Heç kim, xüsusilə də işğalçı, əli qana batmış Ermənistan heç bir halda Azərbaycanı qınaya bilməz

25/10/2020

“Ermənilər “humanitar atəşkəs” üçün Azərbaycana iki dəfə minnətçi düşdülər və üç ölkənin Xarici İşlər nazirlərinin 11 saat keçən görüşünün nəticəsində atəşkəs elan edildi. Atəşkəs razılaşmasının mürəkkəbi qurumadan ermənilər Gəncəyə raket ataraq, mülki əhaliyə qarşı qətliam törətməklə bu sazişi pozdular. Mülki insanlara qarşı hərbi cinayət həyata keçirdilər. Guya bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər.

Bu sözləri Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Azərbaycanda Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünün və Xarici İşlər nazirlərinin Rusiya və ABŞ-a səfərlərinin əhəmiyyəti ilə bağlı AzərTac-a açıqlamasında bildirib.

J.Əliyeva bildirib ki, bu gün Azərbaycanın Xarici İşlər naziri ilə erməni nazirin ABŞ-da təşkil olunan görüşündən sonra iki ölkə prezidentinin Moskvada görüşməsi ehtimalı müzakirə olunsa da, hələlik, bu görüş üçün münbit şərait yetişməyib. O deyib: “Prezidentin köməkçisi Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, hələlik biz bu görüşlərin konstruktiv ola biləcəyinə inana bilmərik. Çünki bunun üçün Ermənistan Azərbaycana qarşı destruktiv əməllərindən geri çəkilməlidir. Hələlik erməni hakimiyyəti tərəfindən belə bir addımı görmədiyimizdən atəşkəs, danışıqlar ciddi müzakirə mövzusu deyil. Çünki istər cəbhə bölgəsində, istərsə də bir-birinin ardınca Azərbaycanın mülki insanlarının raket atəşinə tutulması, XİN rəsmilərinin danışıqlara dəvət edildiyi bu günlərdə cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən Siyəzənin, Kürdəmirin, Qəbələnin və digər ətraf rayonların bombalanması, artilleriya atəşinə məruz qoyulması da bunu deməyə əsas verir. Görünür ki, erməni vandallarının danışıqlar masası arxasında hansısa qurucu, konstruktiv təklif irəli sürmək istəkləri yoxdur”.

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktayın son açıqlamasının qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasının nümayişinin isbatladığını deyən deputat Jalə Əliyeva onun Azərbaycanın türk ordusunun köməyindən nə zaman istifadə edə biləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib.

F.Oktayın “Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair sazişin mövcud olmaması bu məsələdə Türkiyənin tərəddüd etməsinə səbəb olmayacaq” fikrinə istinad edən Jalə Əliyeva Azərbaycanın belə bir dəstəyi almasını mümkün sayıb. O, eyni zamanda, bildirib: “Türkiyə bu açıqlaması ilə yenə də seçimi Azərbaycana buraxdı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı dəfələrlə erməni tərəfinin əsassız iddialarına qarşı çıxışlar edərək, bildirib ki, Azərbaycan tərəfində başqa heç bir qüvvə döyüşmür. Azərbaycan öz ərazilərində işğalçıya qarşı təkbaşına mübarizə aparır və sona qədər öz ordusuna arxalanaraq döyüşləri davam etdirəcək. Lakin deyildiyi kimi, Azərbaycanın Türkiyə ilə hərbi sahədə müqaviləsi var və əgər Türkiyə ordusunu ölkəmizə dəvət edəriksə, bu da beynəlxalq hüquq çərçivəsində olacaq. Heç kim, xüsusilə də işğalçı, vandal, əli qana batmış Ermənistan buna görə bizi qınaya bilməz. Lakin hələlik təbii ki, dövlətin öz gücü, qətiyyəti var, biz öz gücümüzlə irəliyə doğru gedirik. Son söz Müzəffər Ali Baş Komandanındır, ölkənin ali rəhbərliyinindir. O, özü də dediyi kimi, nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Biz Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiyimiz, döyüşə, qələbəyə hazır olduğumuz kimi, onun verdiyi bütün qərarlara da tabe olacağıq”.

J.Əliyeva, eyni zamanda, qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi bölgədə və dünyada hamıya nümunədir. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin ən yaxın strateji tərəfdaşı, qardaş ölkəsidir.

“Ölkədə elə bir sahə yoxdur ki, orada Türkiyə ilə aramızda anlaşmalar, müqavilələr olmasın. Təsadüfi deyil ki, hələ ötən əsrin əvvəllərində Qazi Mustafa Kamal Paşa Atatürk “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyirdi. Ötən əsrin sonlarında isə ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyirdi. Bu sözlər artıq kəlamlara çevrilib və bunlar adi sözlər deyildi. Bu dövlətlərin kökündə tarixi birlik dayanır. Bu gün bütün dünyanın Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni görmək istəmədiyi çətin bir məqamda Türkiyə ölkəmizə öz qardaşlığını ifadə edir. Azərbaycan öz haqqını geri qaytarmaq üçün Vətən müharibəsi apardığı bu günlərimizdə də bizə ən böyük mənəvi dəstəyi Türkiyə verdi. Türkiyənin rəsmiləri, xalqı, mediası hər biri bizə çox böyük dəstək göstərdilər və bu gün də davam etdirirlər”.

Deputat bildirib ki, Türkiyənin belə çətin zamanlarda yanımızda olması dünyaya da lazımi mesajlarını vermiş oldu. Türkiyə parlamenti sədrinin Azərbaycanın Müstəqillik Günündə ölkəmizə səfəri də dünyaya ünvanlanan açıq mesaj idi.

“Türkiyə proseslərin başladığı ilk gündən etibarən bəyan edib ki, Azərbaycan hansı formada dəstək istəsə, Türkiyə onun yanında olacaq. Təbii ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktayın son çıxışı da təqdirəlayiqdir. Təbii ki, bu da bizim üçün çox qürurverici məqamdır”, - deyə J.Əliyeva bildirib.

https://azertag.az/xeber/Jale/Eliyeva

Jalə Əliyeva,
Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru

 

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024