Həsən bəy Zərdabi və Milli Mətbuat Günü

22/07/2020

Tarix fakültəsinin tələbəsi olanda Zərdabini bizə tədris etmirdilər. Bizə elə gəlirdi ki, Zərdabi qəzet nəşr etdiyi üçün onu jurnalistika və filologiya fakültəsinin tələbələri öyrənməlidirlər. İllər ötdü. Universitetdə Tarixşünaslıq fənninin tədrisinə başladım. Çətinliklə də olsa, fənnin proqramında dəyişiklik edə bildim. Sovet tarixşünaslığından dörd mühazirəni kəsib Azərbaycan tarixşünaslığına verdik. İlk mühazirə Abbasqulu ağa Bakıxanov və onun “Gülüstani-İrəm” əsərinə həsr olundu. Hiss elədim ki, tələbələr mühazirədən razı qaldılar. Ürəyimdə mərhum filosof,  professor Ənvər Əhmədova dualar etdim. İki il onun yanında olmasaydım və əsərlərini oxumasaydım, Bakıxanovu bu dərəcədə tanıya bilməzdim. Professor Ənvər Əhmədov sovet dönəmində Bakıxanovu bizə dürüst və sağlam düşüncə ilə təqdim edən ilk tədqiqatçımızdır.

İkinci mühazirəni Azərbaycan maarifçi-demokratların nümayəndəsi Axundzadəyə həsr etdim. Mühazirənin ən maraqlı yeri XVIII əsr fransız maarifçiləri ilə Mirzə Fətəlinin müqayisəsi oldu. Dərs ilinin birinci semestrini Azərbaycan tarixşünaslığına həsr olunan iki mühazirə ilə başa vurdum.

Dərs ilinin ikinci semestrinin başlanmasına iki ay qalırdı. Üçüncü mühazirənin kimə həsr olunması ilə bağlı tərəddüdlərim var idi. XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərinin görkəmli tədqiqatçısı, professor Xeyrulla Məmmədovdan məsləhət istədim. Çox sərt şəkildə: “Azərbaycan tarixində və ədəbiyyatında Həsən bəydən uca zirvə yoxdur. Biz ədəbiyyatçıları məcbur ediblər ki, onun bütün fəaliyyətini “Əkinçi” qəzeti ilə məhdudlaşdıraq. Siz tarixçilər də Zərdabidən qaçırsınız. Əslində Həsən bəy ədəbiyyatçılardan daha çox tarixçilərin tədqiqat mövzusudur.” Beləliklə, Həsən bəy Zərdabinin tədqiqinə başladım. Həsən bəyi öyrəndikcə onunla fəxr edir, digər tərəfdən təəssüf edirdim ki, bu böyük dahi diqqətdən kənarda qalıb.

Həsən bəyi öyrəndikcə tələbələrimə aşağıdakıları çatdırırdım:

Azərbaycanda milli azadlıq hərəkatının ilk qaranquşu Həsən bəy olub.
Böyük rus tarixçisi Solovyov Moskva Dövlət Universitetinin rektoru olanda Həsən bəy də həmin Ali məktəbin tələbəsi idi. Tarixdə çox az tələbəyə nəsib olur ki, rektor tələbəsindən nəyi isə öyrənsin. Solovyov Şərqlə, o cümlədən, İslamla bağlı bilmək istədiklərini Həsən bəydən soruşurdu. Üstəlik boyük rus tarixçisinin qızı da Həsən bəyə vurulmuşdu. İllər ötəcək, Həsən bəy nəcabətli Hənifə xanımla ailə quracaq, günlərin birində Hənifə xanım soruşacaq, bəy, niyə rektorun qızı ilə evlənmədin? Bəyin cavabı təqribən belə olacaq: Mən xristian qızı ilə evlənsəydim xalqım məni başa düşməzdi. Xalqıma xidmət etmək üçün Vətənimdə olmalıydım.

Həsən bəy dindar idi. Sovet dönəminin materialist ideologiyası Həsən bəyi heç vaxt təbliğ etməzdi və etmədi də. Amma Zərdabidən imtina da edə bilmədi. Ona görə bu dahi şəxsiyyətin fəaliyyətini 56 sayı işıq üzü görən “Əkinçi” ilə məhdudlaşdırdı.
Həsən bəy nadir şəxsiyyətlərdəndir ki, heç bir çar məmurunun qabağında əyilmədi, kimdən nə isə ummadı. Tiflis torpaq palatasının işçisi, Bakı quberniya idarəsində və Qubada dairə məhkəməsinin katibi olanda şəxsiyyətini aşağılamamaq üçün işdən çıxmaq haqqında ərizəyə üstünlük verdi. Qubada gecə yarısı bir namərdin atdığı güllə mərdlik etdi. Güllə Həsən bəyin başından bir az yuxarı divara dəydi.
Həsən bəy Azərbaycanda milli şüurun və vətənpərvərlik hissinin təbliğində əvəzsiz xidməti olan şəxsiyyətdir. Qoca Axundzadə rus-tatar məktəbi deyəndə, gənc Həsən bəy türk-tatar məktəbi istəyirdi.

Həsən bəy bütün ömrü boyü xalqının maariflənməsi üçün mücadilə edib.
Həsən bəy müsəlman şagirdləri üçün yardım cəmiyyəti təsis etdi. Azərbaycanın qəzalarını dolaşaraq şagirdlərin təhsil alması üçün pul topladı. Heç kimin edə bilməyəcəyini etdi  -mənzilində pansionat açdı, azərbaycanlı uşaqlara bu pansionatda dərs keçir, onların dəftər-qələmini alır, hətta geyiminə də köməklik göstərirdi. Fransalı jurnalistin yazdığı kimi, gözümlə gördüyümü yazsam belə, mənə inanmazlar, çünki Həsən bəyin və həyat yoldaşının elədiklərini heç bir avropalı etmir və edə bilmir.

Həsən bəy böyük şəxsiyyət olub. XIX-XX əsrin əvvəllərində Milləti üçün etdiklərini ortaya qoyanda onunla müqayisə oluna biləcək kimsə yoxdur.
“Əkinçi” haqqında kifayət qədər yazılıb. Sovet dönəmində həm qəzetdən, həm də müəlifdən xəsisliklə yazırdılar. Hələ onu demirəm ki, çoxları düzgün yazılmayıb.
Əkinçi 1875-ci il iyulun 22-də həyata vəsiqə aldı, 1877-ci il sentyabrın 29-da isə nəşri dayandırıldı. Həsən bəy qəzetin nəşrinə başlamaq üçün nə qədər qapılar döydü, çar məmurlarının və erməni düşmənçiliyinin müqaviməti ilə qarşılaşdı. Amma əyilmədi, yolundan dönmədi. Qəzetin cəmi 56 sayı işıq üzü gördü. Həsən bəy qəzet bağlananda məyus olsa da yay oxundan çıxmışdı. Cənubi Qafqazda sayca hamıdan çox olan azərbaycanlıların imzası da “Əkinçi”nin timsalında göründü. Həsən bəy Rus-Osmanlı müharibəsinə münasibətdə rus təəbəsi sayılsa da, Osmanlı tərəfini müdafiə etdi.
Ermənilərin torpaq iddiarına qarşı ilk etirazlar “Əkinçi”də yer alıb. Bu kəskin yazıların müəllifi Həsən bəy Zərdabi idi.

“Əkinçi”ni bağlamaq üçün ermənilər Bakıya yeni təyin olunan qubernatordan məharətlə istifadə etdilər. Erməni millətçi dairələri Həsən bəyi Bakıdan uzaqlaşdırmaq üçün hər cür sövdələşməyə getdilər. Həsən bəy Bakı gimnaziya müəllimliyindən istefa verməyə məcbur edildi, amma təklif olunan Stavropola getmədi. Düz 16 il doğulduğu Zərdabda yaşadı.

Həsən bəy 1907-ci noyabrın 28-də 70 yaşında vəfat etdi. Bakı öz tarixində ilk dəfə Həsən bəyi son mənzilə yola salmaq üçün insan selinin şahidi oldu. Azərbaycanda bütün xalqın sevgisini qazanan ilk şəxs Həsən bəy Zərdabi olmuşdur.
Bir tərəfdən dünyanı bürüyən COVID -19, bir tərəfdən də Tovuz istiqamətində düşmənlə ağır döyüşlərdə verdiyimiz şəhidlər 22 iyulla bağlı ürək qızdıran yazı yazmağıma imkan vermədi.
Əslində, Həsən bəy Azərbaycan uğrunda şəhid olanların birincisidir. Onun arzuladığı müstəqil dövlət 23 ay şərəflə yaşadı, amma yağı düşmən güclü çıxdı. 70 illik sovet dönəmində meydan “Pravda” və digərlərinin idi, ”Əkinçi”yə yer yox idi.
Yenidən müstəqiliyə qovuşmağımız bizə Milli Mətbuat Gününü bəxş etdi. Yəni Həsən bəyi bizə qaytardı. Qayıtdığın gün mübarək olsun, Ustadımız, Həsən bəy Zərdabi.

 

Anar İsgəndərov,

Milli Məclisin deputatı,

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri

tarix elmləri doktoru, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024