Hər iki cəbhənin qalibi - Azərbaycan!

10/01/2021

Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: "XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır”. COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraiti köklü şəkildə dəyişə bilmişdir. Bu virus təhsilin özü üçün ciddi bir sınaq oldu, üstəlik də XXI əsr insanının texnoloji biliklərini imtahana çəkdi. Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında atılmış qərarlar qəbul edilərək virusun geniş yayılmasının qarşısı alınmaqla yanaşı, həm də bütün sahələrdəki iş mexanizminin daimi işləkliyi təmin olunmuşdur.

Bildiyimiz kimi, yola sadığımız 2020-ci ilin martın 3-dən bütün təhsil müəssisələrində tədris mərhələlərlə dayandırıldı. Bütün bunlara rəğmən təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı, təxirəsalınmaz işlər görüldü. Bütün təhsil ictimaiyyəti, o cümlədən Bakı Dövlət Universiteti (BDU) də yaranmış şəraitlə əlaqədar olaraq məsafədən təhsilin tətbiqi yolunu seçərək öz köklü təhsil ənənəsini günün tələbinə və diqtəsinə uyğun şəkildə və yüksək səviyyədə icra etməkdədir.

Baş verən dəyişikliklərə, yəni məsafədən tədris metoduna keçidə anında adekvat reaksiya verən Bakı Dövlət Universitetinin rəhbərliyi ilk günlərdən etibarən tələbəyönümlü qərarlarla çıxış etmiş, tələbələrə dəstək göstərmişlər. Bu müvəqqəti çətinlik professor-müəllim-tələbə birliyinin işinə kölgə sala bilməmiş, əksinə, çoxminli universitet kollektivinin daha sıx birləşməsinə və yaranmış vəziyyətdən doğru şəkildə istifadə etməyə gətirib çıxarmışdır.

Keçən ilin mart-aprel aylarından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Universitetimizdə dərslər və müxtəlif tipli tədbirlər “Microsoft Teams" proqramı əsasında keçirilir. Bu metod təhsilimiz üçün yeni olsa da, çox keçmədi ki, tələbələr onlayn təhsilin fəal iştirakçısına çevrilə bildilər. Bir tələbə olaraq onu da qeyd edim ki, ənənəvi təhsil ruhumuza çox yaxındır. Ancaq düşünək ki, ruh yaxınlığından əlavə də bir məsafə - yol uzaqlığı da var. Belə ki, onlayn tədris nəticəsində rayonlarda yaşayan tələbələr üçün bu təhsil növü yol qət etmədən dərsə qoşulmalarını daha "əlçatan" etdi. Rayon deyəndə ilk ağlımıza internet sürətinin azlığı-çoxluğu dilemması qarşısında beynimizdə sorğu-sual aparırıq. Bu mənada da universitetimizin yenə də tələbələrin yanında olmuş, onların çətinliklərinə dəstək göstərmişlər. Bu mənada ən böyük sevindirici hal ondan ibarətdir ki, tələbələrin hansı çətinliyi olursa-olsun universitet rəhbərliyindən tutmuş sıravi işçisinə qədər hər kəs həmişə tələbələrə diqqət, qayğı göstərir.

Bakı Dövlət Universiteti öz işini əməkdaşların və tələbələrin evdə qalması şərtləri əsasında qurmasına baxmayaraq, ancaq təhsil fəaliyyətində heç bir axsaqlıq hiss olunmadı. Əksinə deməliyik ki, keçən ilin dərs yarısından koranavirus səbəbilə tələbələrə göstərilən qayğı və güzəştlər hələ də davam edir.

2020-ci il 44 günlük Vətən müharibəsi zamanı dərslərdə fasilə yaransa da, ancaq sonda Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində parlaq qələbəsi demək olar ki, bütün çətinlikləri unutdurdu. Bu müqəddəs savaşımızda Bakı Dövlət Universitetinin şəhid, qazi olan tələbə və məzunları da oldu. Bu həssas günlərdə universitetimizin Mətbuat Xidməti də milli ruhlu yazılarla, fəaliyyətlərlə gecə-gündüz demədən arxa cəbhədə sözün əsl mənasında vuruşdu. Bu zaman kəsiyində daima professor-müəllim heyəti ilə virtual əlaqə saxlayırdıq. Onlayn dərslərin bərpasından sonra isə dərslər öz axarına düşdü.

Bakı Dövlət Universitetinin yenə də öz humanist, nəcib yanaşması: onlayn dərslərin təşkilində yaranmış texniki problemləri; cəbhə bölgəsində yaşayan tələbələri; habelə onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri belə nəzərə alaraq onlara edilən güzəştlərdə özünü göstərdi. Tələbə güzəştlərinə: tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılmasını; bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün balların verilməsini; bütün fənnlər üzrə imtahan suallarının fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30% azaldılmasını da əlavə etmək mütləqdir. Ümumilikdə, isə bugünki günə qədər keçirilən onlayn dərslər demək olar ki, ənənəvi auditoriya dərslərindən heç də geri qalmadı. Yenə də tələbələr dərslərdə canfəşanlıq göstərir, ən fəal tələbələr isə öz ənənəsinə sadiq qalaraq dərslərin tempini professor-müəllimlərimizdən əxz etdiyi bilikləri ilə daha da yüksəldirdilər. Bir fərqli məqam da ondan ibarətdir ki, dərslərdən savayı "məsləhət saatları" da onlayn tədrisin ən maraqlı hissəsini təşkil etdi. Onlayn təhsil sistemi professor-müəllim-tələbə birliyinin vəhdətindən müasir forma alaraq, təhsilimizə yeni xarakteri ilə birlikdə maraqlı məqamlar da gətirmiş oldu.

Və sonda arzu edirəm ki, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun qüdrəti, xalqın birliyi ilə dəmir yumruq olub yağı düşmənimizi məhv etdiyimiz kimi, bu il gözəgörünməz düşmən koranavirusla da mübarizədə birlik göstərib bu bəlanı da tezliklə dəf edib, yenidən ənənəvi təhsil sisteminin xoşbəxtliyini, sevincini tələbə olaraq yaşayaq.

Əsgər İsmayılov,

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024