Hüquq təhsilinin yeni inkişaf mərhələsi

19/04/2012

Bu günlərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev rəhbərliyi ilə bir qrup professor-müəllim heyəti ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-da səfərdə olublar. Səfərin əsas məqsədi hüquq ixtisasında mühüm yer tutan kliniki təcrübənin öyrənilməsi və BDU-da açılması nəzərdə tutulan “Enerji hüququ. Dəniz hüququ” üzrə magistratura pilləsinin daha əlverişli istiqamətdə inkişafı məqsədilə təcrübənin öyrənilməsi olub. Səfər zamanı amerikalı mütəxəssislərlə görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.

Səfər Nyu Orleans şəhərində yerləşən, Dəniz və enerji hüququ sahəsində mühüm yer tutan və Amerika Universitetlər Assosiasiyasının fəal üzvü olan Tuleyn Universitetinin hüquq fakültəsi ilə tanışlıqla başlayıb. Adıçəkilən universitetinin hüquq fakültəsinin dekanı David Meyerin açılış nitqindən məlum olub ki, Tuleyn Universitetinin əsası 1834-cü ildə qoyulub və onun məzunları sırasında tanınmış şəxslər olub. (siyasətçi Nyut Qinqriç, içtimai xadim Elvin Pauel, metsenat Alfred Ford və s.). Universitetin professorları - Herbert Larson – Cinayət qanunvericiliyi kursu, Lyan Luker – Vəkillik kursu, Martin Devis – Dəniz hüququ kursu, Adam Babiç – Ətraf mühit hüququ kursu və Oliver Houk – Ekologiya hüququ üzrə magistratura proqramına dair nümayəndə heyəti qarşısında müxtəlif sahələri əhatə edən məruzələrlə çıxış ediblər. Mühazirələr zamanı müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb və həmin kurslar üzrə tədris proqramlarının BDU-nun hüquq fakültəsinin tədris yükündə tətbiq edilməsi imkanları müzakirə edilib.

BDU nümayəndə heyətinin növbəti görüsləri Luizianna ştatının Şərqi rayonu üzrə Dairə Məhkəməsində baş tutub. Görüşlərdə cinayət işləri üzrə hakim Helen Berigan, Şərqi rayonun baş prokuroru Cim Letten, Federal İctimai Müdafiəçi Vircinia Sçluter və cəzaların icası orqanının nümayəndəsi Kito Bess iştirak etmişlər. Onlar klinikada çalışan universitet tələbələrini işə cəlb etmə mexanizmlərini açıqlayıb və bunun faydasına müəyyən diqqət yetiriblər.

ABŞ-da universitetlərin hüquq fakültələrinin Amerika Vəkillər Assosiasiyasının akkreditasiyasından keçdiyini nəzərə alsaq, bu baxımdan BDU nümayəndə heyətinin növbəti görüşünü daha məqsədəmüvafiq hesab etmək olar. Amerika Vəkillər Assosiasiyasının üzvü olan Cons Volker hüquq firmasının ofisində baş tutan görüşdə hüquq şirkətinin fəaliyyəti ilə yaxından tanışlıq olub və şirkət hüquq fakültəsinin məzunları sırasından seçim aparma qaydalarını təqdim ediblər. Geniş təcrübəyə malik vəkillər qonaqlar qarşısında çıxış edib və verilən sualları cavablandırıblar.

Səfərdə Tuleyn Universitetinin hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən hüquq klinikasının fəaliyyəti ilə geniş tanışlığa xüsusi yer ayrılıb. Bu görüşdə Mülki qanunvericilik (Stasi Seysşnaydre), Ailə zorakılığı (Tania Tetlov) və Cinayət klinikalarının (Elen Forester) rəhbərlərinin çıxışlarında kliniki təcrübənin tədrisdə yeri və onun gələcək mütəxəssislərin yetişdirilməsində rolu xüsusi olaraq qeyd edilib. Qonaqlar hüquq klinikasını ziyarət edib və onun fəaliyyəti ilə yaxından tanış olublar. Klinikada çalışan tələbələrin təcrübəsinin öyrənilməsi üçün qonaqlar Orlean Rayon Cinayət Məhkəməsini də ziyarət ediblər. Burada təcrübə keçən tələbələrin çıxışları dinlənilib və görüşün nəticəsi olaraq qısa fikir mübadiləsi aparılıb.

Eyni zamanda Tuleyn Universitetində görüşlərin nəticəsi olaraq həmin universitetlə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub və tərəflər yaxın gələcəkdə bu məqsədin həyata keçirilməsi istiqamətində addım atacaqlarını müzakirə ediblər.

BDU nümayəndə heyətinin növbəti görüşləri Vaşinqton şəhərində baş tutub. İlk növbədə qonaqlar Amerikan Universitetinin Vaşinqton hüquq kollecinin Klinik Proqramlar üzrə direktoru, professor Brenda Smitlə görüşüblər. Daha sonra Vəkillik praktikası kursu üzrə rəhbər, professor Elizabet Boalsın mühazirəsi dinlənilib və müvafiq fikir mübadiləsi aparılıb. Qeyd etmək lazımdır ki, Vaşinqton hüquq kolleci 1896-cı ildən fəaliyyət göstərir və AVA akkreditasiyasından keçmiş təhsil ocağıdır. Hal-hazırda kollecdə 1200 şəxs müxtəlif dərəcələr üzrə təhsil almaqdadır. Vurğulamaq lazımdır ki, Vaşinqton hüquq kolleci nəzdində 10 sahə üzrə hüquq klinikası fəaliyyət göstərir.

Təcrübənin qiymətləndirilməsi məqsədilə Kolumbiya dairəsinin Ali Məhkəməsinə də səfər edilib və müxtəlif xarakterli cinayət işləri üzrə proseslər seyr edilib. Fikir mübadiləsi aparmaq üçün hakim Rassel Cananla da görüş olub və klinikada çalışan tələbələrin əməyindən məhkəmədə faydalanma üsulları müzakirə edilib.

Aztəminatlı əhalinin müdafiəsində mühüm yer tutan Federal İctimai Müdafiəçi İnstitutunun fəaliyyətinin öyrənilməsi də nümayəndə heyətinin əsas məqsədlərindən biri olub. Bu məqsədlə qonaqlar Virciniyanın Şərq Rayonu üzrə müvafiq qurumun fəaliyyəti ilə tanış olub, təcrübə keçən tələbələrin əməyindən istifadə ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qonaqlar qarşısında qeyd olunan qurum üzrə baş federal müdafiəçi Mixail Naxmanof geniş nitqlə çıxış edib və sualları cavablandırıblar.

Səfərdə baş vermiş bütün görüşlər zamanı təcrübəli professor-müəllim heyəti öz ABŞ həmkarlarına Heydər Əliyev Fondunun təqdim etdiyi Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini əks etdirən hədiyyələr və Qarabağla bağlı həqiqəti üzə çıxaracaq məlumatlar, o cümlədən BDU-nun, o cümlədən Hüquq fakültəsinin əsas məlumat bukletləri təqdim ediblər.

Qeyd etmək lazımdır ki, uğurla baş tutmuş səfər Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının (2.20 bəndi) həyata keçirilməsində öz töhfəsini verəcək. Belə ki, Milli Fəaliyyət Planında ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən “hüquq klinikaları”nın fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur, bu isə bu cür səfərlərin nə qədər faydalı olduğuna dəlalət edir. Odur ki, Bakı Dövlət Universiteti nəzdində 10 ildən artıq müddətdir ki mövcud olan hüquq klinikasının fəaliyyətinin genişlənməsinə böyük ehtiyac duyulur. Hüquq sahəsi üzrə təhsil alan tələbələrin geniş təcrübəyə malik olan vəkillərin rəhbərliyi altında kliniki təcrübədən faydalanmaları onların əməyindən gələcəkdə daha əlverişli istifadəsini təmin edir. Bu fikrin dəstəklənməsində Azərbaycan Respublikasının müvafiq qurumları öz imkanlarından istifadəyə tələbələr üçün şərait yaratmalı və dəstək olmalıdırlar.

Bundan əlavə, səfər zamanı əldə olmuş məlumat və biliklər ölkəmiz üçün vacib sahələrdən olan dəniz və enerji hüququnun inkişafına təkan verəcək və bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına zəmin yaradacaq. Yekun olaraq qeyd etmək lazımdır ki, hüquq sferasında yeni sahələrin açılması zamanın tələbidir. Belə ki, Avropanın enerji təhlükəsizliyində respublikamızın mühüm yer tutması və Xəzər dənizində aparılan işlər və həyata keçirilən daşımalardan daha da əlverişli faydalanmanı bu sahələrdə dövlətimizi təmsil edə biləcək yüksək səviyyəli mütəxəssislərsiz təsəvvür etmək mümkün deyil. Bütün bunlar hüquq təhsilində yeni inkişaf mərhələsinin açılmasını qaçılmaz etmişdir.

Mətbuat və Informasiya şöbəsi, 19 aprel 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024