Həsən Əliyevin 105 illiyinə həsr olunmuş konfrans keçirilib

07/11/2012

Bu gün Bakı Dölət Uniıersitetində akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş «Ekologiya: təbiət və cəmiyyət problemləri» adlı II Beynəlxalq konfrans keçirilib. Konfransı açan universitetin rektoru, akademik Abel Məhərrəmov akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb. Deyib ki, akademik təkcə Azərbaycan torpaqlarını öyrənməklə kifayətlənməmişdir. O, Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil etmişdir. Həsən müəllimin bir tədqiqatçı kimi özünəməxsusluğu ondan ibarət idi ki, o elmi tədqiqatların nəticələrini həyata tətbiq etməyə çalışırdı. Məhz ona görə də torpaqlara, meşələrə, əkinçiliyə və s. dair nəticələri ümumiləşdirir, rayonlaşdırır və xəritələşdirirdi. Son nəticədə onların əsasında ərazilərin inkişaf problemlərinə dair təkliflər verirdi. Həmin təkliflər bu gün də öz dəyərini və aktuallığını saxlayır. Məsələn, təkcə Lənkəran-Astara zonasında  190 min ha sahə tədqiq edilmiş, həmin rayonlarda çayçılığı inkişaf etdirmək üçün xüsusi məktubla Kənd Təsərrüfatı Nazirliyinə  və Meşəçilik komitəsinə müraciət etmişdir. Akademik təbiəti və ətraf mühiti mühafizə sahəsində geniş miqyaslı əməli tədbirlər planı hazırlanmasına və həyata tətbiqinə nail olmuşdu.

Abel Məhərrəmov bildirib ki, Həsən Əliyev elmi və ictimai fəaliyyəti ilə hələ 1960-cı illərdə xarici ölkələrdə geniş tanınmağa başlamışdır. Bu sahədə fəaliyyətini üç istiqamətdə aparırdı -  Əsərlərinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə çap edilməsi ilə, Azərbaycanda onun təşəbbüsü və rəhbərliyi ilə elmi konfranslar və beynəlxalq simpoziumlar  keçirilməsi ilə, Xarici ölkələrdə torpaqların coğrafiyasına, meşələrin inkişafının elmi əsaslarına, ekologiyanın bir çox problemlərinə dair maraqlı mühazirələr oxuması ilə. Rektor bildirib ki, Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Vavilov adına medala da layiq görülən Həsən Əliyevin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olmuşdur. İnanıram ki, bu gün keçirdiyimiz beynəlxalq elmi konfrans bu böyük şəxsiyyətin ruhu qarşısında icra edə bildiyimiz  mənəvi borclardan biridir. Onun Azərbaycan  təbiətindən daim narahat olan ulu ruhu əmin olmalıdır ki, qoyduğu irs, yaratdığı elmi məktəb uğurla davam etdirilir. Bu gün onun tələbələri və aspirantları, kitablarından təbiəti, xalqı sevməyi öyrənən  minlərlə insan ildən-ilə çiçəklənən, inkişaf edən ölkəmizdə ekoloji mühitin saflaşdırılması, gələcək nəsillərə daha yaxşı  vəziyyətdə çatdırılması üçün Həsən Əliyev ənənələrini davam etdirmək əzmindədirlər. Həmin ənənələrin davamı olan bu konfransda ekologiyanın ən müxtəlif sahələrinə dair elmi konsepsiyaların müzakirə olunmasına və gələcəkdə onların  tətbiqinə əmin olaraq konfransın işinə uğurlar arzulayıram.

Sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Şövqi Göyçaylı çıxış edib. O, Həsən Əliyevin görkəmli alim, elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətindən danışıb. Ş.Göyçaylı Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisinin  Həsən Əliyev olduğuna, həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxuduğuna da diqqət çəkib.

Sonra Dövlət Topaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU-nun kafedra müdiri Qərib Məmmədov, AMEA-nın şöbə müdiri İsmayıl Quliyev və ailə adından BDU-nun kafedra müdiri, professor Sevinc Hacıyeva çıxış ediblər.

2 gün davam edəcək konfransda 5 bölmə üzrə 400-ə yaxın məruzə dinləniləcək. «Ekoloji kimya və ətraf mühit» adlı bölmənin sədri, professor Sevinc Hacıyeva, «Ekoloji coğrafiya və ətraf mühit» adlı bölmənin sədri, professor Şövqi Göyçaylı, «Ekoloji biologiya və ətraf mühit» adlı bölmənin sədri, professor Nərminə Sadıqova və «Torpaqların ekologiyası» adlı bölmənin sədri, akdemik Qərib Məmmədov, “Cəmiyyət və ekoloji problemlər” adlı bölmənin sədri, dosent Abuyəli Hüseynlidir.

Mətbuat və İnformasiya şöbəsi, 07 noyabr 2012-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024