Həsrət uzandıqca vüsal daha şirin olur...

06/10/2020

Həsrət - bir şeyi və ya birini yenidən görmək, qovuşmaq arzusudur. Yaxın adamından, sevdiyindən ayrılmaq da həsrət sayılır. Amma bir nisgil var ki, bütün bunların fövqündə durur. O torpaq nisgili, vətən həsrətidir. Təəssüf ki, Azərbaycan xalqının taleyinə yurd həsrəti, vətəndə vətənsizlik dərdi ilə yaşamaq da yazılıbmış. 
Mən Azərbaycanımızın İsmayıllı rayonunda anadan olmuşam. Uşaqlığım oranın saf suyu və təmiz hava ilə zəngin dağlarında, dərələrində, çəmənlərində keçib. Bircə il rayonumuza gedə bilməyəndə o yerlər üçün burnunun ucu göynəyib. Doğma yurd-yuvalarından didərgin düşən, illərdir vətən həsrətilə yaşayan soydaşlarımızı bu mənada çox gözəl anlaya bilirəm. Özümü onların yerində təsəvvür edirəm: doğulduğun evə, böyüdüyün, sinəsində boy atdığın, havasını udub, suyunu içdiyin kənd-kəsəyə həsrət qalmağın nə qədər çətin, dözülməz olduğunu təsəvvür edirəm. 30 ilə yaxındır ki, bir milyondan çox həmvətənimiz bu duyğular ilə, ürəklərində torpaq nisgili ilə yaşayıblar. Amma onlar heç zaman ümidlərini itirməyiblər. İnanıblar və inanmışıq ki, dövlətimizin bu yöndə apardığı məqsədyönlü siyasət nəticəsində bir gün vətəndə vətənsizlik dərdi tarixə qovuşacaq.
Həsrət nə qədər uzun olsa da, vüsal dəmi də o qədər şirin olur... Hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu dəyişilməz həqiqətdir. Biz də hər zaman ümid və səbirlə bu həqiqətin təcəlli edəcəyi günü gözləmişik. Nəhayət, belə bir səhər 2020-ci ilin sentyabrın 27-də açıldı. Artıq çoxdan intizarında olduğumuz məqam yetişdi. Mənfur düşmənlərimizin təxribatlarına cavab olaraq Ali Baş Komandan ordumuza əks-hücuma keçməklə bağlı əmr verdi. Qısa müddətdə layiqli cavab alan erməni terrorçuları ordumuzun və dövlətimizin nəyə qadir olduğunu gördü. 
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başalayan təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasını bütün Azərbaycan xalqı çoxdan gözləyirdi. Ermənistanın növbəti təxribatının qarşısını alan qüdrətli Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması ölkə ictimaiyyətinin böyük sevincinə səbəb olub.  Bir həftədən çoxdur hər səhər çalışdığım doğma Universitetə gələndə hər kəsin gözündən, üzündən sevinc, dilindən dua yağır. Əməkdaşlar bir-birini təbrik edir, gənclər artıq Füzulidə, Cəbrayılda, Ağdərədə, Kəlbəcərdə dalğalanan, yaxın günlərdə isə Şuşada, Laçında, Xankəndində, Xocalıda, Xocavənddə, Ağdamda, Qubadlıda, Zəngilanda dalğalanacaq bayraqları Universitetin divarlarından asıblar. Doğma Universitetimin rektorundan tələbəsinə qədər hər kəs sevinclidir, qürurludur. Hamı bir nəfər kimi Ali Baş Komandanımızın - cənab Prezidentimiz İlham Əliyevin, qüdrətli ordumuzun yanında olduğunu ifadə edir. Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Cəbhədə yaşananlar, Şanlı Ordumuzun düşmənə göz açdırmaması bizə ümid və əminlik verir ki, tezliklə torpaq, yurd nisgili yaşayan həmvətənlərimiz də öz doğma evlərinə, obalarına qayıdacaqlar. Buna qətiyyən şübhəmiz yoxdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı erməni qəsbkarlarını o müqəddəs yurd yerlərimizdən çıxarıb, onu həqiqi sahiblərinə təhvil verəcəkdir. Bu ali, bu müqəddəs işdə uca Allah Şanlı Ordumuzu müzəffər etsin, xalqımızı sevinclərin ən alisi ilə sevindirsin!


http://rupor.az/cemiyyet/6362

Samir Xalidoğlu (Mirzəyev)
BDU, Jurnalistika fakültəsinin Sosial məsələlər və 
tələbələrlə iş üzrə dekan müavini

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024