 51 yaşında Bakıda vəfat edib.